Məktəblilərarası Milli Hakatonun yarımfinal və final mərhələlərinin tarixləri açıqlanıb
Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Məktəblilərarası Milli Hakaton – 2025” layihəsinin yarımfinal və final mərhələlərinin tarixləri müəyyənləşib.
Crossmedia.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Yarımfinal mərhələsi 28–30 noyabr, final mərhələsi isə 1 dekabr 2025-ci il tarixlərində keçiriləcək.
İştirakçılar bu mərhələlərdə layihə təqdimatları, praktiki tapşırıqlar və komanda əsaslı proqramlaşdırma üzrə bacarıqlarını nümayiş etdirəcəklər.
Bu il ölkə üzrə 5–11-ci siniflərdə təhsil alan 300 mindən artıq şagird müsabiqəyə qatılıb. İlkin seçimlərdən sonra 300 şagird (74 komanda) yarımfinal mərhələsində mübarizəni davam etdirəcək.
Hazırda komandalar yarımfinal mərhələsinə hazırlıq prosesini davam etdirirlər. Onlara IT sahəsində təcrübəli mütəxəssislər, o cümlədən “CODE FOR FUTURE” layihəsinin məzunları tərəfindən mentor dəstəyi göstərilir.
Qeyd edək ki, hakatonla paralel olaraq məktəblilərin İKT bacarıqlarını inkişaf etdirmək məqsədilə “Code Hour Challenge” təşəbbüsü həyata keçirilir. 27 oktyabrdan aktiv olan “Süni intellekt” və “İnformasiya təhlükəsizliyi” mərhələləri 27 noyabra qədər davam edəcək. Bu mərhələlərdə 6–11-ci sinif şagirdləri iştirak edə və uğurla tamamladıqları halda sertifikatla təltif oluna bilərlər.
Əvvəlki mərhələlərdə iştirak etməyən şagirdlər codehour.edu.az portalında qeydiyyatdan keçərək müsabiqəyə qoşula bilərlər.
17:15 05.11.2025
Oxunuş sayı: 1280