TDT-nin sənaye, elm, texnologiya və innovasiya nazirlərinin 3-cü toplantısı Qazaxıstanda olacaq
Qazaxıstan gələn il paytaxt Astanada Türk Dövlətləri Təşkilatının (TDT) sənaye, elm, texnologiya və innovasiya nazirlərinin 3-cü toplantısına ev sahibliyi etmək istəyir.
Crossmedia.az xəbər verir ki, bunu Qazaxıstanın sənaye və tikinti nazirinin müavini Raxımjan Issakulov Bakıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilən 2-ci Toplantıda bildirib.
"Qazaxıstan bu mühüm tədbiri yüksək səviyyədə keçirməkdən, görüşümüzün konstruktiv və məzmunlu gündəliyini davam etdirməkdən şad olar. TDT çərçivəsində əməkdaşlığımız üzv ölkələrdə davamlı inkişafın, rəqabətqabiliyyətliliyin və texnoloji suverenliyin təşviqi üçün strateji xarakter kəsb edir. Bugünkü görüşün vacib nəticəsi ümumi sənaye-texnoloji məkanın formalaşdırılmasının strateji məqsədləri və ekspertlərin praktiki tövsiyələri nəzərə alınmaqla 2025-2026-cı illər üçün sənaye, texnologiyalar və innovasiya əməkdaşlığı üzrə fəaliyyət planının aktuallaşdırılması və tamamlanması ola bilər".
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Qazaxıstandan olan həmkarının təklifini dəstəkləyib və 3-cü toplantısının bu ölkədə keçiriləcəyin bildirib.
"Biz hər zaman TDT çərçivəsində əməkdaşlığın daha da dərinləşməsini, ortaq layihələrin icra olunmasını, ölkələrimizin elmi və texnoloji potensialının birləşdirilməsini dəstəkləyirik. İnanıram ki, ortaq təşəbbüslərimiz türk dövlətlərinin innovasiya yönümlü iqtisadi transformasiyasına və yeni imkanların yaradılmasına mühüm töhfə verəcək", - deyə o qeyd edib.
13:46 24.10.2025
Oxunuş sayı: 1425