Paşinyan: Qarabağı tərk etmiş ermənilərin qayıdışı sülhə təhlükə yarada bilər
                                            Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Qarabağı tərk etmiş ermənilərin geri qayıtması Bakı ilə İrəvan arasında bərqərar olmuş sülh üçün risk yarada bilər. Bu fikri o, İrəvanda keçirilən “Sülhün qurulması və çoxtərəfli əməkdaşlıq” adlı beynəlxalq forumda səsləndirib.
Crossmedia.az Ermənistan mediasına istinadən xəbər verir.
“Qarabağdan köçmüş bacı və qardaşlarımızın (Azərbaycanın Qarabağ bölgəsindən – red.) geri dönüş gündəliyini sülh üçün risk hesab edirəm. Mən demişəm ki, bu mövzu ümumiyyətlə təhlükəlidir, çünki münaqişənin ilkin parametrlərinə qayıdış deməkdir”, — deyə Paşinyan vurğulayıb.
O, həmçinin 2024-cü ildə Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası prosesinin başlanmasını “uğurlu tarix” adlandırıb.
Baş nazir qeyd edib ki, onun tapşırığı ilə Ermənistanın dövlət orqanları vətəndaş cəmiyyəti nümayəndələrinin, ziyalıların, siyasətçilərin və diaspor üzvlərinin Tavuşun Kirants bölgəsinə və sərhəd ərazilərinə səfərlərini təşkil edir. “Bizim sülh gündəliyi dedikdə nəyi nəzərdə tutduğumuzu yerində göstəririk”, — deyə Paşinyan əlavə edib.
Onun sözlərinə görə, bu səfərlər zamanı heç bir mənfi rəy səslənməyib. “Bu, çox vacib bir uğur tarixidir. 2024-cü ildə Ermənistan və Azərbaycan delimitasiya komissiyalarının fəaliyyətinə dair Reqlament imzalayıblar və bu sənəd hər iki ölkədə ratifikasiya olunub. Bu, mahiyyət etibarilə Ermənistan və Azərbaycan arasında hər iki tərəfdə hüquqi qüvvəyə malik ilk ikitərəfli beynəlxalq sənəddir”, — deyə Paşinyan bəyan edib.
Günel Verdiyeva
13:55 04.11.2025
Oxunuş sayı: 1680