Real təhlükə: Yer kürəsi ən azı 50 dəfə dağılıb toza çevrilə bilər
"Dünya iqtisadiyyatı və Azərbaycan"(Layihənin ideya müəllifi Rüfət Quliyevdir)
Müasir dünyada hərbi-siyasi qarşıdurmaların intensivləşməsi, geosiyasi maraqların toqquşması və regional müharibələrin artması nəticəsində qlobal təhlükəsizlik mühiti son onillikdə ciddi dəyişikliklərə məruz qalmışdır. Dünyanın demək olar ki, bütün böyük dövlətləri, həmçinin orta gücə malik ölkələr öz milli siyasətlərinin prioritet istiqaməti kimi hərbi gücün artırılmasını müəyyənləşdiriblər. Nəticədə XXI əsrin ilk rübündə bəşəriyyət iqtisadi və sosial inkişafdan daha çox silahlanma yarışına cəlb olunmuşdur.
Hazırda hərbi xərclərin miqyası o həddə çatıb ki, bu göstərici bir çox beynəlxalq təşkilatların və iqtisadi institutların hesabatlarında iqtisadi sabitlik üçün qlobal risk faktoru kimi qiymətləndirilir. Təkcə 2025-ci ilin ilkin məlumatlarına əsasən, dünya üzrə hərbi büdcələrin ümumi həcmi 3 trilyon dollardan çox olmuşdur. Bu, bəşəriyyətin elmə, təhsilə, səhiyyəyə və sosial inkişafa yönəldə biləcəyi vəsaitin əhəmiyyətli bir hissəsinin təhlükə və dağıntı potensialına malik sahəyə sərf edilməsi deməkdir.
Əgər soyuq müharibə dövründə silahlanma yarışının məqsədi qarşı tərəfi “təhlükəsizlik balansı” ilə saxlamaq idisə, bu gün vəziyyət xeyli fərqlidir. Müasir hərbi texnologiyaların sürətli inkişafı, süni intellekt və robotlaşdırılmış silah sistemlərinin döyüş sahəsində tətbiqi artıq yalnız müdafiə deyil, tam məhv etmə gücünə əsaslanan yeni nəsil strateji təhdidlər formalaşdırır. Bu tendensiya isə təkcə hərbi təhlükəsizlik deyil, həm də iqtisadi sabitlik, sosial rifah və qlobal ekoloji tarazlıq üçün ciddi təhlükə yaradır.
Digər tərəfdən, artan hərbi xərclər mülki sahələrdən və sosial proqramlardan maliyyə vəsaitlərinin çıxarılmasına səbəb olur. Nəticədə bir çox ölkələrdə təhsil, səhiyyə, sosial təminat və kənd təsərrüfatı kimi vacib sahələr ikinci plana keçir. Bu isə bəşəriyyətin sosial-iqtisadi inkişafını ləngidir, yoxsulluğun, işsizliyin və sosial bərabərsizliyin artmasına şərait yaradır.
Maraqlıdır ki, beynəlxalq ekspertlərin hesablamalarına görə, əgər dünyada hərbi xərclərin cəmi bir neçə faizi humanitar məqsədlərə yönəldilsə, aclıq, xəstəlik və savadsızlıq kimi qlobal problemlər qısa müddətdə aradan qaldırıla bilər. Lakin siyasi ambisiyalar, hegemonluq istəkləri və iqtisadi maraqlar bu reallığın həyata keçməsinə mane olur.
Belə bir şəraitdə hərbi xərclərin iqtisadiyyat, sosial rifah və beynəlxalq sabitlik üzərində yaratdığı təsirlərin araşdırılması təkcə elmi maraq kəsb etmir, həm də bəşəri gələcək üçün həyati əhəmiyyət daşıyır. Çünki müasir dünyada iqtisadi gücün hərbiləşməsi artıq sülhü deyil, qarşıdurmanı təmin edir; inkişafı deyil, dağıntını dərinləşdirir.
Məsələ ilə bağlı Milli Məclisin 4 çağırış deputatı (III, IV, V, VI) iqtisad elmləri doktoru, professor Rüfət Quliyev Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Bu gün dünya ölkələrinin hərbi xərcləri müxtəlif mənbələrdə fərqli göstərilsə də, ümumilikdə artıq 3 trilyon ABŞ dollarını keçmişdir. İki il öncəki statistika ilə müqayisədə bu, təxminən 10 faiz artım deməkdir. Bu artım tempi hətta İkinci Dünya müharibəsi dövründə müşahidə olunmamış, son beş ilin ən yüksək göstəricisinə çevrilib. Bu fakt onu göstərir ki, dünyanın əksər dövlətləri əldə etdikləri gəlirlərin böyük bir hissəsini hərbi-sənaye kompleksinin inkişafına yönəldirlər. Dəfələrlə qeyd etmişəm ki, bu gün dünyada mövcud olan hərbi sursatların cəmi 20 faizi belə birdəfəlik istifadə olunsa, yer kürəsi üçün fəlakətli nəticələr doğura bilər. Bu, fantastika deyil, real təhlükədir. Mövcud nüvə və kimyəvi arsenal zəncirvari şəkildə işə düşsə, Yer kürəsini ən azı 50 dağıdıb toza çevrilə bilər. Belə bir vəziyyətdə dünya liderləri düşünməlidirlər: bu planet məhv olarsa, bəşəriyyət harada yaşayacaq? Görünür, bu halda insanlıq başqa planetə köç etməli olacaq. Lakin bütün bu təhlükələrə baxmayaraq, dövlətlər güc nümayiş etdirmək məqsədilə hərbi xərcləri artırmaqda davam edirlər. Təbii ki, bunun acı nəticələrini sonda mülki əhali çəkəcək. Belə gedişlə Yer kürəsinin gələcək mövcudluğu artıq ciddi sual altına düşüb. Bir neçə gün öncə ABŞ rəhbəri Donald Tramp bəyan etmişdi ki, yalnız ABŞ-ın nüvə arsenalı Yer kürəsini 150 dəfə məhv etməyə kifayətdir. ABŞ-nin hərbi büdcəsi 1 trilyon dollara yaxınlaşır. Rusiyanın isə bununla bağlı "ölü əl" sistemi mövcuddur. Bu öz növbəsində o deməkdir ki, Rusiyaya qarşı nüvə silahı ilə zərbə endirilsə, avtomatik olaraq cavab zərbəsi endiriləcək. Bu zərbə qəti və tam avtomatlaşdırılmış şəkildə həyata keçiriləcək. Belə halın baş verməsi isə birmənalı şəkildə dünyanın sonu demək olardı. Hətta Rusiya lideri öz açıqlamasında əgər Rusiyaya zərbə endirələrsə və Rusiya olmazsa bütün dünya olmayacağınl qeyd etmişdir. Bu, olduqca ciddi bir nüansdır. Stokholm İnstitutunun son araşdırmalarına görə, son 5 ildə 100-dən çox ölkə öz hərbi büdcəsini artırıb. Ən çox artım ABŞ-da, Avropa ölkələrində və Yaxın Şərqdə müşahidə olunur. Avropa ölkələri arasında Almaniya, Polşa və Fransa bu sahədə ilk sıralarda yer alır”.
Onun fikrincə, hərbi xərclərin artımı birbaşa olaraq sosial problemlərin dərinləşməsinə gətirib çıxarır: “Büdcədən hərbi məqsədlərə daha çox vəsait ayrıldıqca, sosial, səhiyyə və təhsil sahələrinə ayrılan pay azalır. Bu da insanların rifah səviyyəsinin aşağı düşməsinə, inflyasiyanın və işsizliyin artmasına səbəb olur.Məsələn, son dörd ildə Avropada qida məhsullarının qiymətləri 30 faizdən çox artmıb. Hökumətlər inflyasiyanı nəzarətə götürməyə çalışsalar da, bazarda qiymət artımı dayanmır. Bunun əsas səbəblərindən biri də dövlətlərin borclanması və büdcə vəsaitlərinin qeyri-səmərəli istiqamətlərə – hərbi xərclərə yönəldilməsidir. Eyni zamanda, işsizlik səviyyəsi də artmaqdadır. Böyük transmilli şirkətlər – məsələn, Google və digər nəhəng texnoloji və xidmət müəssisələri – minlərlə işçisini ixtisar etmək məcburiyyətində qalıb. Əgər bu miqyasda şirkətlər işçi saxlamaqda çətinlik çəkirsə, deməli, orta və kiçik müəssisələr daha da ağır vəziyyətdədir. Bu proses qlobal işsizliyin artımını qaçılmaz edir.
Bütün bunların nəticəsində Avropa və Asiyanın bir sıra ölkələrində “paupirizm” adlanan yəni insanların gündəlik dolanışığını belə təmin edə bilmədiyi vəziyyət yenidən yaranmaqdadır. İqtisadi böhran nəticəsində insanlar müflüsləşir, gələcəyə inam azalır, sosial gərginlik artır. Bu vəziyyətin nəticəsi olaraq, dünyanın bir çox inkişaf etmiş ölkələrində sosial partlayışlar ehtimalı gündəmə gəlir. Fransada son illərdə baş verən hadisələr buna bariz nümunədir. Bənzər narazılıqlar Polşa, Çexiya, Böyük Britaniya və Rumıniyada da müşahidə olunur. ABŞ-da isə federal səviyyədə büdcə böhranı – “şatdaun” artıq reallığa çevrilib; on minlərlə dövlət qulluqçusu maaş ala bilmir. Məsələn, Rusiyanın hərbi xərclərinə nəzər salsaq, təkcə bir aylıq hərbi büdcə ilə 70 vilayətin infrastruktur problemlərini həll etmək olardı. Amma bu vəsaitlər sülh və inkişaf yox, müharibə və silahlanmaya yönəldilir. Nəticədə kənd təsərrüfatı, nəqliyyat, təhsil və səhiyyə kimi həyati sahələr zərər görür. Suriyada on minlərlə hektar kənd təsərrüfatı torpağı yararsız hala düşüb, Ukraynada isə Asiya–Avropa arasında nəqliyyat xərcləri 40 faiz artıb. BMT-nin hesabatlarına əsasən, bu gün dünya üzrə hərbi xərclərin cəmi 4 faizi aclıqla mübarizəyə yönəldilsə, 2030-cu ilə qədər bəşəriyyətdə aclıq problemi tamamilə aradan qalxardı. Cəmi 10 faiz – yəni təxminən 300 milyard dollar səhiyyə və təhsilə ayrılsa, dünyadakı bütün uşaqlar vaksinasiya olunar, ölümcül xəstəliklərə son verilərdi. Ekspertlərin hesablamalarına görə, hərbi sənayeyə yönələn 1 milyard dollar cəmi 11.200 iş yeri yaradırsa, həmin məbləğ təhsilə yönəldildikdə 26.700, yaşıl energetikaya yönəldildikdə 16.800, səhiyyəyə yönəldildikdə isə 17.200 yeni iş yeri yarada bilər. Yəni hərbi xərclər əvəzinə mülki sahələrə yatırım 7 dəfə çox iş imkanı yaradır".
Professor, həmçinin bütün bu qlobal proseslərin Azərbaycan üçündə təsiri olduğunu qeyd edib: "Azərbaycan qapalı ölkə deyil və qloballaşan iqtisadiyyatın bir parçasıdır. Dünyada baş verən maliyyə, enerji və təhlükəsizlik problemləri bizə də müəyyən dərəcədə təsir göstərir. Hazırkı şəraitdə Azərbaycan üç əsas istiqamətdən potensial təhlükələrlə üzləşə bilər: Ermənistandan qaynaqlanan revanşist meyillər, cənub qonşuluğunda baş verən qeyri-sabitlik, və şimal istiqamətindən gələn risklər. Bu səbəbdən Azərbaycan öz hərbi qüdrətini yüksək səviyyədə saxlamağa məcburdur. Hazırda ölkəmizin hərbi büdcəsi təxminən 5 milyard ABŞ dolları civarındadır və gələn il bu rəqəmin 5,12 milyard dollara yüksələcəyi gözlənilir. Bu, inflyasiyanın təsirini nəzərə aldıqda milli təhlükəsizliyin qorunması üçün tam əsaslı addımdır. Bununla yanaşı, qlobal inflyasiya və ərzaq qiymətlərindəki artım da Azərbaycana dolayı təsir göstərir. Çünki ölkə özünü qida və kənd təsərrüfatı məhsulları ilə tam təmin etmir, təxminən 35-40 faiz bu məhsullar idxal olunur. Buna görə də, dünya bazarlarında qiymət artımı avtomatik olaraq daxili bazarda da hiss olunur. Yeganə qapalı və qlobal təsirlərdən nisbətən təcrid olunmuş ölkə Şimali Koreyadır, lakin orada da iqtisadi və sosial vəziyyət olduqca ağırdır. Azərbaycan isə bu yoldan fərqli olaraq, açıq və inkişaf yönümlü iqtisadi model seçmiş, qeyri-neft sektorunun inkişafını prioritetə çevirmişdir. Bu gün dövlətin siyasəti xarici təhdidlərə qarşı iqtisadi və maliyyə dayanıqlılığını qorumaq və xaricdən yaranan problemlərin təsirini minimuma endirmək üzərində qurulub. Son olaraq qeyd etmək lazımdır ki, Azərbaycanın son hərbi paradında üç qardaş ölkənin Azərbaycan, Türkiyə və Pakistanın liderləri bir araya gəldilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında Türk dövlətlərinin hərbi və strateji birliyi barədə geniş məlumat verdi. Qeyd olundu ki, Türkiyə bu gün NATO-nun ikinci ən güclü ordusuna malikdir və həm texnologiya, həm silah istehsalı sahəsində ön sıradadır. Türk dövlətləri artıq iqtisadi əməkdaşlıqdan hərbi müttəfiqliyə doğru strateji addımlar atmaqdadırlar. Möhtərəm Prezident İlham Əliyevin son çıxışında da vurğulandığı kimi, Azərbaycan Ordusu tam şəkildə NATO standartlarına keçid mərhələsindədir və Türkiyə ilə hərbi əməkdaşlıq daha da genişlənəcək".
Elmir Heydərli
18:36 10.11.2025
Oxunuş sayı: 3442