Azər Əmiraslanov: İqtisadi və sosial inkişafı uzlaşdırmalıyıq
Azərbaycanda iqtisadi inkişafla sosial inkişaf uzlaşdırılmalıdır.
Crossmedia.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov rəhbərlik etdiyi qurumun parlamentin Əmək və sosial siyasət komitəsi ilə birgə iclasında bildirib.
Onun sözlərinə görə, həm Dövlət Sosial Müdafiə Fondu (DSMF), həm də İşsizlikdən Sığorta Fondu (İSF) artan büdcəyə malikdir: "Bu, ölkəmizdə iqtisadi inkişafın və bütövlükdə iqtisadiyyatımızda baş verən struktur dəyişiklərinin nəticəsidir. Azərbaycanda dövlət siyasəti, iqtisadi siyasətlə sosial siyasətin uzlaşdırılmasına əsaslanır, cənab prezidentin elan etdiyi və dəfələrlə qeyd etdiyi əsas prinsiplərdən biridir, hesab edirik ki, ən təsirli sosial siyasət, ən rasional iqtisadi siyasətdir".
"Sosial xərclərin artırılması belə, rasional iqtisadi siyasət, makro iqtisadi sabitlik, maliyyə sabitliyi olmadığı halda təbii ki, rifaha təsir göstərə bilməz. Bu baxımdan makroiqsadi sabitliyin təmin edilməsi, iqtisadi artımın təmin edilməsi bu gün iqtisadi siyasətin əsas hədəflərindən biri kimi müəyyən edilib. Biz nəzərə almalıyıq ki, həm DSMF, həm də İSF icmal büdcənin tərkibindədirr. Biz təkcə dövlət büdcəsinin deyil, həm də icmal büdcənin sağlamlaşdırılmasını, dayanıqlığını, dövlət maliyyə sisteminin dayanıqlığından təmin edilməsini əsas hədəflərdən biri kimi qarşıya qoyuruq, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçiririk.
Ümumiyyətlə, büdcədən kənar fondlar o cümlədən DSMF və İSF həm də dövlət büdcəsi ilə bilavasitə bağlıdır. DSMF-yə transfert dövlət büdcəsinin xərcidir, amma Fondun gəliri hesab olunur və ümumi şəkildə qeyd etmək lazımdır ki, həm büdcə siyasətində, həm vergi siyasətində edilən dəyişikliklər bilavasitə fondların həm gəlirlərinə, həm də xərclərinə təsir göstərir", - deyə A.Əmiraslanov əlavə edib.
12:42 05.11.2025
Oxunuş sayı: 1516