"Filan generalın adamı..." - Açıqlama
Azərbaycan və Türkiyə arasında hərbi təhsil sahəsində davam edən əməkdaşlıq iki qardaş ölkə arasında möhkəm strateji müttəfiqliyin əsas istiqamətlərindən biri kimi dəyərləndirilir. Müdafiə qurumları arasında keçirilən qarşılıqlı səfərlər, təcrübə mübadiləsi və tədris proqramlarının uyğunlaşdırılması regional təhlükəsizliyin möhkəmləndirilməsinə və hərbi kadr hazırlığının keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verir. Son günlər Türkiyə Milli Müdafiə Universiteti nümayəndə heyətinin Azərbaycana səfəri isə bu istiqamətdə atılan ardıcıl addımların yeni mərhələsi kimi qiymətləndirilir. Görüş çərçivəsində iki ölkə arasında dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin hərbi təhsil sahəsinə təsirləri xüsusi vurğulanıb, təlim və tədrisin daha da təkmilləşdirilməsi ilə bağlı geniş müzakirələr aparılıb. Bu proses, eyni zamanda, Azərbaycan–Türkiyə strateji əməkdaşlığının davamlı şəkildə gücləndiyini bir daha təsdiqləyir.
Mövzu barədə Crossmedia.az-a danışan hərbi ekspert İbrahim Rüstəmli bildirib ki, Azərbaycanla Türkiyə arasında strateji müttəfiqlik təkcə siyasi və iqtisadi deyil, həm də dərin mənəvi dayaqlara söykənir. Ekspertin sözlərinə görə, bu iki qardaş xalqı birləşdirən tellər tarixdən gələn gerçəkliklərlə möhkəmlənib və bu bağlılıq hərbi əməkdaşlıqda da özünü aydın göstərir:
"Azərbaycan müstəqillik qazandıqdan sonra öz Silahlı Qüvvələrinin formalaşdırılması üçün böyük enerji və resurs sərf edib. Lakin əgər bu gün Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü və ən mütəşəkkil ordusu kimi tanınırsa, bunun arxasında Türkiyə Cümhuriyyətinin və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğanın böyük rolu dayanır. 90-cı illərlə müqayisədə indi vəziyyət tam fərqlidir. O zaman əlaqələr olsa da, siyasi səviyyədə dəstək bu günkü qədər güclü deyildi".
İ.Rüstəmli vurğulayıb ki, Azərbaycanın beynəlxalq əlaqələri genişləndikcə ordunun da hərbi əməkdaşlıq xətti paralel şəkildə inkişaf edir:
"Bu gün ordumuz dünyanın 30-dan çox ölkəsi ilə çoxtərəfli hərbi münasibətlər qurub. Mən özüm də xidmət illərində Polşa, Almaniya, Türkiyə kimi ölkələrdə təlimlərdə iştirak etmişəm və deyə bilərəm ki, bu kurslar yüksək peşəkarlıq səviyyəsində keçirilirdi. Amma yenə də ordumuzun xüsusilə təhsil sisteminin modernləşməsində Türkiyənin rolu əvəzsizdir".
Ekspert qeyd edib ki, Türkiyənin ordu quruculuğu sahəsindəki zəngin təcrübəsi Azərbaycan üçün ikiqat dəyər kəsb edir:
"Türkiyə də bizim kimi ordusunu döyüş şəraitində formalaşdıran dövlətdir. Belə ordular hər zaman daha güclü praktiki təcrübəyə sahib olur. Türkiyə Cümhuriyyətinin keçdiyi tarixi yol, apardığı əməliyyatlar və müharibələr onların bu sahədə qazandıqları bilikləri daha etibarlı edir. Bu təcrübənin Azərbaycan ordusuna transferi isə bizim üçün böyük üstünlükdür".
Hərbi ekspert, həmçinin təhsil sistemində aparılan islahatların vacibliyini vurğulayıb:
"Türkiyə modelinin tətbiqi ilk növbədə şəffaflığı təmin edəcək. Artıq "filan generalın adamı", "filan polkovnikin qohumu" kimi hallar sıfıra enməlidir. Tələb həm kursantdan, həm müəllimdən daha ciddi şəkildə tələb olunacaq. Müəllim yetişdirdiyi kadra görə məsuliyyətini dərk edəcək, kursant isə məktəb və müəllimlə yanaşı, dövlət və xalq qarşısında məsuliyyət daşıdığını anlayacaq".
Müsahibimiz bildirib ki, Türkiyənin müharibə və antiterror əməliyyatları sahəsində qazandığı təcrübənin Azərbaycana ötürülməsi peşəkar hərbçilərin yetişdirilməsində yeni mərhələ yaradacaq. Bu prosesin əhəmiyyətini izah edən ekspert bildirir:
"Əsas məqsəd hər kursantı ən yaxşı olduğu sahədə ixtisaslaşdırmaqdır. Yəni güclü tərəflərin inkişafına daha çox fokuslanmaq lazımdır. Bu metod daha peşəkar və daha effektiv kadrların formalaşmasına xidmət edir. Türkiyənin hərbi təhsil sahəsində Azərbaycana verdiyi dəstək strateji əməkdaşlığın mühüm göstəricisidir. Bu gün Azərbaycan ordusunun təhsil sistemində atılan addımlar ölkəmizin müdafiə qabiliyyətini daha da möhkəmləndirəcək. Qardaş Türkiyə Cümhuriyyətinin göstərdiyi təmənnasız dəstəyə görə minnətdarıq. Dünyada siyasətdə təmənnasızlıq nadir hallarda görülür, amma Azərbaycan üçün ən səmimi, ən dəstəkçi ölkə məhz Türkiyədir".
Mehriban Yariyeva
16:45 21.11.2025
Oxunuş sayı: 4015