Xarici mətbuat görkəmli şərqşünas-alim Aida İmanquliyeva haqqında məqalə yayımlanıb

Əlcəzairin “Əl Hərir”, Tunisin “Shams-alyaoum”, Mavritaniyanın “tanidmedia.net” və “elmouritany.info” xəbər portallarında “Aida İmanquliyeva – Azərbaycan şərqşünaslığının qabaqcıl nümayəndəsi və XX əsrin görkəmli mədəniyyət xadimlərindən biridir” sərlövhəli məqalə yayımlanıb.
Crossmedia.az xəbər verir ki, məqalədə Aida İmanquliyevanın təhsil yolu, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ərəb filologiyası üzrə təhsili, SSRİ Elmlər Akademiyasının Asiya Xalqları İnstitutunda doktorantura illəri və Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutundakı elmi fəaliyyəti haqqında geniş məlumat verilir.
Eyni zamanda, onun “Mixail Nüaymə və Qələm Birliyi”, “Cübran Xəlil Cübran” və “Yeni ərəb ədəbiyyatının öncülləri” kimi elmi əsərləri, 70-dən çox elmi məqaləsi və şərq ədəbiyyatının öyrənilməsinə verdiyi töhfələr vurğulanır. Bildirilir ki, Aida İmanquliyevanın rəhbərliyi ilə ərəb filologiyası sahəsində onlarla elmi iş müdafiə edilib, yeni tədqiqatçılar nəsli yetişdirilib.
Yazıda, həmçinin onun beynəlxalq elmi konfranslardakı çıxışları, Azərbaycan şərqşünaslıq məktəbinin beynəlxalq aləmdə tanıdılmasında rolu, eləcə də ictimai və pedaqoji fəaliyyəti işıqlandırılır.
Yazı Aida İmanquliyevanın 1992-ci ildə vəfat etməsinə baxmayaraq, onun zəngin elmi irsinin bu gün də həm Azərbaycan, həm də ərəb dünyasında yüksək dəyərləndirildiyini, adının elmi və mədəni tarixdə əbədi yaşadığını vurğulayır.
13:59 12.10.2025
Oxunuş sayı: 1555