Ermənistan parlament sədri: Ambarçumyan hakimiyyət üçün təhlükə yaratmır
Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərlə söhbətində Masis şəhərinin icma rəhbəri David Ambarçumyanın hakimiyyət üçün təhlükə yaratmadığını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
“Açıq deyəcəyəm — xeyr,” — deyə Simonyan sualı cavablandırarkən qeyd edib.
O, həmçinin vurğulayıb ki, qarşıdan gələn altı ay ərzində keçiriləcək parlament seçkiləri öncəsi vəziyyət sabitdir və müxalifətin birləşməsi üçün real əsas yoxdur: “RPA (Ermənistan Respublika Partiyası) parlamentə vaxtilə pulla və güc tətbiq edərək düşmüşdü. İndi isə həmin qüvvələr eyni üsullarla yeni proses yaratmaq istəyirlər".
Simonyan əlavə edib ki, hazırda müxalifət hətta baş nazirə etimadsızlıq səsverməsi keçirmək üçün kifayət qədər imza belə toplaya bilmir.
Qeyd edək ki, sabiq prezident Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyası baş nazir Nikol Paşinyana qarşı etimadsızlıq təşəbbüsü ilə çıxış edib. Partiya bu proses çərçivəsində David Ambarçumyanı baş nazir postuna namizəd kimi irəli sürüb.
Xatırladaq ki, Masis şəhərinin meri David Ambarçumyan 2018-ci ildə baş verən hadisələrlə bağlı 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. O, etirazçılara qarşı silah işlətməkdə və iğtişaşların təşkilində ittiham olunub. İttihamların biri Ayənist və Ovtaşat kəndlərinin kəsişməsində etirazçılara hücumla, digəri isə Yerevanın Erebuni inzibati rayonunda baş verən iğtişaşlarla bağlı olub.
Xumar Emilqızı
17:36 24.10.2025
Oxunuş sayı: 682