Azərbaycan liderinin beynəlxalq tədbirlərdə iştirakı hər zaman konkret məzmun və təşəbbüslərlə müşayiət olunur - Deputat

Bu gün beynəlxalq münasibətlər sistemində dövlətlərin sülh təşəbbüslərində iştirakı onların yalnız regional deyil, həm də qlobal miqyasda çəkisini müəyyənləşdirən əsas amillərdən birinə çevrilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirakı da məhz bu baxımdan mühüm tarixi hadisədir.
Bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova Crossmedia.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Şarm əl-Şeyxdə keçirilən sammit Yaxın Şərqdə uzun illər davam edən gərginliyin yumşaldılması, xüsusilə də Qəzza bölgəsində humanitar fəlakətin qarşısının alınması məqsədini daşıyırdı:
“Bu mühüm toplantıya 20-dən çox ölkənin liderlərinin dəvət olunması ilə yanaşı, Azərbaycanın dövlət başçısının da dəvət alması, ölkəmizin beynəlxalq diplomatiyada etibarlı tərəfdaş, sülh və təhlükəsizlik proseslərinin aktiv iştirakçısı kimi qəbul olunduğunu bir daha sübut etdi. Cənab Prezident İlham Əliyevin sammitdə iştirakı Azərbaycanın artan beynəlxalq nüfuzunun və çoxşaxəli xarici siyasətinin məntiqi nəticəsidir. Bu, həm də ölkəmizin balanslı, müstəqil və praqmatik diplomatiyasının qlobal səviyyədə qəbul edilməsinin bariz göstəricisidir”.
S.Salmanova bildirib ki, ölkə bsşçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün həm regional, həm də beynəlxalq arenada dialoq və əməkdaşlığın təşviqçisi kimi çıxış edir:
“Ölkəmiz Türk dünyasında, İslam aləmində, həmçinin Qərb strukturları ilə münasibətlərdə balanslı mövqeyini qorumağı bacarıb. Bu xüsusiyyət Azərbaycanı dünyanın müxtəlif siyasi blokları arasında etibarlı vasitəçi dövlət kimi fərqləndirir. Yaxın Şərq Sülh Sammitində iştirak da məhz bu siyasətin davamıdır. Azərbaycan, bir tərəfdən, İslam dünyasının üzvü kimi humanitar ədalətin bərqərar olunmasını dəstəkləyir, digər tərəfdən isə beynəlxalq hüququn və dövlətlərin suverenliyinin qorunması prinsipini müdafiə edir. Bu mövqe onu Yaxın Şərq münaqişələrinin həllində obyektiv və balanslı tərəf kimi göstərir”.
Parlamenteri söyləyib ki, Azərbaycan liderinin beynəlxalq tədbirlərdə iştirakı hər zaman konkret məzmun və təşəbbüslərlə müşayiət olunur:
“Cənab Prezident İlham Əliyevin Yaxın Şərq Sammitinə dəvət edilməsi və orada iştirakı Azərbaycanın BMT-nin prinsiplərinə və beynəlxalq ədalətə sadiqliyini bir daha nümayiş etdirdi. Bilirsiniz ki, Azərbaycan son illərdə münaqişələrin sülh yolu ilə həlli, humanitar diplomatiya və enerji təhlükəsizliyi sahəsində təcrübəsini dünyaya təqdim edən ölkəyə çevrilib. 44 günlük Vətən müharibəsindən sonra regionda sülh və ədalətin bərpa olunması istiqamətində atılan addımlar Azərbaycanın praktiki sülh quruculuğu modelinin nümunəsinə çevrilib. Bu təcrübə indi Yaxın Şərq müzakirələrində də örnək kimi göstərilir”.
Deputat vurğulayıb ki, cənab Prezident İlham Əliyevin Yaxın Şərq Sülh Sammitində iştirakı Azərbaycanın qlobal diplomatiyada yeni mərhələyə qədəm qoyduğunu göstərdi:
“Bu, ölkəmizin həm İslam dünyası, həm də Qərb dövlətləri ilə əməkdaşlıq platformasında sülh və sabitlik naminə mühüm missiya yerinə yetirdiyini nümayiş etdirir. Azərbaycanın səsi artıq təkcə Qafqazda deyil, Yaxın Şərqdə, Avropada və dünyanın siyasi mərkəzlərində də eşidilir. Bu səs sülhün, ədalətin və beynəlxalq həmrəyliyin səsidir”.
Kənan Novruzov
10:57 14.10.2025
Oxunuş sayı: 1295