Crossmedia.az analitik- informasiya portalı Milli Məclisin deputatları ilə silsilə müsahibələri davam etdirir. Bu dəfəki müsahibimiz Milli Məclisin Eım və Təhsil və Mədəniyyət komitəsinin üzvü, filologiya elmləri doktoru, ədəbiyyatşünas Elnarə Akimovadır. Onunla İkinci Qarabağ müharibəsinin ədəbiyyat və mədəniyyətimizə təsirindən, ötən illər ərzində həmin sahələrdə baş verən dəyişikliklərdən, təhsil sahəsidəki problemlərdən danışmışıq.
Müsahibəni təqdim edirik:
- Elnarə xanım, bir çoxuna görə ədəbiyyat gerçək həyatın inikasıdır. Necə düşünürsünüz, İkinci Qarabağ müharibəsindən sonra yaranan reallıqlar, sosial psixologiyamızdakı yeni ovqat ədəbiyyatımızda necə ifadə olundu?
- Ədəbiyyat yalnız inikas deyil, həm də ora öz əlavələrini qatan və dünyanı bir az da fərqli müstəvidə duyub dərk etməyə imkan yaradan yaradıcılıq sahəsidir. İkinci Qarabağ müharibəsindən sonra yaranan reallıqlar əlbəttə ki, fərqli diskurs tələb edir. Baxışlar, imperaivlər dəyişib. Biz tarixi proseslərin axarını, milli aqibətimizi dəyişən bir Vətən müharibəsinin, Qarabağ savaşının içindən keçdik. Müharibə elə güclü bir təkandır ki, yeni keyfiyyətlər doğurmaya bilməz. Ədəbiyyatımıza bir çox yeni tip və obrazların gələcəyi, özləri ilə bərabər yeni süjet, mühit, dil xüsusiyyətləri və nəhayət, mədəniyyət gətirəcəyi şübhəsizdir. Biz artıq məğlub deyil, qalib ölkənin qələm adamlarıyıqsa, bu əzm duyğusunun müəlliflərə ayrı bir impuls verəcəyi qaçılmaz faktdır. Sadəcə elə məsələlər var ki, biz az şüuraltı idrakını gözləyir. Bilirsiz, 30 illik işğalın gətirdiyi həsrətin 44 gündə bitməsi bir az çaşqınlıq yaratdı, sanki şüuraltımız bu gözlənilməzliyə hazır deyildi. Bu mənada, çağdaş ədəbi prosesdə həzin bir içəçəkilmə var. Zahirən zəfərimizlə bağlı heç bir qaynarlıq, hadisə yaradan mətn çabaları görünmür. Ancaq bu durğunluq deyil: indi ədəbi gedişat şair və nasirlərin içində baş verir; həyata, mövcud cəmiyyətə diktəli yox, analitik baxışın dramatizmi gücləndikcə bədii idrakın və inikasın "sualtı axını" sürətlənəcək.
- Bu il Vətən müharibəsinin üzərindən beş il keçir. Necə düşünürsünüz, bu münasibətlə ədəbiyyat, mədəniyyət sahələrində hansı işlər görülməlidir?
- Zəfərimizi dünyaya siyasətin dili ilə çıxarmağı və yazdırmağı Azərbaycan Prezidenti İlham Əliyev çoxdan bacarıb. Vaşinqtonda sülh sazişini paraflamağa qədər dalğalandırıb ölkəsinin bayrağını. Amma sənətin də üzərində düşən missiya var və onun dili başqadır. Şuşanın alınmasının özü bir romandırsa, niyə bunu əks edən əsərimiz, filmimiz olmasın?! Elə həqiqətlər var ki, onlar heç nədən impuls almadan öz bədii gerçəkliyini yaşamalıdır. İnsan həqiqəti, fərdin ağrısı! Müharibə, ilk növbədə, sonsuz insan talelərinin, insan əzablarının yaşandığı amil olaraq amansız gerçəklikdir. Müharibədə olmuş, can fəda etmiş, yaxud psixoloji təsirə məruz qalmış insanların dramı gətirilməlidir mətnlərə, filmlərimizə. Sənət bu ağrını göstərə, ötürə biləcəyi qədər böyükdür.
- Şəxsən sizin özünüzün, həm də bir deputat kimi hansı planlarınız, təşəbbüsləriniz var?
- Məni elə sənətlə, ədəbiyyatla, elm və təhsillə bağlı bir çox məsələlər narahat edir. Vaxtaşırı bu məsələləri aktuallandırıram Milli Məclisdə. Dərsliklərin vəziyyəti, regionlarda yaşayan müəllimlərin problemləri, əyalətlərdə olan kitabxanaların təmirə ehtiyacının olması, kitab və jurnallarda çıxan məqalələrin vergidən azad olunması və s. İnşaallah, payız sessiyamız indi başlayıb. Parlamentin yeni sessiyasında mən daha çox Azərbaycan ədəbiyyatının inkişafı və milli mədəniyyətimizin gələcək nəsillərə ötürülməsi istiqamətində bir sıra qanunvericilik təşəbbüsləri barədə təkliflərimi səsləndirməyi düşünürəm. Çünki ədəbiyyat yalnız mədəni irsimizin mühüm tərkib hissəsi deyil, həm də xalqımızın mənəvi kimliyini, tarixi yaddaşını və ideallarını qoruyub gələcəyə daşıyan ən güclü vasitədir. Bu baxımdan, yeni parlament sessiyasında bir neçə istiqamətdə təklif irəli sürəcəm. Yazıçılara ədalətli qonorar sistemi formalaşdırılmalıdır. Hər bir qələm adamı öz zəkasının qarşılığını almalıdır ki, gələcəkdə uğurlu əsərlər meydana qoysun. Bunun üçün əsas amil dövlət dəstəyi və yaradıcılığın stimullaşdırılmasıdır. “Ədəbi yaradıcılığın inkişafı haqqında” ayrıca qanunun qəbul olunması, yazıçıların sosial müdafiəsini gücləndirən mexanizmlərin işlənməsi zəruridir. Eyni zamanda, dövlət tərəfindən ədəbi müsabiqələr və qrant proqramları həyata keçirilməli, gənc qələm sahiblərinə geniş imkanlar yaradılmalıdır. Bir qədə əvvəl Zəfərimizlə bağlı əsərlərin meydanda olmaması faktından bəhs etdik. Amma biz yazıçılara bu əsərləri yazmaq üçün hansı dərəcədə maddi stimul, dəstək verə bilirik? Bu məsələlər tənzimlənməlidir ilk növbədə. Daha bir təklifim təhsil və milli ədəbi irs ola bilər. “Təhsil haqqında” qanuna dəyişikliklərlə məktəb və universitet proqramlarında klassik və müasir Azərbaycan yazıçılarının əsərlərinə daha geniş yer verilməli, milli ədəbiyyat nümunələrinin elektron arxivi yaradılmalıdır. Bununla yanaşı, “Milli Ədəbiyyat Fondu”nun təsis olunması da təkliflər sırasındadır. Oxu mədəniyyətinin inkişafı və kitabxana şəbəkəsinin gücləndirilməsi lazımdır. Region kitabxanalarının fəaliyyətinin genişləndirilməsi üçün hüquqi baza yaradılmalı, uşaqlar və gənclər arasında oxu vərdişlərini artırmaq məqsədilə “Oxu mədəniyyəti haqqında” qanun qəbul edilməlidir. Nəhayət, Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə təbliği başlıca məqsədimiz olmalıdır. Bunun üçün ölkə başçısı, Azərbaycan Prezidenti İlham Əliyev bu il, iyulun 31-də ard-arda çox mühüm qərarlara imza atdı. Ümumiyyətlə, Cənab Prezident ədəbiyyatın, klassik irsin, milli ruhun qorunması istiqamətində çox mühüm qərarlar imzalayır. Bu qərarlar kağız üzərində qalmamalıdır. Bu qərarlardan irəli gələrək dövlət dəstəyi ilə ədəbiyyatımızın dünyaya çıxışı üçün uğurlu tərcümə layihələri həyata keçirilməli, hüquqi və maliyyə mexanizmləri təsbit olunmalıdır. Ədəbiyyatın inkişafı millətin inkişafı deməkdir. Bu təşəbbüslərin həyata keçirilməsi həm milli-mənəvi irsimizin qorunmasına, həm də Azərbaycan ədəbiyyatının dünya miqyasında tanıdılmasına böyük töhfə verəcəkdir.

- Həm ədəbiyyatda, həm də mədəniyyətdə əsas problemlərdən biri müəlliflik hüquqlarının pozulması ilə bağlıdır. Bu məsələni necə həll etmək olar?
- Bu məsələ bizdə qanunvericilik səviyyəsində tənzimlənmiş olsa da, təəssüf ki, praktik tətbiqdə ciddi problemlər qalmaqdadır. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanun 1996-cı ildən qüvvədədir və beynəlxalq normalara uyğunlaşdırılıb. Qanun müəllifin əsərinə aid bütün hüquqları – istifadə, yayım, tərcümə, nəşr və s. qoruyur. Lakin nəzarət mexanizmləri zəifdir, xüsusən də rəqəmsal mühitdə, yəni sosial şəbəkələr, onlayn platformalar, kitab saytlarında hüquq pozuntuları geniş yayılıb. Müəlliflər çox vaxt əsərlərinin icazəsiz paylaşılması, plagiat, tərcümə və uyğunlaşdırma zamanı adlarının göstərilməməsi kimi hallarla üzləşirlər. Qarşısını almaq üçün hüquqi maariflənməyə ehtiyac var. Yaradıcı şəxslərin çoxu öz hüquqlarını tam tanımır. Plagiata qarşı ictimai qınaq lazımı səviyyədə deyil. Müəlliflik hüququnun pozulmasına görə sanksiyalar real tətbiq edilmir. Zənnimcə, rəqəmsal mühitdə müəllif hüquqlarını qorumaq üçün ayrıca mexanizmlər yaradılmalıdır, plagiat faktı sübut olunduqda maddi və inzibati cərimələr real şəkildə tətbiq edilməlidir. Hüquq pozuntularının qarşısını almağa yönəlmiş maarifləndirmə işləri aparılmalı, hüquq pozanlara qarşı qanuni tədbirlər görülməli, Əqli Mülkiyyət Agentliyi kimi qurumların fəaliyyəti gücləndirilməli və məhkəmə prosesləri sadələşdirilməli, həmçinin yaradıcıların öz hüquqlarını qorunması üçün daha asan mexanizmlər yaradılmalıdır.
- Tv məkanında - istər serial və filmlərdə, istərsə də əyləncəli proqramlarda bəzən etikadan kənar, milli mədəniyyətimizə zidd halların şahidi oluruq. Sanki komediya da bayağılaşır. Bu problemin həlli ilə bağlı hansı təklifləriniz var?
- Bu barədə dəfələrlə etirazımı bildirmişəm. Amma televiziya rəhbərlərinin özündə bu müqavimət hissi yaranmasa effektini görməyəcəyik. Bunun üçün isə xalqa, onun gələcəyinə can yanğısı, milli təəssübkeşlik niyyəti olmalıdır. Bu gün televiziyada ağırlıq təşkil edən şou verilişləri, sosial yönümlü proqramlar o qədər bayağı, antiestet bir ruhla hazırlanır ki, nəticədə ağıllı, intellektual tamaşaçını da ekran qarşısından perik salır. Ona görə ilk növbədə, ağırlığı elmin, mədəniyyətin təbliği üstündə qurulan verilişlərə vermək, bu verilişlərin effektiv təsir göstərməsini təmin etmək üçün milli məfkurə xəttini, vahid dövlətçilik ideyalarını dominanta çevirmək lazımdır. Bir də televiziyalar arasında bu yöndə rəqabəti gücləndirməyə ehtiyac var. Təəssüf ki, bu gün televiziya kanalları arasında rəqabət ancaq şou proqramları, sosial yönümlü verilişlər arasında gedir. “Kto bolşe” – yarış dəyərlərin deyil, dəyərsizliyin təbliğini prioritetə çevirmək uğrundadır. Halbuki indi televiziyalar məhz mədəniyyətin, elm və tariximizin təbliğində rəqabətə təşəbbüskar olmalı, rəqabətdən yorulmamalıdırlar. Bu, mədəniyyətin cəmiyyətdə inkişafına ən böyük stimulu verər.

- Şəhərin bir çox yerlərində hələ də kiril qrafikası ilə yazılı olan abidələr var. Parlamentdə bu məsələ müzakirə olunurmu? Sizcə, kiril qrafikasından tamamilə imtina etməyin vaxtı çatmayıb?
- Haqlısınız, paytaxt Bakıda və bir sıra regionlarda hələ də kiril qrafikası ilə yazılmış lövhələr, abidə yazıları və küçə adları qalmaqdadır. Bu, əsasən sovet dövründən miras qalan memarlıq və bədii elementlərdə, eləcə də bəzi tarixi abidələrdə müşahidə olunur. Kiril qrafikasından tamamilə imtina etməyin vaxtı çatıb-çatmaması əsasən mədəni irsin qorunması və ictimai rəyin dəyişməsindən asılıdır. Əlbəttə kiril əlifbasında yazılı abidələrin qalması vizual və ideoloji ikilik yaradır, gənc nəsil bu yazıları oxuya bilmir, bu isə mədəni yaddaşla müasir dildə ifadə arasında uçurum yaradır. Qeyd edim ki, Milli Məclisdə bu məsələ vaxtaşırı qaldırılıb, xüsusən Mədəniyyət, Elm və Təhsil komitələrinin iclaslarında və ayrı-ayrı deputat çıxışlarında bu problemə toxunulub. Lakin bu məsələyə mədəni irs aspektindən yanaşdıqda, bəzi abidələrdə kiril yazısının saxlanılması tarixi dövrün izini qorumaq baxımından məqsədəuyğun sayılır. Bu səbəbdən, tam şəkildə silinməsi deyil, adekvat yanaşmalar təklif olunur. Məsələn, kiril əlifbası ilə təqdim olunan tarixi və bədii dəyərləri olan abidələrin yanında latın qrafikası ilə izah lövhəsi yerləşdirməklə. Belə olan təqdirdə həm abidələrin tarixi səciyyəsi qorunar, həm də Azərbaycan dilinin müstəqilliyi və onun milli identikliyin bir hissəsi olmaq statusu.
- Elnarə xanım, alim, Elm və Təhsil komitəsinin üzvü kimi bu məsələ ilə bağlı da fikirləriniz maraqlıdır: gənc alimlər, tədqiqatçılar dissertasiya işlərini yazdıqdan sonra bəzən müdafiəyə buraxılmaq üçün illərlə gözləməli olurlar. Xarici ölkələrdə, o cümlədən Türkiyədə isə praktika bir qədər fərqlidir. Müdafiə prosesini daha da sadələşdilməsi, tezləşdirilməsi gündəmdədirmi?
- Məncə, bizdə illərlə gözləmə yoxdur. İş normal yazılıbsa, prosedur qaydası üzrə müxtəlif mərhələlərdən keçdikdən sonra müdafiəyə buraxılır. Bunu işin içində olan şəxs kimi deyirəm. O başqa məsələ ki, müəyyən formallıqlar, tələblər yumşaldılmalıdır. Məsələn, dediyiniz kimi, Türkiyədə, o cümlədən Avropa ölkələrində universitetlərin özləri dissertasiya müdafiəsini təşkil edir, müdafiə hüququ həmin universitetin elmi şuasına verilir. Belə olduğu təqdirdə namizəd elmi rəhbərin və fakültə komissiyasının razılığı ilə daha tez müdafiəyə çıxa bilir. Mənsə, bizdə əsas məsələ həm də araşdırmanın, tədqiqatın elmi səviyyəsinin, məziyyətinin meyara çevrilməsi şəklində qoyulmalıdır. Elə etmək lazımdır ki, zəif iş yazanlar, elmi təfəkkürdən xali olanlar gəlib kiminsə yerini tutmasınlar. Hazırda müdafiə prosesinin sadələşdirilməsi məsələsi gündəmdədir və bu istiqamətdə müəyyən addımlar atılır. Lakin hələlik sistem tam liberallaşmayıb, əsas qərar və təsdiq mərhələsi hələ də AAK-ın nəzarətindədir.
- Siz həm də Azərbaycanla Rusiya arasında parlamentlərarası əməkdaşlıq komissiyasının üzvüsünüz. İkitərəfli əlaqələrin hazırkı səviyyəsini, o cümlədən liderlərin Düşənbədəki görüşündən sonrakı yeni dinamikanı necə qiymətləndirirsiniz?
- İkitərəfli münasibətlərdə vəziyyət normaldır, streteji tərəfdaşlıq və qarşılıqlı hörmət səviyyəsindədir. Bu ayın 9-da Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan görüş bunu deməyə əsas verir və iki ölkə arasındakı münasibətlərin yeni bir mərhələyə qədəm qoyduğunu göstərir.
Düzdür, hər iki tərəfdə müəyyən maraqlılar var ki, revanşist mövqe tutub münasibətlərə xələl gətirməyə çalışırdılar. Son vaxtlar intriqaların yaranmasına zəmin yaradan müəyyən hallarla rastlaşmışdıq, bunu dana bilmərik. Xüsusilə Rusiyanın son zamanlar Azərbaycanın hər bir addımında özünə qarşı düşmən mövqeyi axtarmağa çalışması yaxşı tendensiya deyildi. Halbuki yaxşı bilirlər ki, Azərbaycan bütün ölkələrlə balanslı, harmoniyaya və qarşılıqlı etimada əsaslanan siyasət yürüdür. Ümumiyyətlə, dövlətlərarası münasibətlərdə ziddiyyətlərə yol vermək düzgün deyil. Bunu ölkə başçımız, Cənab İlham Əliyev də çıxış və müsahibələrində dəfərlərlə vurğulayır. Çünki burada həm xalqın maraqları, həm də insanların təhlükəsizliyi var. Rusiyada iki milyona yaxın soydaşımız yaşayır. Gərginliklər hər an alovlana bilər, münaqişə ocaqlarını yaratmağa çalışan, xaosdan qidalanan qüvvələr də daim işlək vəziyyətdədir. Buna yol verməmək üçün bir az tolerant olmaq, ortaq məxrəclərə gəlmək, dialoq aparmaq və fikir mübadiləsi etmək ən doğru yoldur və bizə yaraşan da budur.
Kənan Novruzov