Romada 8 Noyabr - Zəfər Günü qeyd olunub
İtaliyanın paytaxtı Romada 8 Noyabr - Zəfər Günü qeyd edilib.
Crossmedia.az xəbər verir ki, tədbirdə İtaliyada yaşayan həmvətənlərimiz, tələbələr, zabitlər, diplomatik korpusun və akademik dairələrinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın Dövlət Himn səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş vətən övladlarının xatirəsi ehtiramla yad olunub.
Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov Zəfər Gününün 5-ci ildönümü münasibətilə təbriklərini çatdırıb. Diplomat 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusu tərəfindən cəmi 44 gün davam edən Vətən müharibəsində azad olunduğunu, bununla da tarixi ədalətin bərpa edildiyini vurğulayıb. Deyib ki, 2023-cü ilin sentyabr ayında həyata keçirilən lokal xarakterli antiterror əməliyyatından sonra isə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib.
Rəşad Aslanov Zəfər Gününün milli qürur və ləyaqət bayramı olduğunu bildirib, işğaldan azad edilmiş ərazilərdə hazırda genişmiqyaslı tikinti-quruculuq işlərinin aparıldığını, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edildiyini deyib.
Səfir cari il avqustun 8-də Vaşinqtonda əldə olunmuş sülh razılaşmasının Azərbaycanın daim sülh təşəbbüsü ilə çıxış edən ölkə olduğunu bir daha əyani şəkildə nümayiş etdirdiyini vurğulayıb.
Daha sonra tanınmış tarzən, Əməkdar artist Şəhriyar İmanov və pianoçu, caz ustası, bəstəkar Etibar Əsədli konsert proqramı ilə çıxış ediblər. Azərbaycanın zəngin musiqisi və caz-muğam üslubunda improvizasiyalar tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb, salonda böyük coşqu yaradıb.
19:28 08.11.2025
Oxunuş sayı: 1401