Tokayevdən Azərbaycan liderinə təşəkkür
Qazaxıstan Prezidenti Kasım-Comart Tokayev Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü zamanı Azərbaycan liderinə təşəkkürünü ifadə edib. O, Azərbaycanın sanksiyaları aradan qaldırmaq və iki ölkə arasında birbaşa ticarət üçün şərait yaratmaq qərarını yüksək qiymətləndirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Tokayev bu barədə bildirib:
"Azərbaycan liderinə sanksiyaların aradan qaldırılması və ölkəsinin ərazisi vasitəsilə birbaşa ikitərəfli ticarət üçün şərait yaradıldığına görə təşəkkürümü bildirirəm. Belə ki, cari ilin noyabr ayında Azərbaycan ərazisi vasitəsilə Ermənistana Qazaxıstanın min ton buğda partiyası çatdırılıb. Bu təşəbbüs xüsusi siyasi və iqtisadi əhəmiyyət kəsb edir. Qazaxıstan hazırda yüksək keyfiyyətli taxıl məhsullarını və digər malları Ermənistana müntəzəm olaraq çatdırmağa hazırdır. Biz bu istiqamətin daha da inkişafı üçün bütün zəruri tədbirləri görməyə razılaşdıq. Prioritetlərdən biri iki ölkə arasında birbaşa hava əlaqələrinin açılması və hava yükdaşımasının təşkili olacaq. Bu sahədə artıq konkret planlar mövcuddur və tərəflər yaxın zamanda onların həyata keçirilməsinə başlayacaqlar".
Tokayev həmçinin vurğulayıb ki, Qazaxıstan "TRIPP – Beynəlxalq sülh və tərəqqi marşrutu" layihəsində iştirak etməkdə maraqlıdır.
Nigar Yahyazadə
14:50 21.11.2025
Oxunuş sayı: 4377