Boqotada etirazçılar ABŞ səfirliyinə hücum ediblər

Kolumbiyanın paytaxtı Boqotada etiraz aksiyası iştirakçıları ABŞ səfirliyinə hücum ediblər.Etirazçılar ox və yaylardan, həmçinin partlayıcı və yandırıcı maddələrdən istifadə ediblər.
Bu barədə Crossmedia.az Infobae nəşrinin məlumatına istinadən xəbər verir.
Qarşıdurma səfirliyin binası yaxınlığında baş verib. Bəzi etirazçılar maska taxaraq partlayıcı paketlər, “Molotov kokteylləri” və daşlar atıblar. Hadisə nəticəsində dörd polis əməkdaşı yaralanıb.
Kolumbiya prezidenti Qustavo Petro açıqlamasında bildirib:
“Mən Boqotadakı ABŞ səfirliyi ilə bağlı maksimum ehtiyat tədbirləri görülməsi barədə göstəriş vermişəm. Təəssüf ki, ‘Xalqlar Konqresi’ ilə blokadaların qaldırılması barədə razılığa gəldikdən sonra daha radikal bir qrup səfirliyi qoruyan polisə hücum etdi. Bir neçə gənc ox yarası alıb. Səfirlik söz verdiyim kimi qorundu. Kolumbiya beynəlxalq öhdəliklərini yerinə yetirir.”
İnsident ölkədəki sosial gərginlik fonunda baş verib və bəzi radikal qrupların hökumətə qarşı aksiyalarının davamı kimi qiymətləndirilir.
Mehriban İbrahimli
11:38 18.10.2025
Oxunuş sayı: 1076