BMTM-də “Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş dəyirmi masa keçirilib
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) “Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş dəyirmi masa və bu mövzu ilə əlaqədar elan olunmuş müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Crossmedia.az xəbər verir ki, açılış nitqi ilə çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul olunmuş müstəqil Azərbaycanın ilk Konstitusiyasının əhəmiyyətindən bəhs edib. O qeyd edib ki, bu gün Konstitusiyamız müstəqil dövlətimizin bütün suveren ərazilərində tam şəkildə tətbiq olunur.
Fərid Şəfiyev Azərbaycanın xarici siyasətinin əsas prioritetləri və beynəlxalq gündəmin aktual məsələləri barədə məlumatlılığın artırılmasının vacibliyinə diqqət çəkərək bu istiqamətdə Mərkəz tərəfindən həyata keçirilən konkret fəaliyyətlər haqqında məlumat verib. O, bildirib ki, BMTM-də gənc ekspertlər üçün mütəmadi olaraq təcrübə proqramları təşkil edilir, xarici ölkələrdən də bu istiqamətdə müraciətlər daxil olur.
BMTM-in şöbə müdiri Vasif Hüseynov çıxışında Azərbaycanın müstəqilliyinin bərpasından sonrakı dövrə qısa nəzər salaraq qeyd edib ki, müasir dövrün ən mühüm nailiyyətlərindən biri İkinci Qarabağ müharibəsində qazanılmış qələbə və 2023-cü ildə keçirilmiş antiterror tədbirlərindən sonra ölkənin bütün əraziləri üzərində suverenliyin tam bərpasıdır. Vasif Hüseynov, həmçinin “Konstitusiya və Suverenlik ili” çərçivəsində Mərkəz tərəfindən elan edilən müsabiqəyə böyük marağın olduğunu vurğulayaraq, bu təşəbbüsü gənc tədqiqatçıların aktual mövzular üzrə siyasi tövsiyələr irəli sürməsi baxımından əhəmiyyətli addım kimi qiymətləndirib.
Xəzər Universitetinin Siyasi Elmlər və Fəlsəfə Departamentinin müdiri Orxan Vəliyev çıxışında müasir dövrdə suverenlik anlayışının məzmununa toxunub. O qeyd edib ki, milli suverenlik anlayışı artıq yalnız fiziki sərhədlərlə məhdudlaşmır, eyni zamanda süni intellekt və texnoloji sahələrdə də öz əksini tapır. Orxan Vəliyev regional əməkdaşlığın vacibliyini vurğulayaraq Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının ölkəmiz üçün əhəmiyyəti ilə bağlı səsləndirdiyi fikirlərə, eləcə də Azərbaycanın digər regional platformalardakı fəal iştirakının strateji önəminə diqqət çəkib.
Sultan Zahidov çıxışında Konstitusiyanın dövlətin milli suverenliyinin əsas təməlini təşkil etdiyini bildirib. O, Azərbaycan Konstitusiyasının dövlət quruculuğu və vətəndaş cəmiyyəti formalaşmasında oynadığı mühüm rolu qeyd edib. S. Zahidov, həmçinin İkinci Qarabağ müharibəsində qazanılmış qələbənin şərtləndirən amillərə toxunaraq vurğulayıb ki, Azərbaycan təkcə işğal faktoruna son qoymayıb, eyni zamanda regionda dayanıqlı sülhün əsaslarını yaradıb. O, BMT Təhlükəsizlik Şurası və Baş Assambleyanın qəbul etdiyi qətnamələrin, Azərbaycanın beynəlxalq platformalardakı fəal iştirakının və Vaşinqton sammitində əldə olunan uğurların əhəmiyyətinə də diqqət çəkib.
Tədbir çərçivəsində BMTM tərəfindən cari ilin avqust ayında “Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Müsabiqə qalibləri Nuray Süleymanova “Azərbaycan–Ermənistan sülh prosesi: cari çağırışlar və perspektivlər”, Süleyman Zeynallı “Mnemonik Konstitusiya: Azərbaycanda suverenlik və kollektiv yaddaş” və Rahil Dadaşlı “İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda geosiyasi dinamikanın təkamülü: Ermənistan və Azərbaycanın xarici siyasətinin yenidən istiqamətləndirilməsi” mövzularında təqdimatlarla çıxış ediblər.
Kənan Novruzov
13:23 05.11.2025
Oxunuş sayı: 2072