Azərbaycan və Əlcəzair arasında Birgə Komissiyanın yaradılması haqqında Saziş imzalanıb - YENİLƏNİB
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ƏlcəzairƏ rəsmi səfəri çərçivəsində bu ölkənin dövlət naziri, xarici işlər və xaricdəki milli icma və Afrika məsələləri naziri Əhməd Attaf ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, təkbətək görüşdən sonra, hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə nazirlər arasında geniş tərkibdə görüş keçirilib.
Görüşdə Azərbaycan-Əlcəzair ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində yer alan aktual məsələlər, habelə regional və qlobal inkişaflar, eləcə də Yaxın Şərqdə vəziyyət müzakirə olunub.
Qarşılıqlı hörmət və ortaq dəyərlərə əsaslanan Azərbaycan-Əlcəzair əməkdaşlıq əlaqələrinin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, ali və yüksək səviyyədə qarşılıqlı səfərlərin dövlətlərarası əlaqələrimizin inkişafına təkan verdiyinə dair həmrəylik ifadə olunub.
İki ölkənin Xarici İşlər Nazirlikləri arasında cari ilin aprel ayında baş tutmuş siyasi məsləhətləşmələrin, xarici işlər nazirləri arasında keçirilmiş görüşlərin Azərbaycan-Əlcəzair əməkdaşlığının hərtərəfli və sistematik şəkildə irəliyə aparılmasında rolundan bəhs olunub.
Azərbaycan ilə Əlcəzair arasında beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın məmnunluq doğurduğu qeyd olunub. Ölkəmizin ev sahibliyi etdiyi qlobal və regional əhəmiyyətli yüksək səviyyəli tədbirlərin əhəmiyyətindən bəhs olunub. Bu çərçivədə, növbəti il Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının sammitinin və BMT-nin Ümumdünya Şəhərsalma Forumu barədə müzakirə aparılıb.
İqtisadi əməkdaşlıq ölçüsünə toxunularaq, ticarət və investisiyalar, neft-qaz və bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib. Təhsil və mədəniyyət sahələri üzrə mübadilələrin artırılmasının, turizm pitensialının geniş şəkildə istifadə olunmasının xalqlarımızın bir-birini daha yaxından tanımasındakı rolundan bəhs olunub.
Nazir Ceyhun Bayramov görüş zamanı qarşı tərəfə post-münaqişə dövründə bölgədə vəziyyət, bərpa-quruculuq işləri barədə ətraflı məlumat verib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra, Azərbaycan ilə Əlcəzair arasında Ticarət, İqtisadi, Elmi və Texniki Əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş iki ölkənin nazirləri tərəfindən imzalanıb.
Birgə Komissiyanın iki ölkə arasında münasibətlərin daha da dərinləşdirilməsi istiqamətində əhəmiyyətli mexanizm olacağı vurğulanıb.
15:55
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attaf Azərbaycan ilə Əlcəzair arasında Ticarət, İqtisadi, Elmi və Texniki Əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş imzalayıblar.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, bu saziş iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələ hesab olunur.
Yeni çərçivə ticarət, investisiya, elm və texnologiya kimi əsas sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün strukturlaşdırılmış və institusional mexanizm yaradır.
"Birgə Komissiya qarşılıqlı maraq doğuran yeni istiqamətləri müəyyənləşdirmək, təşəbbüsləri əlaqələndirmək və təcrübə, bilik mübadiləsini asanlaşdırmaq üçün platforma rolunu oynayacaq", - məlumatda qeyd olunub.
16:23 04.11.2025
Oxunuş sayı: 1463