Binəlı Yıldırım: Bizim əsas layihəmiz ortaq türk dili və əlifbasıdır
                                            Bizim əsas layihəmiz ortaq türk dili və əlifbasıdır.
Crossmedia.az xəbər verir ki, bu fikri Bakıda keçirilən Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının 18-ci iclası çərçivəsində Türkiyə Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım jurnalistlərə açıqlamasında söyləyib.
O, bu layihənin ənənəvi xarakter daşıyan bir toplantı olduğunu bildirib: "Biz hazırda can Azərbaycanda, Bakı ətrafında Ağsaqqallar Şurasının on səkkizinci toplantısını keçiririk. Bu, artıq ənənəvi xarakter daşıyan bir toplantıdır. Biz hər zaman Zirvə görüşü keçirilən ölkədə, zirvədən dərhal sonra öz toplantımızı təşkil edirik.
Bu çərçivədə bildiyiniz kimi, son Zirvə toplantısı Qəbələdə baş tutdu. Həmin zirvənin ardınca isə yeni dövrün ilk ağsaqqallar toplantısını məhz can Azərbaycanda, Bakıda keçirmiş olduq.
Ağsaqqallar Şurası, Türk Dövlətləri Təşkilatının tərkibində fəaliyyət göstərən mühüm bir qurumdur. Lakin bu, birdən-birə ortaya çıxmış bir ideya deyil. Ağsaqqallıq institutu Türk dövlətlərində tarixən mövcud olan bir ənənədir. Hətta minilliklər əvvələ, qədim türk dövlətlərinin dövrlərinə nəzər saldıqda belə, Ağsaqqalların mövcud olduğunu görürük.
Ağsaqqalların əsas vəzifəsi dövlət rəhbərləri ilə xalq arasında körpü olmaq, insanların qayğı və problemlərini aidiyyəti qurumlara çatdırmaq, ictimai və sosial məsuliyyət layihələrində iştirak etməkdir.
Lakin burada daha geniş bir mənzərə var: hər bir ölkənin öz milli ağsaqqalı olduğu kimi, Türk Dövlətləri Təşkilatının da Ağsaqqallar Şurası mövcuddur. Bu Şurada Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti və hətta Macarıstanın ağsaqqalları təmsil olunur. Biz bu toplantılarda hər ölkədə həyata keçirilən fəaliyyətlər barədə məlumat mübadiləsi aparır, həm də gələcəkdə birgə görəcəyimiz işləri müzakirə edirik.
Türkiyə Ağsaqqallar Şurasının sədri, həmçinin bu günə qədər həyata keçirilən ən mühüm təşəbbüslərdən biri ortaq əlifba məsələsi olduğunu qeyd edib: "Ortaq əlifbanın əhəmiyyəti hələ XIX əsrdə İsmayıl bəy Qaspıralı tərəfindən vurğulanmışdır. Onun sözləri ilə desək, birliyin qalıcı və uzunömürlü olması üçün “dildə, fikirdə və işdə birlik” zəruridir.
Dildə birliyi ortaq əlifba, fikirdə birliyi isə ortaq tariximizin yazılması və öyrənilməsi təmin edəcək. Birliyin tam formalaşması isə qarşılıqlı ticarətin, investisiyaların və məşğulluq imkanlarının artırılması ilə mümkün olacaq.
Bu məqsədlə ölkələr arasında keçidlər asanlaşdırılmalı, ticarət prosedurları sadələşdirilməli, gömrükdə gözləmə müddətləri azaldılmalıdır. Beləliklə, Türk dövlətləri arasında daxili ticarətin payı artacaq.
Halbuki, hazırda Türk dövlətlərinin ümumi xarici ticarət dövriyyəsi bir trilyon dollardan çox olsa da, bu məbləğin cəmi 70 milyard dolları üzv dövlətlər arasında reallaşır. Bu isə nəhəng bir potensialın hələ tam istifadə olunmadığını göstərir.
Türk dövlətləri bu mövcud imkan və rifahı öz aralarında bölüşmək əvəzinə, çox vaxt üçüncü ölkələrə yönəldirlər.
Məhz buna görə Türk Dövlətləri Təşkilatının, onun Ağsaqqallar Şurasının, əlaqədar nazirlərin və ictimai təşkilatların əsas məqsədi birliyimizi daha da gücləndirmək və ehtiyaclarımızı ilk növbədə öz aramızda qarşılamadır.
Bu geniş coğrafiya Balkanlardan Baykal gölünə qədər uzanan, 4 milyon kvadrat kilometrdən artıq ərazini və 200 milyona yaxın əhalini əhatə edir.
Bu region həm də enerji, nəqliyyat, rabitə baxımından strateji əhəmiyyətə malikdir; Şərqlə Qərbi, iki fərqli sivilizasiyanı birləşdirən körpü rolunu oynayır.
Bu səbəbdən Türk dövlətlərinin üzərinə yalnız bu gün deyil, yaxın və uzaq gələcək üçün də böyük məsuliyyət düşür. Dövlət başçılarımız bu istiqamətdə üzərlərinə düşən bütün vəzifələri yerinə yetirmək üçün ciddi səylər göstərirlər".
Elmir Heydərli
13:01 04.11.2025
Oxunuş sayı: 2096