Azərbaycanın müəyyən etdiyi sülh gündəliyi regionun inkişafına xidmət edir- Deputat

Azərbaycan həm İran, həm də Rusiya ilə münasibətlərində mehriban qonşuluq, qarşılıqlı anlaşma və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqdir.
Azərbaycan Baş nazirin müavini Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan, Rusiya və İran hökumət nümayəndələrinin üçtərəfli görüşündə çıxışı zamanı deyib ki, ölkəmiz həm İran, həm də Rusiya ilə münasibətlərində mehriban qonşuluq, qarşılıqlı anlaşma və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqdir.
O, bu xüsusda hər iki ölkə ilə çoxşaxəli əlaqələr bundan sonra da həm ikitərəfli, həm də üçtərəfli müstəvidə dostluq və qarşılıqlı faydalı əməkdaşlıq ruhunda inkişaf edəcəyinə, yeni məzmunla daha da zənginləşəcəyinə əminliyini ifadə edib.
"Bütün sahələrdə əməkdaşlığın inkişafı üçün regionda sülh, sabitlik, təhlükəsizlik, rifah və əməkdaşlıq təşəbbüslərinin gücləndirilməsi olduqca önəmlidir. Bu baxımdan Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılmış "3+3" regional məşvərət mexanizminin aktuallığı artmaqdadır. Bu təşəbbüs mövcud ikitərəfli və digər əməkdaşlıq formatlarını tamamlayır, regional təhlükəsizliyi və sabitliyi gücləndirir, iqtisadi artım və tərəqqi naminə yeni imkanlar yaradır".
Rəsmi Bakının qonşu ölkələrlə əlaqələrinin regional təhlükəsizliyə təsiri barədə Crossmedia.az-a danışan Məclisin deputatı Azər Allahverənov bildirib ki, Azərbaycan regionda sülhün və sabitliyin əsas dayağıdır: “Azərbaycan, həqiqətən, çox nadir dövlətlərdən biridir ki, bütün qonşularla yaxın tərəfdaşlıq və qarşılıqlı əməkdaşlıq prinsipləri üzərində köklənən münasibətlərin qurulmasında maraqlı olmuşdur. Hətta 30 ilə yaxın belə torpağımızın beşdə bir hissəsini işğal altında saxlayan Ermənistanla münasibətdə belə 44 günlük Vətən müharibəsindən sonra sülh əlini uzatmış oldu. Nəticə etibarilə elə 2021-ci ildən etibarən Azərbaycanın irəli sürdüyü sülh prinsiplərini özündə ehtiva edən sülh sənədi 2025-ci ilin mart ayında 17 bənddən ibarət olan bir sənəd formatında artıq razılaşdırılarıldə. Sonrakı mərhələdə, avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli görüş zamanı paraflandı. Gördük ki, hətta Ermənistanla münasibətdə Azərbaycan hər zaman əməkdaşlığın post münaqişə dövrünə xas şəkildə inkişaf etdirməkdə maraqlı oldu və bütövlükdə Cənubi Qafqaz bölgəsində sülh və sabitliyin təmin olunması üçün bütün qonşularla yaxın münasibətlərin inkişaf etdirilməsində, əməkdaşlığın yeni müstəvilərə çıxarılmasında maraqlı olması ilə yanaşı, həm də buna xidmət edən bir çox vacib fəaliyyətlər həyata keçirməkdədir. Hətta bir sıra yeni təşəbbüslərlə də çıxış etməkdədir. Məsələ bundadır ki, sülh və sabitlik eyni zamanda o zaman mümkün olur ki, yaxın qonşularla münasibətdə sülh şəraitində yaşayasan. Ermənistanla münasibətlərdə bu, hər zaman problem olub”.
Parlamentari xatırladıb ki, Ermənistan-Türkiyə münasibətləri 1990-cı illərin əvvəllərindən etibarən, xüsusilə də Azərbaycan torpaqları işğal altına düşdükdən sonra soyuqlaşmışdır: “Ermənistanın Azərbaycana qarşı bəlli işğalçılıq siyasət olub. Yəni Gürcüstana qarşı da zaman- zaman ərazi iddiaları olub. Yəni nəticə etibarilə, Ermənistanın dörd qonşusu varsa, onun üç qonşusuna münasibətlər nəinki soyuq olub, hətta Azərbaycanla bağlı münasibətdə daha çox düşmənçilik prinsipləri üzərində köklənmiş bir xarici siyasət kursu olmuşdur. Amma Azərbaycan, əksinə, yaxın qonşuları olan Rusiya və İranla çox yaxın münasibətlər qurmaqda hər zaman maraqlı olub. Hətta istər Tehran, istər Moskva ilə bağlı zamanında münasibətlərdə hansısa səbəblər ucbatından müəyyən soyuqlaşmalar olsa da, sonrakı mərhələdə praqmatik yanaşma nəticəsində problemlər həll olundu.
Eyni zamanda, yaddan çıxarmayaq ki, Azərbaycan Cənubi Qafqaz bölgəsində əsas dövlətlərdəndir. Məhz ölkəmiz hesabına bu gün Avropanın enerji təhlükəsizliyi problemi həll olunur. Məhz Azərbaycan sayəsində orta dəhlizin funksionallığı bir nəqliyyat dəhlizi olaraq daha da artırılır və onun yükdaşıma, yük ötürmə qabiliyyətləri artır. Eyni zamanda, şimalla cənubu əlaqələndirən nəqliyyat dəhlizlərinin Azərbaycan üzərindən getməsi də beynəlxalq nəqliyyat dəhlizlərinin bir-birinə inteqrasiya olunması baxımından yeni imkanlar açıq”.
Müsahibimiz, həmçinin söyləyib ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) platforması daxilində qonşuları ilə münasibətləri inkişaf etdirir: “Türk Dövlətləri Təşkilatı (TDT) daxilində də eyni tendensiyasını müşahidə edirik. MDB daxilində də Rusiya ilə münasibətlər bütün sahələr üzrə inkişaf edir. Azərbaycanın bu siyasətini bir çox dövlət lideri təqdir edir. Bu da ondan xəbər verir ki, Azərbaycanın müəyyən etdiyi sülh gündəliyi regionun inkişafına xidmət etməklə yanaşı, həm də bölgələrarası qarşılıqlı təsir və əlaqələrin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Hətta biz Avrasiya qitəsində icra olunan və məhz Azərbaycanın yaxın iştirakı ilə həyata keçirilən inteqrasiya proseslərinin məhz Avropa ilə Asiya qitələrinin əlaqələndirilməsi sahəsində baş verdiyini görürük. Beləliklə, Bakı nəinki sülh və sabitliyin təmin olunmasına səbəb olan bir reallıq yaratmış olur, eyni zamanda, bir çox bölgəni əlaqələndirərək sülh və sabitlik platforması üzərindən böyük bir inkişafa xidmət edən inteqrativ funksiyanı ortalığa qoyan dövlətlərdən birinə çevrilir”.
Günel Verdiyeva
20:44 13.10.2025
Oxunuş sayı: 5635