Politoloq: Bunun nəticəsində müharibə riski kəskin azalacaq
Azərbaycan və Amerika Birləşmiş Ştatları (ABŞ) Zəngəzur dəhlizi ilə bağlı iki ölkə arasında əməkdaşlıq məsələlərini müzakirə edib.
Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkə hesabında bildirib.
"ABŞ-nin müvəqqəti işlər vəkili Emi Karlon və ABŞ Dövlət Departamentinin Siyasətin Planlaşdırılması Ofisinin baş müşaviri Conatan Askonas ilə görüşdük. Orta Dəhlizin inkişafı üçün Azərbaycan tərəfindən görülmüş işlər barədə məlumat verdik. Eyni zamanda kibertəhlükəsizlik və süni intellekt sahələri üzrə tərəfdaşlığa dair fikir mübadiləsi apardıq",- deyə nazir qeyd edib.
Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan-ABŞ əməkdaşlığının Azərbaycan üçün strateji əhəmiyyəti ilə bağlı politoloq Vaqif Hüseyn
Crossmedia.az-a açıqlama verib.
O, bu əməkdaşlığın yalnız ölkəmiz üçün deyil, bütün region üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb:
"Bu əməkdaşlıq nəinki Azərbaycan, həm də bütün region üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycan və Ermənistan artıq bununla bağlı öz xarici siyasətlərini formalaşdırmağa başlayıblar. Həmçinin Azərbaycan Prezidenti Özbəkistana, Ermənistanın baş naziri Nikol Paşinyan isə Qazaxıstana səfər edib. Artıq hər kəs Zəngəzur dəhlizinin imkanlarından faydalanmağa çalışır.
Bu dəhliz region üçün yeni yol, yeni nəfəsdir. Əsas məsələ ondan ibarətdir ki, bu layihə təkcə iqtisadi fayda gətirməsin, həm də bölgədə sülhün və təhlükəsizliyin təmin edilməsinə öz töhfəsini versin. Nə qədər çox dövlət bu prosesə cəlb olunsa, nə qədər çox investisiya və sərmayə bölgəyə axsa, bölgədə münaqişə riskləri bir o qədər azalacaq. Çünki dövlətlər münasibətlərini siyasi revanşizm üzərində deyil, gələcəyə yönəlik iqtisadi rifahın artırılması və qarşılıqlı fayda prinsipi üzərində qurarlarsa, bu, çox böyük strateji layihəyə çevriləcək. Bunun nəticəsində müharibə riski də kəskin şəkildə azalacaq.
Ona görə də təəccüblənməməliyik ki, Azərbaycanla yanaşı, region ölkələri və xüsusilə xarici sərmayə deyildikdə ilk növbədə Qərbin ən böyük dövləti — ABŞ yada düşür. Bu əlaqələrin inkişafı tamamilə təbiidir".
Gülbəniz Bayramova
17:00 21.11.2025
Oxunuş sayı: 5578