Avropanın iqtisadi vəziyyəti ürəkaçan deyil - Səbəblər açıqlandı

"Dünya iqtisadiyyatı və Azərbaycan"(Layihənin ideya müəllifi Rüfət Quliyevdir)
Son illərdə Avropa iqtisadiyyatı ciddi struktur və maliyyə çətinlikləri ilə üzləşib. Enerji böhranı, tədarük zəncirlərindəki gərginlik, istehsal xərclərinin artması, eləcə də geosiyasi qeyri-sabitlik Avropa İttifaqının iqtisadi dayanıqlığına mənfi təsir göstərməkdədir. Qlobal bazarlarda baş verən dalğalanmalar, ABŞ və Çin arasında davam edən ticarət gərginliyi, həmçinin Ukrayna müharibəsinin yaratdığı yeni geoiqtisadi reallıqlar Avropanı yeni iqtisadi tərəfdaşlar axtarmağa məcbur edir.
Bu reallıq fonunda Latviya Ticarət və Sənaye Palatasının (LTSP) yeni təyin olunmuş sədri Katrina Zarinanın “Mərkəzi Baltik – Azərbaycan” biznes forumunda səsləndirdiyi fikirlər Avropanın bu istiqamətdəki strategiyasının mahiyyətini aydın şəkildə ifadə edir. Onun sözlərinə görə, Avropa artıq ənənəvi tərəfdaşlarla yanaşı, mədəni və biznes baxımından oxşar prinsiplərə malik, dinamik inkişaf edən ölkələrlə əməkdaşlığı dərinləşdirməlidir. Bu baxımdan Azərbaycan Avropa üçün məntiqli və perspektivli tərəfdaş kimi ön plana çıxır.
Azərbaycan son onilliklərdə regional və beynəlxalq iqtisadi proseslərdə mühüm iştirakçıya çevrilib. Ölkəmizin nəqliyyat-logistika potensialı, enerji resurslarının şaxələndirilməsi istiqamətində gördüyü tədbirlər və Cənub Qaz Dəhlizi kimi iri transmilli layihələr Avropa üçün strateji əhəmiyyət daşıyır. Bununla yanaşı, Azərbaycan son illərdə qeyri-neft sektorunu, xüsusilə də nəqliyyat, logistika, kənd təsərrüfatı və sənaye sahələrini prioritet istiqamətə çevirib.
K.Zarinanın vurğuladığı kimi, Azərbaycanın Şimal ölkələri, Avropa və Asiya arasında körpü rolunu oynaması Baltik regionu üçün də yeni imkanlar açır. Qlobal nəqliyyat marşrutlarında baş verən dəyişikliklər, xüsusilə də Suez kanalında yaranmış problemlərdən sonra Orta Dəhliz (Transxəzər marşrutu) region ölkələri üçün alternativ və etibarlı logistika xəttinə çevrilib. Latviya kimi Baltik dənizi ölkələri bu prosesdə öz tranzit potensiallarını artırmaq və Cənubi Qafqaz vasitəsilə Asiya bazarlarına çıxışı genişləndirməkdə maraqlıdırlar.
Digər tərəfdən, Avropa şirkətləri üçün Azərbaycan bazarı yalnız xammal və enerji mənbəyi deyil, həm də sabit siyasi mühitə malik, iqtisadi islahatlar həyata keçirən və biznesə açıq bir ölkə kimi dəyərləndirilir. Bu baxımdan, Avropa dövlətlərinin iqtisadiyyatında müşahidə olunan durğunluq fonunda Azərbaycanla əməkdaşlıq həm iqtisadi şaxələndirmə, həm də regional sabitliyin təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır.
K.Zarinanın çıxışında səsləndirdiyi “bizə yaxın olan, oxşar biznes mədəniyyətinə malik ölkələrlə əməkdaşlıq” fikri, əslində, Avropanın gələcək iqtisadi strategiyasının əsas istiqamətlərindən birinə çevrilir. Bu yanaşma sadəcə iqtisadi əlaqələri deyil, qarşılıqlı etimad, idarəetmə mədəniyyəti və uzunmüddətli tərəfdaşlıq prinsiplərini də özündə ehtiva edir.
Forumda səsləndirilən fikirlər bir daha göstərir ki, Azərbaycan və Baltik ölkələri, o cümlədən Latviya arasında iqtisadi və logistika əməkdaşlığı qarşılıqlı maraqlara əsaslanır. Bu əməkdaşlıq yalnız ticarət dövriyyəsinin artmasına deyil, həm də regionlararası inteqrasiyanın və Avrasiya iqtisadi məkanında sabit ticarət əlaqələrinin formalaşmasına xidmət edəcəkdir.
Bütün bunlarla bağll Milli Məclisin 4 çağırış deputatı (III, IV, V, VI) iqtisad elmləri doktoru, professor Rüfət Quliyev Crossmedia.az-a danışıb:
"Hazırda Avropanın iqtisadi, xüsusilə də maliyyə vəziyyəti o qədər də ürəkaçan deyil. Hətta demək olar ki, vəziyyət kifayət qədər gərgindir. Bunun bir sıra səbəbləri mövcuddur. Ümumiyyətlə, bazar iqtisadiyyatı şəraitində dövri iqtisadi dalğalanmalar və böhranlar həmişə olub. Təcrübə göstərir ki, təxminən hər 20–30 ildən bir iqtisadi böhranlar baş verir və əgər bu böhran iri dövlətlərdə, xüsusən də ABŞ-də başlayırsa, onun dalğaları mütləq Avropaya və ABŞ ilə sıx iqtisadi əlaqəsi olan digər ölkələrə də təsir göstərir.
Son dövrlərdə daha çox maliyyə böhranları müşahidə olunur. Bunun əsas səbəbi maliyyə alətlərinin sayının kəskin artmasıdır. Məsələn, bu gün dünya iqtisadiyyatının yalnız 25 faizi real istehsal sahəsini, 75 faizi isə maliyyə sektorunu təşkil edir. Halbuki iqtisadi nəzəriyyəyə görə maliyyə sektoru istehsala xidmət etməli, onu dəstəkləməlidir. Lakin bu balans pozulduğu üçün müxtəlif maliyyə alətləri – opsionlar, derivativlər və digər törəmə məhsullar – bazarda süni şəkildə şişirdilmiş vəziyyətə gətirib çıxarıb.
Xatırlayırsınızsa, XX əsrin sonu və XXI əsrin əvvəllərində ABŞ-də ipoteka bazarında başlayan böhran qlobal maliyyə sisteminə sarsıdıcı təsir göstərmişdi. 2008-ci il böhranı bir daha sübut etdi ki, artıq müasir bazar iqtisadiyyatı tamamilə yeni mərhələyə qədəm qoyub. Bu mərhələdə böhranlar əsasən istehsal deyil, maliyyə sahəsindən qaynaqlanır.
Hazırda ABŞ dünya iqtisadiyyatında bir nömrəli qüvvə hesab olunur, lakin alıcılıq qabiliyyəti paritetinə (PPP) görə Çin birinci yerdədir. Bununla belə, Amerika iqtisadi və maliyyə baxımından hələ də daha güclüdür. Qlobal maliyyə sisteminin, bank texnologiyalarının və dünya qızıl ehtiyatlarının böyük hissəsi məhz ABŞ-nin nəzarətindədir. Üstəlik, ABŞ dolları, zəifləməsinə baxmayaraq, hələ də beynəlxalq ticarət və birja əməliyyatlarında əsas valyuta kimi qalır".
Professorun fikrincə, Avropanın bugünkü iqtisadi problemlərinin əsas səbəblərindən biri də ABŞ-nin, xüsusilə Prezident Donald Trampın dövründə həyata keçirilən yeni beynəlxalq ticarət siyasətidir: "ABŞ gömrük rüsumlarını artırmaqla Avropa ölkələrinə qarşı iqtisadi təzyiq vasitəsindən istifadə etdi. Nəticədə ABŞ təxminən 100 milyard dollarlıq əlavə gəlir əldə etsə də, bu məbləğ Amerika iqtisadiyyatı üçün əhəmiyyətli rəqəm sayılmır. Digər tərəfdən, ABŞ-ın Çinlə davam edən ticarət mübahisəsi də qlobal bazarlara mənfi təsir göstərir. İki nəhəng iqtisadiyyat arasında yaranan gərginlik valyuta məzənnələrindən tutmuş birja indekslərinə qədər bütün maliyyə göstəricilərinə təsir edir. ABŞ-də dövlət borcu artıq 37 trilyon dolları keçib. Bu borcun təxminən 75 faizi ölkə daxilindəki hüquqi və fiziki şəxslərə, korporasiyalara, federal qurumlara məxsusdur, 25 faizi isə xarici ölkələrə olan borcdur. Bu göstəricilər maliyyə sabitliyi baxımından ciddi risk yaradır və ABŞ hökuməti tez-tez “shutdown” – yəni büdcə razılaşmasının əldə olunmaması təhlükəsi ilə üzləşir.
Avropa üçün ikinci mühüm problem hərbi xərclərin artmasıdır. Əvvəllər bir çox Avropa ölkələrinin müdafiə büdcəsi ÜDM-in 1,5–2 faizi səviyyəsində idi. Lakin Tramp administrasiyasının NATO ölkələrinə təzyiqi nəticəsində bu göstərici artıq bəzi dövlətlərdə 3–5 faizə qədər yüksəlib. Polşa kimi ölkələr bu artımı reallaşdırsalar da, İspaniya və Yunanıstan kimi dövlətlər buna iqtisadi baxımdan hazır deyillər. Hərbi xərclərin artması sosial proqramların maliyyələşdirilməsini çətinləşdirir, inflyasiyanı artırır və vətəndaşların rifah səviyyəsinə mənfi təsir göstərir".
O söyləyib ki, Avropanın digər ciddi problemi demoqrafik vəziyyətlə bağlıdır: "Əhalinin yaşlanması və gənc nəsil sayının azalması nəticəsində pensiya yükü artmaqdadır. Almaniyada pensiya yaşının mərhələli şəkildə 70-ə qaldırılması müzakirə olunur. Bu, əmək bazarında gənc işçi qüvvəsinin çatışmazlığı ilə əlaqədardır. Əvəzində miqrasiya siyasəti yumşaldılıb, lakin gələn miqrantların əhəmiyyətli hissəsi (təxminən 40–50 faizi) əmək bazarına inteqrasiya olmaq istəmir və sosial yardım hesabına yaşayır. Bu da dövlət büdcəsinə əlavə yük yaradır. Bütün bu problemlər fonunda Avropa yeni enerji və iqtisadi tərəfdaşlar axtarır. Azərbaycan bu baxımdan mühüm strateji mənbəyə çevrilib. Ölkəmiz qaz və neftlə yanaşı, nəqliyyat-logistika sahəsində də böyük potensiala malikdir. Xüsusilə, Suez kanalında yaranan problemlərdən sonra Asiya-Avropa yükdaşımalarında Azərbaycanın tranzit rolu daha da artmışdır. Dəmir yolu və avtomobil nəqliyyatının təhlükəsiz, ritmik və etibarlı olması ölkəmizə əlavə üstünlüklər qazandırır".
Professor, həmçinin hazırda Azərbaycanın qeyri-neft sektorunda uğurla inkişaf etdiyini qeyd edib:
"Bu inkişaf yaxın 3–5 ildə daha da nəzərəçarpacaq nəticələr verəcək. Avropa ilə əməkdaşlıq, qarşılıqlı investisiyalar və ticarət əlaqələrinin genişləndirilməsi ölkəmizin rifahına, iqtisadi sabitliyinə və cəmiyyətin sosial inkişafına mühüm töhfə verəcək. Təəssüf ki, dünyada gedən proseslərin böyük bir hissəsi hələ də sabitlikdən uzaqdır. Hazırda təxminən 25 ölkədə ya müharibə gedir, ya da müharibə təhlükəsi mövcuddur. İsrail-Fələstin münaqişəsi, Rusiya-Ukrayna savaşı, eləcə də Asiya regionunda Hindistan-Pakistan gərginliyi bunun bariz nümunələridir. Müharibələr itkilər, insan tələfatı və resursların səmərəsiz istifadəsi deməkdir.
Azərbaycan son illərdə regionda sabitlik və əməkdaşlıq modeli kimi tanınır. Buna görə də bir çox beynəlxalq təşkilatlar və ittifaqlar ölkəmizlə əməkdaşlıqda maraqlıdır. Azərbaycanın məqsədi aydındır: Qarşılıqlı hörmət və fayda əsasında bütün dövlətlərlə iqtisadi və siyasi tərəfdaşlıq qurmaq, regional sabitliyə və qlobal inkişafa töhfə verməkdir."
Elmir Heydərli
11:13 23.10.2025
Oxunuş sayı: 6438
