Azərbaycanın müstəmləkəçiliyə qarşı mübarizəsi real nəticələr verir - DEPUTAT
Bu günlərdə Bakıda “Belçika Müstəmləkəçiliyi:
Tanıma və Məsuliyyət” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirin məqsədi
müstəmləkəçilik siyasətinin dənizaşırı ərazilərdə yaratdığı insan hüquqları
pozuntularına diqqət çəkmək, məsuliyyət mexanizmlərini gündəmə gətirmək və beynəlxalq
həmrəyliyi gücləndirmək olub.
Konfransda
alimlər, ekspertlər, ictimai-siyasi xadimlər və hüquq müdafiəçiləri müstəmləkəçilikdən
irəli gələn tarixi ədalətsizliklərin aradan qaldırılması, o cümlədən Belçikanın
Afrika və Okeaniyadakı keçmiş müstəmləkələrində vəziyyətin beynəlxalq hüquqa
uyğun qiymətləndirilməsi barədə müzakirələr aparıblar.
Milli Məclisin deputatı Azər Allahverənov konfransın əh əmiyyəti və müstəmləkəçilik əleyhinə beynəlxalq fəaliyyətdə Azərbaycanın təşəbbüskarlığı barədə Crossmedia.az.a danışıb: "Bu tip tədbirlərin keçirilməsi təkcə siyasi deyil, həm də ümumbəşəri əhəmiyyət daşıyır. İstənilən halda bu tip konfransların keçirilməsi olduqca vacibdir. Ümumibəşəri nöqteyi-nəzərdən məsələyə yanaşdıqda, insan hüquqlarının təmin olunması, xüsusilə də müstəmləkə ərazilərində və dənizaşırı torpaqlarda baş verən pozuntulara diqqətin artırılması çox önəmlidir.”
A. Allahverənov vurğulayıb ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrlik dövründə şimal–cənub arasındakı disbalansın azaldılmasına mühüm töhfə verib: “Azərbaycan Qoşulmama Hərəkatına rəhbərliyi dövründə pandemiya zamanı vaksin ayrı-seçkiliyi və digər məsələlər fonunda dünyada mövcud disbalansın nə qədər dərin olduğunu nümayiş etdirdi. Şimalın cənub üzərində basqısı açıq görünürdü. Bu basqıların bir hissəsi də məhz müstəmləkə torpaqlarında kütləvi şəkildə pozulan insan hüquqları ilə bağlı idi".
Deputat
qeyd edib ki, Azərbaycanın təşəbbüsü ilə yaradılan Bakı Təşəbbüs Qrupu bu istiqamətdə qlobal səviyyədə
mühüm rol oynamağa başlayıb:
“Bundan sonra Azərbaycanın təşəbbüsü ilə Bakı Təşəbbüs Qrupu formalaşdı və bu qurum müstəmləkəçiliklə bağlı problemləri açıq şəkildə gündəmə gətirən mərkəzə çevrildi. Bu təşəbbüs həm də dünyanın mütərəqqi qüvvələrinin istəklərini ifadə edir. Bir sıra inkişaf etmiş ölkələr, o cümlədən Belçika, Fransa və digər “şimala məxsus dövlətlər” müstəmləkəçiliklə bağlı beynəlxalq sənədlərə qoşulsalar da, praktiki siyasətdə köhnə yanaşmadan tam imtina etmirlər. BMT qətnamələri və beynəlxalq konvensiyalar var, bu dövlətlər onlara qoşulurlar, amma reallıqda yeni müstəmləkəçilik siyasətindən əl çəkmirlər".
Parlamentari hesab edir ki, məsələnin bu qədər aktual olması müstəmləkəçiliyə qarşı mübarizənin yalnız bir ölkənin deyil, bütün dünyada mütərəqqi qüvvələrin məsuliyyəti olduğunu göstərir: “Müstəmləkəçilik mövzusu dünyanın mütərəqqi qüvvələrini narahat etdiyi üçün müxtəlif platformalarda müzakirə olunması vacibdir. Bakı artıq müstəmləkəçiliklə mübarizə mərkəzinə çevrilib.Bunlar real nəticələr verir. Yeni Kaledoniyada müstəmləkəçiliyə qarşı mübarizədə əldə edilən son uğurlar bunun bariz nümunəsidir. Beynəlxalq həmrəyliyin göstərilməsi müəyyən olunmuş məqsədlərə çatmağa xidmət edir. Bu cür konfranslar sadəcə simvolik məna daşımır, əməli addımların, yeni strategiyaların və mübarizə mexanizmlərinin müəyyənləşdirilməsi üçün vacib platformadır. Bu tip tədbirlər simvolik deyil, əksinə, konkret addımları və mübarizə strategiyalarını müəyyənləşdirmək baxımından çox vacibdir. Bu gün Azərbaycan müstəmləkəçiliklə mübarizə sahəsində əldə olunan bir çox uğurların imza atıldığı məkana çevrilib".
Fatimə Hacıəliyeva
14:53 06.11.2025
Oxunuş sayı: 1536