Azərbaycanın humanitar siyasət təşəbbüslərinin məntiqi nəticəsi - DEPUTAT
1945-ci ildə İkinci Dünya Müharibəsindən sonra dünya dövlətləri arasında sülh və təhlükəsizliyin təmin olunması, insan tələfatının qarşısının alınması, planetimizin hər kəs üçün daha gözəl, təhlükəsiz olması məqsədilə yaradılmış Birləşmiş Millətlər Təşkilatı bu gün dünyanın ən nüfuzlu və əhatəli beynəlxalq təşkilatıdır. Yarandığı gündən etibarən beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq, dövlətlər arasında dostluq münasibətlərini inkişaf etdirmək, insan hüquqları və azadlıqların təminatına töhfə verən təşkilatın fəaliyyəti və missiyası onun təsis Nizamnaməsində yer alan məqsəd və prinsiplərə əsaslanır. BMT Nizamnaməsinə əsasən götürülmüş öhdəliklərin üzv dövlətlər tərəfindən vicdanla yerinə yetirilməsi, beynəlxalq mübahisələrin sülh yolu ilə həlli, dövlətlərin ərazi bütövlüyünün qorunması dayanır.
XX əsrdə ikinci dəfə müstəqilliyini əldə etmiş Azərbaycan Respublikasının keçdiyi çətin günlərdə Azərbaycan xalqının müstəqil və suveren dövlətə sahib olmasının dünya tərəfindən hüquqi olaraq tanınmasında da BMT-nin rolu böyükdür. Belə ki, 1992-ci il mart ayının 2-də BMT Baş Assambleyasının 46-cı sessiyasında Azərbaycan dünyanın ən nəhəng təşkilatının 181-ci üzvü oldu. Məhz o müddətdən Azərbaycan BMT-nin alt strukturlarının akkreditasiyasını həyata keçirməklə onlarla hərtərəfli, qarşılıqlı hörmətə əsaslanan nümunəvi əməkdaşlıq edir.
Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ilin sentyabr ayında BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirakı ilə Azərbaycanla BMT arasında məzmunlu tərəfdaşlığın əsası qoyuldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin 25 sentyabr tarixində Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış etməsi ildən ilə daha da güclənən və dərinləşən BMT-Azərbaycan əlaqələrinin bariz nümunəsi kimi dəyərləndirmək olar.
Ümumiyyətlə, 30 ildən artıq keçən müddət ərzində fəal və nümunəvi üzv kimi Azərbaycan beynəlxalq hüquqa hörmət prinsipinə əsaslanaraq BMT çərçivəsində sülh, inkişaf və əməkdaşlığa töhfə verən bir sıra təşəbbüslər irəli sürüb, BMT-nin Gənclər Siyasəti üzrə birinci Qlobal Forumu, V Beynəlxalq Humanitar Forum, Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, COP29 kimi mötəbər tədbirlərə ev sahibliyi edib.
Azərbaycanın BMT ilə əməkdaşlığı təkcə siyasi sahədə deyil, həm də sosial, iqtisadi və humanitar sahələri əhatə edir. Ölkəmiz uzun illər Əhali Fondu, UNİCEF, UNESCO kimi BMT-nin alt strukturları, xüsusilə BMT-nin İnkişaf Proqramı (UNDP) ilə sıx əməkdaşlıq edərək müəyyən olunmuş qlobal sənədlərin icrasına öz fəaliyyəti ilə töhfələr verib.
Xüsusilə, ölkəmizdə ilk akkreditə olunmuş və BMT-nin əsas inkişaf agentliyi olan BMT İnkişaf Proqramının ölkə ərazisində qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçirdiyi layihələr ölkənin davamlı inkişaf konsepsiyasının icrasına praktiki baxımdan ciddi töhfə olub.
UNDP ilə Azərbaycan arasında uzunmüddətli əməkdaşlıq çərçivəsində yoxsulluğun azaldılması, dövlət idarəçiliyinin təkmilləşdirilməsi, ətraf mühitin qorunması, dayanıqlı inkişaf və gender bərabərliyi sahələrində mühüm layihələr həyata keçirilib. Bu əməkdaşlıq Azərbaycanın milli inkişaf strategiyalarının beynəlxalq standartlara uyğunlaşdırılmasında mühüm rol oynadı.
Azərbaycanın BMT ilə əməkdaşlığının ən mühüm mərhələlərindən birini 24 oktyabr 2011-ci ildə BMT Təhlükəsizlik Şurasına (TŞ) qeyri-daimi üzv seçilməsini adlandırmaq olar. Həmin seçki zamanı Azərbaycan 155 ölkənin səsini alaraq, beynəlxalq ictimaiyyətin böyük etimadını qazandı. 2012-2013-cü illər ərzində BMT Təhlükəsizlik Şurasında iştirak edən Azərbaycan, beynəlxalq sülh və təhlükəsizlik məsələlərinin müzakirəsində fəal rol oynadı və qlobal gündəliyin formalaşmasına töhfə verdi. Həmçinin, o zaman qonşu Ermənistanla mövcud münaqişəsinin BMT-nin müvafiq qətnamələri əsasında ədalətli həlli zərurətini dünya ictimaiyyətinin diqqətinə çatdırırdı.
Azərbaycan BMT Təhlükəsizlik Şurasının iclasında qeyri-daimi üzvü kimi ilk dəfə 4 yanvar 2012-ci ildə iştirak edib. Həmin ilin 1 may tarixindən etibarən isə BMT TŞ-yə sədrlik etmişdir. Azərbaycan sədrlik estafetini ABŞ-dən almış və bir ay sonra – iyun ayının 1-də sədrliyi Çinə ötürdü. Azərbaycanın sədrliyi dövründə BMT TŞ 13 açıq, 16 qapalı iclas keçirib. Bu müddət ərzində BMT TŞ-nin 2-si Sudandakı vəziyyətə, 1-i isə Qvineya-Bisaudakı hərbi çevrilişə dair olmaqla 3 qətnaməsi, eləcə də 7 bəyanatı qəbul edilib.
Bu gün BMT ailəsinin tamhüquqlu üzvü olan Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək 2020-ci ildə Cənubi Qafqazda sülhün və təhlükəsizliyin bərqərar edilməsi naminə BMT-nin qətnaməsini təkbaşına yerinə yetirən yeganə dövlətdir. Və bununla da ölkəmiz BMT ilə qurduğu 30 illik güvənə verdiyi dəyəri açıq formada sübut edib.
Hal-hazırda Azərbaycan öz xarici siyasətində beynəlxalq hüququn ali prinsiplərini əsas götürərək, müxtəlif xalqların dinc şəkildə birlikdə yaşaması, dini tolerantlıq, fundamental insan hüquqlarının müdafiəsi, iqtisadi və sosial sahələrdə davamlı inkişafın təmin edilməsini uğurla həyata keçirməkdədir.
Beləliklə, ölkəmiz beynəlxalq platformalarda aparılan müzakirələri, eləcə də beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş, ümumbəşəri dəyərlərin qorunmasına əsaslanan qərarların icrasına hər zaman dünya ictimaiyyəti ilə birgə hörmətlə yanaşır və dünyamızın yeni siyasi arxitekturasının daha mükəmməl, dayanıqlı olması üçün bütün resurslarını səfərbər edir. Bu isə öz növbəsində bir daha Azərbaycanın müəyyən etdiyi multikultural, tolerant, sülh və ədalətə əsaslanmış siyasi baxışlarını əks etdirir.
Məzahir Əfəndiyev,
Milli Məclisin deputatı
13:12 24.10.2025
Oxunuş sayı: 1351