Xankəndidə “Azərbaycan mədəniyyətində Üzeyir Hacıbəyli fenomeni” mövzusunda elmi-praktik seminar keçirilib

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən Qarabağ bölgəsində həyata keçirilən “Mədəniyyət rüzgarı” layihəsi çərçivəsində oktyabrın 21-də Qarabağ Universitetinin İncəsənət fakültəsində “Azərbaycan mədəniyyətində Üzeyir Hacıbəyli fenomeni” mövzusunda elmi-praktik seminar təşkil olunub.
Dahi bəstəkar, musiqişünas alim, pedaqoq, publisist, dramaturq və ictimai xadim Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan tədbirdə universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Əvvəlcə iştirakçılar Şuşa şəhərində Üzeyir Hacıbəylinin, Bülbülün və Xurşidbanu Natəvanın I Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalmış büstlərini ziyarət ediblər.
Seminarı Qarabağ Universiteti İncəsənət fakültəsinin dekanı, bəstəkar Türkər Qasımzadə və MEMİM-in direktor vəzifəsini icra edən, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov açaraq giriş sözü söyləyiblər. Qeyd olunub ki, seminarın məqsədi müasir Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin zəngin yaradıcılıq irsini gənc nəsillərə çatdırmaq, onları maarifləndirmək və milli musiqi dəyərlərinə marağı artırmaqdan ibarətdir.
Bildirilib ki, Üzeyir Hacıbəyli fenomeni artıq bir əsrdən çoxdur ki, Azərbaycan mədəniyyətinin inkişafına mühüm töhfələr verir. Onun yaradıcılığı dünya miqyasında milli musiqimizin zənginliyini nümayiş etdirir.
Tədbir MEMİM-in əməkdaşı, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızının moderatorluğu ilə davam edib. Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının professoru Zümrüd Dadaşzadə “Üzeyir Hacıbəyli dühası XXI əsrin mədəniyyət güzgüsündə” adlı çıxışında yeni faktlar və sənədlər əsasında bəstəkarın yaradıcılığını dünya musiqisi kontekstində təhlil edib, onun ideyalarının aktuallığını vurğulayıb.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Qarabağ Universiteti İncəsənət fakültəsinin baş müəllimi Aybəniz Növrəsli “Üzeyir Hacıbəyli və musiqi pedaqogikası” mövzusunda çıxış edərək musiqi təhsili sahəsində müxtəlif sistemlərdən və onlardan bəhrələnməyin vacibliyindən danışıb.
Məruzəçilər tədbir iştirakçılarının suallarını cavablandırıblar. Sonda Qarabağ Universitetinə bir sıra elmi nəşrlər hədiyyə olunub.
Seminarın gedişində bədii proqram da təqdim edilib. Qarabağ Universiteti tələbə xorunun (bədii rəhbər: Rüfət Xəlilov, konsertmeysterlər: Ehtiram Ağazadə, Aytac Dadaşova) ifasında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından “Qızların xoru” və “Leyli və Məcnun” operasından “Şəbi-hicran” xoru səsləndirilib.
İncəsənət fakültəsinin müəllimi, Əməkdar artist Anar Şuşalı “Arşın mal alan”dan Əsgərin ariyasını (konsertmeyster: Zakir Əsədov) ifa edib. Tələbələr İsmayıl İsmayılov və Elnarə Abdullayeva isə “Leyli və Məcnun” operasından “Görüş” səhnəsini təqdim ediblər. Onları fakültənin müəllimləri Bəhruz Zeynalov (tar) və Fərid Babayev (kamança) müşayiət ediblər.
Qeyd edək ki, MEMİM-in 20–31 oktyabr tarixlərini əhatə edən “Mədəniyyət rüzgarı” layihəsi Qarabağ Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə həyata keçirilir.
Ayan Sədi
19:15 23.10.2025
Oxunuş sayı: 1523