Qərbi Kaspi Universitetində səmimi və açıq mətbuat konfransı– Rektor Hüseyn Bağırov: İmtahan cəza tədbiri deyil -Reportaj

15 oktyabrda Qərbi Kaspi Universitetində rektor Hüseyn Bağırovun iştirakı ilə mətbuat konfransı keçirilib. Konfransa girərkən başqa bir atmosferlə qarşılaşdım. Alışdığım mətbuat konfranslarından fərqli olaraq bu konfrans dəyirmi masa ətrafında keçirilirdi. Jurnalistlər və tələbələrin iştirakı ilə keçirilən görüşdə ali təhsil müəssisəsinin fəaliyyəti, tələbələr üçün yaradılan imkanlar və universitetin gələcək planları müzakirə olunub.
Rektor Hüseyn Bağırov jurnalistlər tərəfindən verilən bütün sualları aydın və əsaslandırılmış şəkildə cavablandıraraq, universitetin təhsil sahəsindəki uğurlarından və yeniliklərindən danışıb. O bildirib ki, Qərbi Kaspi Universiteti tələbələrin fərdi inkişafına və sosial rifahına böyük önəm verir:
“Hazırda universitetimizdə 45 faizə yaxın tələbə ödənişsiz təhsil alır. Oxumağı və nəticələri ilə seçilən tələbələr üçün 100 faizə qədər güzəşt tətbiq olunur. Bundan əlavə, universitet tərəfindən təqaüdlə təmin olunan tələbələr də var,” – deyə rektor qeyd edib.
Bağırovun sözlərinə görə, universitet tələbələrin yalnız akademik deyil, həm də texnoloji və yaradıcılıq potensialının inkişafına xüsusi diqqət ayırır.
Qərbi Kaspi tələbələri mina axtaran robot da hazırlayıblar
Rektor tədbirdə innovativ layihələrdən də bəhs edib. Onun sözlərinə görə, universitetin tələbələri mina axtaran robot üzərində çalışıblar və layihənin yekun mərhələsindədirlər:
“Tələbələrimiz mina axtaran robot hazırlayıblar. Bu robot həm yaralını daşıya, həm də mina olan əraziyə bayraq qoya bilir. Hazırda bu robotların iş prosesini tamamlayırıq,” – deyə Hüseyn Bağırov bildirib.
O qeyd edib ki, bu kimi layihələr gənclərin praktiki biliklərinin inkişafına, yaradıcı düşüncələrinin reallaşmasına xidmət edir.
“İmtahan müəllimin cəza tədbiri deyil”
Rektor çıxışında tədris prosesi və müəllim-tələbə münasibətlərinə də toxunub. Onun fikrincə, təhsil prosesində əsas məqsəd tələbəyə bilik verməklə yanaşı, ona mənəvi dəstək göstərmək olmalıdır:
“İmtahan hansısa müəllimin tələbəyə tətbiq etdiyi cəza tədbiri deyil. Müəllim auditoriyanın ağası yox, atası və anası olmalıdır. Yalnız bu halda aşılanan biliklər öz bəhrəsini verəcək,” – deyə o vurğulayıb.
Səmimi münasibət və universitet mədəniyyəti
Tədbir boyunca rektorun sadəliyi və səmimiyyəti iştirakçıların diqqətini cəlb edib. Konfransın sonunda Hüseyn Bağırov bütün qonaqlar və jurnalistlərlə görüşərək fikir mübadiləsi apardı. Universitetin tələbələri də davranış və çıxışları ilə mədəniyyət və alicənablıq nümunəsi göstərirdilər.
Qərbi Kaspi Universiteti bu gün ölkənin ali təhsil məkanında özünəməxsus yer tutur. Xaricdə təhsil imkanları, beynəlxalq təhsil mərkəzlərindən professorların cəlb edilməsi, açıq seminarlar və müasir tədris yanaşması ilə universitet gənclərin gələcək inkişafı üçün geniş şərait yaradır.
Ayhan
10:22 17.10.2025
Oxunuş sayı: 1784