Nazir insan kapitalının inkişafı və peşə təhsilinin gücləndirilməsindən danışıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin mərkəzində məhz insan kapitalının inkişafı, sosial müdafiənin gücləndirilməsi və əmək münasibətlərinin təkmilləşdirilməsi dayanır.
Crossmedia.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev “PeşəFest”in yekun tədbirində çıxışı zamanı deyib.
O bildirib ki, mövcud işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması, əmək məhsuldarlığının yüksəldilməsi və milli insan resurslarının beynəlxalq əmək bazarına inteqrasiyası bu istiqamətdə əsas hədəflərdəndir:
"Bu məqsədlə səriştə əsaslı yanaşma tətbiq olunaraq iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən 1500-dən çox peşə və kvalifikasiya standartı hazırlanmış və işəgötürənlərin istifadəsinə təqdim edilmişdir.
Hazırda Azərbaycan gəncləri üçün əsas çağırış - ixtisas seçimini yalnız bu günün deyil, həm də gələcəyin əmək bazarının tələblərinə uyğun şəkildə aparmaqdır. Bunun üçün peşəyönümlü təhsilin gücləndirilməsi, praktik təlimlərin genişləndirilməsi və gənclərin texnoloji yeniliklərə açıq olması mühüm əhəmiyyət kəsb edir.
Aparılan təhlillər göstərir ki, müasir dövrdə işəgötürənlər texniki biliklərlə yanaşı, yumşaq bacarıqlara - ünsiyyət, komanda işi, məsuliyyətlilik kimi keyfiyyətlərə də yüksək dəyər verirlər. Dünya İqtisadi Forumunun proqnozlarına əsasən, 2027-ci ilədək işçi qüvvəsinin 44%-nin əsas bacarıqlarında dəyişiklik baş verəcək ki, bu dəyişikliklər sırasında yumşaq və texnoloji bacarıqlar ön sırada dayanır.
Eyni zamanda, əmək bazarının yeni çağırışlarına cavab olaraq işçilərin müasir trendlərə uyğun yaşıl bacarıqlarla təmin olunması dövlətin məşğulluq siyasətinin mühüm istiqamətlərindən birinə çevrilmişdir".
14:25 22.10.2025
Oxunuş sayı: 920