Zəfər Günü Özbəkistanda da qeyd olunub
Azərbaycanın Özbəkistandakı səfirliyi və tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Zəfər Günü münasibətilə təntənəli qəbul təşkil edib.
Crossmedia.az Mərkəzə istinadən xəbər verir ki, tədbirdə Özbəkistan xarici işlər nazirinin müavini Babur Usmanov, dövlət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələri, diplomatik korpusun üzvləri, elm, mədəniyyət və incəsənət xadimləri, həmvətənlərimiz və media təmsilçiləri iştirak ediblər.
İştirakçılar əvvəlcə Zəfər Gününə həsr olunmuş fotosərgi ilə tanış olublar. Azərbaycan və Özbəkistan dövlət himnləri səsləndikdən sonra Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev çıxış edərək qonaqları Zəfər Günü münasibətilə təbrik edib, ölkələrimiz arasında əlaqələrin müstəqillik illərində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini söyləyib.
H.Quliyev bildirib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibə nəticəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu və hazırda azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir.
Diplomat əlavə edib ki, biz tarixin yeni səhifəsini açaraq sülh və sabitlik şəraitində birgə yaşayışa hazır olduğumuzu nümayiş etdirdik.
Səfir Özbəkistanın Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyinə göstərdiyi ardıcıl dəstəyə və bu istiqamətdə nümayiş etdirdiyi prinsipial mövqeyə görə Özbəkistan Prezidentinə və qardaş özbək xalqına təşəkkür edib.
Tədbir zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfərləri, Ermənistanın Azərbaycana təcavüzü, azad olunan ərazilərində həyata keçirilən geniş quruculuq işlərinə dair videomaterial nümayiş etdirilib.
Tədbirin davamında Zəfər Gününə həsr olunmuş mədəni proqram təqdim olunub. Mədəni proqram çərçivəsində Özbəkistanın Xalq artisti Jenisbek Piyazovun çıxışı böyük maraqla qarşılanıb. Onun Azərbaycan və özbək dillərində səsləndirdiyi mahnılar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb və tədbirə xüsusi rəng qatıb.
Sonra iştirakçılar Zəfər Günü münasibətilə Azərbaycan milli yeməklərinə qonaq ediliblər.
15:03 08.11.2025
Oxunuş sayı: 1010