Ukraynanın 2026-cı ildə xarici maliyyələşməyə ehtiyacı 71 milyard avrodan çox olacaq
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin 17 noyabr tarixində Aİ ölkələrinin liderlərinə ünvanladığı məktubda mövzuyla bağlı qeyd olunub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
"Müharibənin maliyyələşdirilməsi ilə bağlı yaranan çatışmazlıq kifayət qədər böyükdür. Beynəlxalq Valyuta Fondunun ilkin proqnozlarına əsasən, müharibə 2026-cı ilin sonunda başa çatacağı təqdirdə və Aİ-nin, üzv dövlətlərin və beynəlxalq tərəfdaşların verdiyi bütün vədlər nəzərə alınsa belə, Ukrayna yenə də böyük bir maliyyə çatışmazlığı ilə üzləşəcək. Bu çatışmazlığı yeni maliyyə vəsaitləri olmadan aradan qaldırmaq mümkün deyil,” — deyə o bildirib.
Avropa Komissiyasının rəhbəri xatırladıb ki, 2025-ci ilin oktyabrında Avropa Şurası Ukraynanın 2026–2027-ci illər üzrə maliyyələşmə ilə bağlı “təcili ehtiyaclarının, o cümlədən hərbi və müdafiə səylərinin” təmin olunması öhdəliyini götürüb.
Avropa Komissiyasının hesablamalarına görə, Ukraynanın 2026-cı ildə xarici maliyyələşməyə ehtiyacı 71 milyard avrodan çox olacaq və bu məbləğin 51 milyard avrodan çoxu hərbi tələbatlara yönələcək. Aİ nümayəndələri bildirirlər ki, Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya maliyyə dəstəyi məqsədilə istifadə olunması məsələsi gündəmdə qalır və yekun qərar 2025-ci ilin dekabrında qəbul ediləcək.
Nigar Yahyazadə
17:51 17.11.2025
Oxunuş sayı: 1180