Deputat: Prezident İlham Əliyevin çıxışı dillə bağlı yaxşı bir məfkurə dalğası yaradır
                                            Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı söyləyib ki, Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır.
Dövlət başçısı bildirib ki, dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər:
"Yenə də deyirəm, 10 il bundan əvvəl mən bu məsələni qaldırmışdım. Çünki bu, məni narahat edirdi. On il ərzində lazımi tədbirlər görüldü ki, biz dilimizi kənar kəlmələrdən qoruya bilək. Amma yenə də oradan-buradan eşidirəm, - həm televiziyalarda, həm yazılı mediada, həm bəzi insanların çıxışlarında, - buna heç bir gərək yoxdur. Yəni, biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər.
Əminəm ki, mənim sözlərim hər kəsə çatacaq və özüm də daim bu məsələ ilə bağlı məşğul olacağam, izləyəcəyəm, lazımi tədbirlər görəcəyəm. Azərbaycan alimlərindən də bax, bu məsələyə də öz münasibətini və dəstəyini göstərmək çağırışını edirəm".
Milli Məclisin deputatı Elnarə Akimova Crossmedia.az-a açıqlamasında dövlət başçısının dil haqqında səsləndirdiyi fikirlərdən danışıb: "Dil bir xalqın varlığının ən güclü göstəricisidir. Dil yalnız ünsiyyət vasitəsi deyil, milli şüurun və kollektiv yaddaşın qoruyucusudur. Bir xalqın dili zəifləmişsə, onun milli kimliyi də zədələnir. Dövlətimizin başçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyindəki çıxışında da dil məsələsinə xüsusi toxundu. Cənab Prezident qeyd etdi ki, Azərbaycan dili bizə xalq kimi var olmaq imkanı verib: “On il bundan əvvəl mən bu kürsüdən, eyni zamanda, Azərbaycan dili haqqında danışmışdım, öz narahatlığımı ifadə etmişdim. Deyə bilərəm ki, son 10 il ərzində bu istiqamətdə lazımi addımlar atılıb. Ancaq desəm ki, vəziyyət məni tam qane edir, əlbəttə ki, səmimi olmaram. Azərbaycan dili çox zəngin dildir. Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Ancaq təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik - müstəqil Azərbaycan dövləti. Mən azərbaycanlıların yaşadıqları müxtəlif bölgələrdə vəziyyətlə müntəzəm surətdə olaraq tanış oluram, diqqətdə saxlayıram, lazımi tədbirlər görürəm. Görürəm ki, bəzi yerlərdə bizim ədəbi dilimiz digər ölkələrdə yaşayan azərbaycanlılar arasında itirilir. Daha çox məişət dili kimi istifadə olunur, xarici kəlmələrlə dolu olur. Ona görə biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik".
O bildirib ki, dil cəmiyyətin formalaşmasında yalnız ünsiyyət funksiyasını daşımır; o, həm də milli həmrəyliyi və ortaq dünyagörüşünü yaradır: "Dil nəsillər arasında körpüdür: o, keçmiş təcrübəni, mədəni dəyərləri və ənənələri gələcək nəsillərə ötürür. Cənab Prezident də çıxışında qeyd etdi ki, Ana dilimizə edilən müdaxilə onu narahat edir:
“Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Yəni, dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər. Yenə də deyirəm, 10 il bundan əvvəl mən bu məsələni qaldırmışdım. Çünki bu, məni narahat edirdi. On il ərzində lazımi tədbirlər görüldü ki, biz dilimizi kənar kəlmələrdən qoruya bilək. Amma yenə də oradan-buradan eşidirəm, - həm televiziyalarda, həm yazılı mediada, həm bəzi insanların çıxışlarında, - buna heç bir gərək yoxdur. Yəni, biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər. Əminəm ki, mənim sözlərim hər kəsə çatacaq və özüm də daim bu məsələ ilə bağlı məşğul olacağam, izləyəcəyəm, lazımi tədbirlər görəcəyəm. Azərbaycan alimlərindən də bax, bu məsələyə də öz münasibətini və dəstəyini göstərmək çağırışını edirəm.” Prezidentin çağırışı Ana dilinə həssaslığı artırmağa xidmət edəcək, onun saflığının keşiyində daha əmin, arxayın dayanacağıq. Dilə qarşı müdaxilədə daha mühafizəkar olmaq lazımdır. Sistemli tədqiqatlar da öz yerində. Bu, onsuz da Azərbaycan alimləri tərəfindən daim aparılıb. Eyni zamanda şair və yazıçıların mətnlərində Azərbaycan dilinin incəlikləri qorunub. İndi buna daha konseptual yanaşılacaq. Çünki Prezident İlham Əliyevin çıxışı dillə bağlı yaxşı bir məfkurə dalğası yaradır. Bir daha sübut edir ki, dil həm bir xalqın kimliyinin qoruyucusu, həm də cəmiyyətin formalaşmasının əsas dayağıdır. Onun qorunması və inkişafı yalnız elmi və təhsil sahəsi üçün deyil, milli birliyin və dövlətin davamlılığı üçün strateji məsələdir".
Kənan Novruzov
14:25 04.11.2025
Oxunuş sayı: 5800