Paşinyan ABŞ nümayəndə heyəti ilə Azərbaycanla sülh məsələlərini müzakirə edib
Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Dövlət katibinin müavini Elison Hukerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Nikol Paşinyan ABŞ-nin və prezident Donald Trampın Azərbaycanla sülhün təmin olunmasında göstərdiyi şəxsi səyləri yüksək qiymətləndirib. Ermənistan baş naziri 8 avqustda Vaşinqtonda keçirilmiş sülh sammiti çərçivəsində əldə olunmuş razılaşmaların əhəmiyyətini qeyd edib və onların müəyyən edilmiş qrafikə uyğun şəkildə icrasının vacibliyini vurğulayıb.
Dövlət katibinin müavini bildirib ki, ABŞ və Ermənistan arasında davam edən əməkdaşlıq, eləcə də Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh sazişinin əldə olunması istiqamətində irəliləyiş və Türkiyə ilə münasibətlərin normallaşması, Cənubi Qafqazı həyati əhəmiyyət daşıyan ticarət marşrutuna çevirmək potensialına malikdir.
Görüş zamanı tərəflər Paşinyan və Tramp arasında əldə olunmuş razılaşmaların icrası, işçi qrupların fəaliyyəti, TRIPP (“Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu”) layihəsinin həyata keçirilməsi və qarşıdakı proqramlarla bağlı məsələləri müzakirə ediblər.
Nigar Yahyazadə
17:45 17.11.2025
Oxunuş sayı: 1126