Banklar üçün şəriət şurası yaradılır: Ekspert əhəmiyyətini açıqladı

Bakıda keçirilən “İslam Maliyyə Forumu 2025” tədbiri çərçivəsində ölkədə İslam maliyyə sisteminin inkişafı ilə bağlı mühüm açıqlama verilib. “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin icraçı direktoru Yunus Abdulov bildirib ki, Assosiasiyanın nəzdində Şəriət Şurasının yaradılması prosesi artıq son mərhələyə çatıb. Bu addım ölkədə İslam prinsiplərinə uyğun maliyyə xidmətlərinin inkişafı və sektorun etimad mühitinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu barədə Crossmedia.az-a danışan bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, İslam bankçılığının həyata keçirilməsinə dair qanunvericilik yoxdur: "İslam bankçılığı həyata keçiriləndə Şəriət Şurası lazımdır. Şəriət Şurası bununla müəyyən etməlidir ki, tətbiq olunan İslam bank məhsulları İslam dininə uyğundur, ya yox. Həmçinin Şura qeyri-rəsmi qurum olacaq, yəni onun qərarlarının məcburi qüvvəsi olmayacaq. Çünki Banklar Assosiasiyası özü ictimai birlikdir. Bu, sırf banklara tövsiyə vermək üçündür. Bu Şuraya təbii ki, bankirlərlə yanaşı digər şəxslər də daxil olmalıdır ki, həm işi, həm də dini məsələləri bilsinlər. Çünki yalnız Banklar Assosiasiyasının işçiləri olmamalıdır. Bu halda Qafqaz Müsəlmanları İdarəsi və Dini Komitədən nümayəndələrin fəaliyyət göstərməsi məqsədəuyğundur".
Ekspert xüsusilə qeyd edib ki, əsas vacib məsələ isə oradakı şəxslərin həqiqətən bu sahəni bilməsi, dürüst olması və cəmiyyətdə müəyyən nüfuza malik olmasıdır: "Əks halda banklara gələn müştərilərin etibarını qazana bilməyəcəklər".
Türkan Kərimli
16:11 23.10.2025
Oxunuş sayı: 1669