Şarm əl-Şeyxdə keçirilən toplantıda iştirak Azərbaycanı ön sıralara, əhəmiyyətli bir mövqeyə gətirir - Deputat

Müstəqil Azərbaycanın xarici siyasət strategiyasının mərkəzində beynəlxalq arenada fəal iştirak, qlobal proseslərdə söz sahibi olmaq və regionda sülhün, təhlükəsizliyin təmininə töhfə vermək dayanır. Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və çoxşaxəli diplomatik xətt nəticəsində Azərbaycan bu gün təkcə regionda deyil, dünya miqyasında da mühüm qərarların verildiyi platformalarda etibarlı tərəfdaş kimi tanınır. Oktyabr ayı ərzində dövlət başçısının ardıcıl şəkildə dünyanın müxtəlif bölgələrində keçirilən beynəlxalq sammitlərdə iştirakı da bu siyasətin bariz göstəricisidir. Prezident İlham Əliyev həm Avropada, həm Asiyada, həm də Yaxın Şərqdə aparılan müzakirələrdə Azərbaycanın sülhə, əməkdaşlığa və ədalətli beynəlxalq münasibətlərə sadiqliyini bir daha nümayiş etdirdi.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Jalə Əliyeva Crossmedia.az-a açıqlama verib: "Prezident İlham Əliyev oktyabr ayı ərzində dörd dəfə dünyanın fərqli qitələrində, fərqli coğrafiyalarında, fərqli sammitlərdə iştirak etdi, zirvə toplantılarında çıxışlar etdi. Bilindiyi kimi, Cənab Prezident oktyabr ayının əvvəlində öncə Avropa Siyasi Birliyinin sammitində, Kopenhagendə keçirilən toplantıda iştirak etdi. Daha sonra isə həmin bu Kopenhagen səfərinin ardınca Türk Dövlətləri Təşkilatının Qəbələdə – yəni Azərbaycanımızda keçirilən sammitində iştirak etdi. Daha sonra ardıcıl olaraq, ötən günlərdə, 9–10 oktyabr tarixlərində Müstəqil Dövlətlər Birliyinin rəhbərlərinin zirvə toplantısında – Düşənbədə iştirak etdi və indi də Misirdə, Şarm əl-Şeyxdə növbəti beynəlxalq tədbirin – nüfuzlu bir tədbirin iştirakçısı və ən hörmətli qonaqlarından biridir".
Deputat həmçinin qeyd edib: "Ümumiyyətlə, Amerika Birləşmiş Ştatları Prezidentinin Cənab Prezidentə ünvanladığı fikirlər bir daha Prezident İlham Əliyevin və ölkəmizin beynəlxalq nüfuzunu ortaya qoyan, bunu sübut edən əhəmiyyətli ifadələrdir. Ölkəsi müharibədən yeni çıxmış, işğaldan azad olunmuş, zəfərini yeni qazanan və indi sülh yaratmaq missiyası ilə dünyaya müraciət edən bir dövlət kimi Azərbaycanın bu əhəmiyyətli tədbirlərdə iştirakı, xüsusilə də 12 oktyabrda Şarm əl-Şeyxdə keçirilən və birbaşa Qəzzədə müharibənin dayandırılması, qan axıdılmasının qarşısının alınması, atəşkəsin təmin olunması məsələlərinin müzakirə olunduğu toplantıda iştirakı, əlbəttə ki, Azərbaycanı çox ön sıralara, əhəmiyyətli bir mövqeyə gətirir. Münaqişələrin ədalətli və qalıcı həllində söz sahibi ola biləcək bir ölkə mövqeyinə sahib olması da bu reallığı təsdiqləyir. Bütün bunlar, əlbəttə ki, illərin təcrübəsinə, idarəçilik bacarığına, hadisələri praqmatik qərarlarla qabaqlama qabiliyyətinə və eyni zamanda dünya siyasətini dərindən bilməyə əsaslanır. Bu siyasətin mərkəzində yer almaq imkanına sahib olması, Prezident İlham Əliyevi bu gün dünyanın ən nüfuzlu rəhbərlərindən biri, qlobal səviyyədə tanınan və qəbul edilən lider kimi önə çıxarır".
Ayhan
17:23 14.10.2025
Oxunuş sayı: 7736