Azərbaycan “Euronest” sessiyasında iştirak etməyəcək
Azərbaycan Milli Məclisinin nümayəndə heyəti 28–30 oktyabr tarixlərində İrəvanda keçiriləcək Avronest Parlament Assambleyasının 12-ci plenar sessiyasında iştirak etməyəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə APA-ya Avronestdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Tahir Mirkişili məlumat verib.
Onun sözlərinə görə, Avropa Parlamentinin sənədləri və bəyanatları — Avronest PA-nın fəaliyyətinin yarısını təşkil edən bu sənədlər — Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə ziddiyyət təşkil edir:
“Bu bəyanatlar həmçinin Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləmir, əksinə, regionda düşmənçiliyin davam etməsində maraqlı olan qüvvələrin dəyirmanına su tökür. Milli Məclis bu məsələ ilə bağlı dəfələrlə etirazını bildirib.
Avqust ayında Vaşinqtonda Azərbaycan Prezidenti və Ermənistan Baş naziri arasında keçirilmiş və bütün dünya tərəfindən müsbət qarşılanmış sülh görüşündən sonra Avropa Parlamentinin qeyri-konstruktiv bəyanatı Azərbaycan nümayəndə heyətinin Avronest PA çərçivəsində bu təşkilatla əməkdaşlığın faydasına olan inamını bir daha sarsıtdı. Bu səbəblərə görə biz İrəvanda keçiriləcək plenar sessiyada iştirak etməyəcəyik. Etirazlarımızı təşkilat rəhbərliyinə də çatdırmışıq. Qeyd edim ki, bu qərar tədbirin Ermənistanda keçirilməsi ilə bağlı deyil. Bu gün Azərbaycan və Ermənistan arasında sülh artıq təmin olunub, münasibətlərin normallaşdırılması istiqamətində praktiki addımlar atılır.”
Səbiyyə Zayirova
13:53 27.10.2025
Oxunuş sayı: 1158