Səfirliyimizin hədəf alınmasından sonra Azərbaycan Rusiyaya qarşı necə davranmalıdır?- Elə addımlar atmalıyıq ki…-
Son dövrlərdə regionda baş verən proseslər bir daha göstərir ki, beynəlxalq münasibətlərdə güc amili və geosiyasi rəqabət hələ də öz aktuallığını qoruyur. Xüsusilə də Rusiya ilə postsovet məkanı ölkələri arasında formalaşmış mürəkkəb tarixi münasibətlər çağdaş dövrdə yeni çalarlar alır. Müharibələr, təzyiqlər, diplomatik gərginliklər və qarşılıqlı siyasi iddialar fonunda hər bir dövlət öz təhlükəsizliyini təmin etmək, milli maraqlarını qorumaq üçün daha dəqiq, ölçülü və uzaqgörən siyasət yürütməyə məcburdur.
Bu gün regionda müşahidə edilən dinamik dəyişikliklər göstərir ki, böyük güclərin davranış trayektoriyası yalnız birbaşa hədəfə yönəlmir, əksinə, bütün yaxın ətrafda siyasi atmosferi dəyişdirmək gücünə malikdir. Bunun nəticəsi olaraq, postsovet ölkələri qarşısında həm ciddi çağırışlar, həm də yeni fürsətlər yaranır. Belə bir şəraitdə ölkəmizin atacağı hər addım strateji məna kəsb edir və düzgün qiymətləndirilməlidir.
Buna biz son misal kimi ötən günlərdə Rusiya tərəfinin Ukraynanın paytaxtı Kiyev şəhərini raket zərbəsinə tutan zaman Azərbaycanın Ukraynadakı səfirliyinədə zərbələr endirməsini qeyd edə bilərik. Məsələ ilə bağlı müxtəlif fikirlər səsləndirilir.
Mümkün ehtimallarla bağlı “Ümid” Partiyasının sədri İqbal Ağazadə Crossmedia.az-ın suallarını cavablandırıb:

— Rusiyanın son davranışlarını və postsovet məkanına yanaşmasını necə qiymətləndirirsiniz? Bu gərginliklərin təsadüfi olduğunu düşünürsünüzmü?
— Rusiyanın bugünkü davranışlarını təsadüfi saymaq düzgün olmaz. Təəssüf ki, Rusiya postsovet ölkələrinə qarşı hələ də vassal yanaşması sərgiləyir və onları öz təsiri altındakı subyektlər kimi görür. Bu səbəbdən həmin dövlətlərlə istədiyi tonda danışmaq və istədiyi formada davranış nümayiş etdirmək hüququna sahib olduğunu zənn edir. Mən baş verənləri bu kontekstdə qiymətləndirirəm və bunun yalnız Azərbaycana deyil, bütövlükdə postsovet məkanına yönəlmiş daha geniş siyasətin tərkib hissəsi olduğunu düşünürəm.
— Mövcud regional və qlobal qarşıdurmalar fonunda Azərbaycan hansı mövqeni tutmalı, hansı siyasəti yürütməlidir?
— Bu gün dünya keçid və gərginlik dövründən keçir, Rusiya isə faktiki olaraq Qərblə açıq qarşıdurma vəziyyətindədir və geri çəkilmək niyyətində olmadığını göstərir. Ukraynada hər gün ağır nəticələrə səbəb olan müharibəni davam etdirir və işğalçı siyasətini dərinləşdirir. Belə bir şəraitdə Azərbaycanın daha təmkinli, səbirli və ölçülü mövqe nümayiş etdirməsi vacibdir. Biz elə addımlar atmalıyıq ki, ölkəmizə qarşı açıq təzyiq və sərt siyasət üçün heç bir bəhanə yaranmasın. Çünki real beynəlxalq mexanizmlərin bu gün Rusiyanı dayandırmaq gücündə olmadığı görünür.
— Son hadisələr fonunda Azərbaycanın Rusiyaya qarşı diplomatik addımlarını necə qiymətləndirirsiniz və gələcəkdə hansı xətt izlənilməlidir?
— Azərbaycan öz prinsipial mövqeyini artıq ortaya qoyub: Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, xəbərdarlıq edilib və nota təqdim olunub. Bu, dövlətimizin həm suveren mövqeyini, həm də situasiyanı daha da gərginləşdirməmək üçün ölçülmüş diplomatik davranışını nümayiş etdirir. Hesab edirəm ki, bundan sonra da həm gücümüzü və siyasi mövqeyimizi qorumağı, həm də onları düzgün və çevik formada ifadə etməyi bacaran siyasət xətti davam etdirilməlidir. Bu yeni dövrün reallıqları belə yanaşmanı zəruri edir.
Elmir Heydərli
14:27 16.11.2025
Oxunuş sayı: 1762