Alimlər elmin inkişafı ilə cəmiyyətin və dövlətin tərəqqisinə xidmət etməlidirlər – Professor
Azərbaycan Prezidenti İlham Əliyev AMEA-nın 80 illik yubiley tədbirində ölkə elminin inkişafında alimlərin rolunu yüksək qiymətləndirib. Dövlət başçısı bildirib ki, Akademiya ötən 80 il ərzində elmin formalaşması və inkişafında aparıcı rol oynayıb və bu müddət ərzində Azərbaycan alimləri ölkənin elmi potensialının artırılmasına mühüm töhfələr veriblər. Prezident vurğulayıb ki, gələcəkdə də alimlər ölkənin davamlı və uğurlu inkişafına dəyərli töhfələrini verməyə davam edəcəklər.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin kafedra müdiri, professor Cahangir Məmmədli Crossmedia.az-a açıqlamasında bildirib ki, cəmiyyətin inkişafı əsasən alimlərə və elmə bağlıdır. “Lap qədim zamanlardan — Sokratdan başlayaraq filosoflar cəmiyyətin inkişafını həm tarixən, həm də yaşadıqları dövrdə izah ediblər. ‘Sən kimsən, haradan gəlirsən, hara gedirsən, inkişaf üçün nə etməlisən, elmə necə münasibət göstərməlisən?’ suallarının cavabları elm və alimlərin fəaliyyətində əks olunur. Yəni alimlər elmin inkişafı ilə cəmiyyətin və dövlətin inkişafına xidmət edirlər”.

C. Məmmədli qeyd edib ki, Prezident İlham Əliyev AMEA-dakı çıxışında ciddi tapşırıqlar verib və alimlər bu çıxışdan dərs götürərək fəaliyyətlərini genişləndirməlidirlər. “Məsələn, Azərbaycanda humanitar elmlər — ədəbiyyat, fəlsəfə, tarix və s. — çox inkişaf edib. Amma dəqiq elmlərin inkişafı hələ arzulanan səviyyədə deyil. Televiziya və mədəniyyət sahəsində bəzən şair və müğənni ön plana çıxarılır; buna görə də təhsil və elmdə balans dəyişməlidir. Biz lirikadan fizikaya, humanitar istiqamətdən dəqiq elmlərə yönəlməliyik. Dəqiq elmlərə diqqət göstərməklə beynəlxalq rəqabətdə də sözümüzü deyə bilərik”.
O, həmçinin bildirib ki, dəqiq elmlər güclü texnologiyalar və müdafiə vasitələrinin yaradılmasına imkan verir. “Prezident çıxışında silah və texnologiyalarla bağlı müsbət fikirlər səsləndirdi və sabaha inam ifadə etdi. Bugünkü dünyada gedən müharibə və təhlükə şəraitində dəqiq elmlərə münasibəti dəyişərək texnologiyamızdan və müdafiə vasitələrimizdən düzgün istifadə etməliyik. Dövlətimiz texnologiyalara, xüsusən də müdafiə texnologiyalarına sərmayə qoyur; bəzi texnologiyalar istehsal olunur və satışa çıxarılır, amma bu kifayət etmir”.
Professor bildirib ki, humanitar elmlər də cəmiyyətin mədəni həyatını zənginləşdirir. Ana dilinin qorunması ilə bağlı Prezident ciddi mesajlar verib: “Azərbaycan dilini alınma sözlərlə korlamaq olmaz. Televiziyada və gündəlik danışıqda bəzən yanlış sözlər işlədilir; buna qarşı leksikonumuzu Azərbaycan dilinin özü ilə zənginləşdirməliyik. Alınma sözlərin əvəzedicilərini kəndlərdə, rayonlarda axtarmaq vacibdir”.
C. Məmmədli əlavə edib ki, Prezidentin tapşırıqlarına uyğun olaraq alimlərimiz humanitar və maddi-texniki sahələrdə tarixə yeni baxış gətirməli, saxtalaşdırılan tarixə faktlar və sənədlərlə cavab verməli, yeni dövrümüzün və qələbəmizin tarixi ilə bağlı ciddi əsərlər hazırlamalıdır. “Alim cəmiyyəti Prezidentin çıxışında göstərilən tələblərə uyğun fəaliyyət göstərməlidir, çünki çıxış alimlərin nə etməli olduqlarını aydın göstərdi”.
Fidan Qarayeva
19:25 04.11.2025
Oxunuş sayı: 1330