Azərbaycanlıların indiki Ermənistan ərazisindəki öz dədə-baba torpaqlarına qayıtmaq hüququ var - Deputat
Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasında səsləndirdiyi çıxış təkcə elmi inkişafla bağlı deyil, həm də regionun humanitar-siyasi reallıqlarına dair mühüm mesajlar verdi. Dövlət başçısının azərbaycanlıların indiki Ermənistan ərazisinə qayıdışı barədə söylədiyi fikirlər həm tarixi ədalətin bərpası, həm də beynəlxalq humanitar hüququn prinsipləri baxımından dərin məna daşıyır. Prezident vurğuladı ki, bu məsələ heç bir siyasi və ya ərazi iddiası daşımır, sırf humanitar, insani xarakter daşıyır və azərbaycanlıların dədə-baba torpaqlarına qayıdış hüququnun tanınması ədalətin və sülhün möhkəmlənməsi baxımından mühüm addımdır.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Tural Gəncəliyev Crossmedia.az-a açıqlama verib: “Cənab Prezidentin Milli Elmlər Akademiyasındakı son çıxışında çox önəmli fikir səsləndirdi: “Azərbaycanların indiki Ermənistan ərazisinə qayıtması Ermənistan dövlətini qorxutmamalıdır” — bu, həqiqətən də humanitar məsələdir. Əsrlər boyu indiki Ermənistan ərazisində yaşayan azərbaycanlı əhali XX əsrin əvvəllərindən başlayaraq, sovet dövrünün sonuna qədər ora köklü şəkildə məskunlaşmışdı; lakin Sovet İmperiyasının çökməsi ilə onların böyük hissəsi Ermənistandan qovuldu. Bu, həm tarixi ədalətin bərpası, həm də beynəlxalq humanitar hüquq baxımından azərbaycanlıların geri dönüş hüququdur. Bu geri dönüş nə Ermənistanın ərazi bütövlüyünə, nə suverenliyinə, nə də Ermənistan dövlətinin mövcudluğuna zərər vermir — əksinə, ədalətli və humanitar bir çağırışdır. Digər tərəfdən, Qarabağ məsələsi ayrı və xüsusi müzakirə tələb edir. Qarabağ 30 il ərzində işğal altında olmuş, orada etnik təmizləmə və qanunsuz məskunlaşdırma həyata keçirilmişdir. İndiki Ermənistan ərazisində isə yüzillərlə azərbaycanlılar yaşamışdır; bu yerlər müxtəlif Avropa xəritələrində, o cümlədən Belçika və digər xarici xəritələrdə də Azərbaycan toponimləri kimi qeyd olunub. Qarabağla indiki Ermənistan ərazisini eyniləşdirmək doğru deyil — birincisi işğal və etnik təmizləmə ilə xarakterizə olunub, ikincisi isə tarixi məskunlaşma nümunəsidir”.
Deputat həmçinin qeyd edib ki, 30 il ərzində Qarabağda demoqrafik vəziyyətin dəyişdirilməsi cəhdləri olmuş, lakin nəticədə Azərbaycanlılar öz dədə-baba torpaqlarından qovulmuşdular: “İndi biz geri dönmüşük və digər azərbaycanlıların da indiki Ermənistan ərazisindəki öz dədə-baba torpaqlarına qaytarılmaq hüququ vardır. Bu məsələləri müqayisə etmək, Qarabağı və digər əraziləri paralel aparmaq doğru deyil. İndiki Ermənistan ərazisinə qayıdış dedikdə bunu sırf humanitar və insani aspektdən qiymətləndirmək lazımdır. Cənab Prezidentin fikirləri bütün dünya və region üçün vacib və dəyərli mesajlar idi. Ermənilər arasında bu məsələ ətrafında agitasiya yaradıb, hadisələri başqa istiqamətə yozanlar haqlı deyil; söhbət yalnız insanların yaşadıqları evlərə, tarixi vətənlərinə ləyaqətlə qayıdış hüququndan gedir. Buna siyasi və ya hərbi don geyindirmək doğru deyil. Ermənistanla biz sülh istiqamətində artıq addımlar atırıq. Heç kimin Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə qarşı iddiası yoxdur. Ermənistan Azərbaycanla sülh müqaviləsini imzalayıb, üzərinə düşən öhdəlikləri yerinə yetirdikdən sonra regionda heç kimin Ermənistana fərqli gözlə baxmasına əsas qalmaz. Eyni zamanda qeyd etmək lazımdır ki, regiondakı gərginliyin səbəbləri və nəticələri var. Ermənistanın öz hərəkətləri — müharibəni başlatması, işğal həyata keçirməsi və bizi torpaqlarımızdan qovması — həm Qarabağdakı Azərbaycanlara, həm də indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılara qarşı təcavüz və etnik təmizləmə ilə nəticələndi. Bütün bu hadisələr nəzərə alınmadan son bəyanatları dəyərləndirmək düzgün olmaz”.
Ayhan
20:56 04.11.2025
Oxunuş sayı: 1787