Trampın reallaşmayan Nobel arzusu: “SSRİ-nin son lideri Mixail Qorbaçov da…”

Bu günlərdə Nobel sülh mükafatı laureatının adı açıqlandı. Venesuela parlamentinin keçmiş deputatı Maria Korina Maçado bu mükafata layiq görüldü. Müxalifətçi siyasətçi və ictimai xadim Venesuela xalqının demokratik hüquqlarının təşviqi istiqamətində göstərdiyi fəaliyyətinə görə mükafata layiq görülüb. ABŞ Prezidenti Donald Tramp isə bu təşəbbüsü dəstəkləməyib. Bir çoxunun fikrincə, bu, Trampın özünün həmin mükafata iddiası ilə bağlı idi.
Belə ki, Trampın Nobel sülh mükafatına layiq görülmək istəyir və bunun üçün aylardır dünyadakı müharibələri bitirməyə çalışması kimsə üçün sirri deyildi. Tramp aylardır sanki dünyanın “qoruyucu mələyinə” çevrilmişdi. Bəs arzuladığı mükafatın başqa siyasətçiyə verilməsi onun fəaliyyətinə necə təsir edəcək?
Bu barədə Crossmedia.az-a danışan politoloq Elxan Şahinoğlu söyləyib ki, Trampın Nobel sülh müküfatına iddiasını anlamaq çətindir: “Bəlkə də, Nobel Komitəsinin tarixində belə hal olmayıb ki, kimsə özü Nobel mükafatı almaq üçün il ərzində “mükafat mənə verilməlidir” davamlı açıqlamalar versin. Fikrimcə, Tramp gələn il mükafata əsas namizədlərdən biri ola bilər. Ağ Ev sahibi Qəzza ilə bağlı razılaşmanı daha əvvəl əldə etsəydi, o bu il mükafata əsas namizəd olacaqdı. Nobel Komitəsi sülh mükafatını alacaq namizədləri aylar öncə müəyyənləşdirib və həmin müddətdə Qəzzada hələ qətllər davam edirdi. Ədalət naminə Tramp ABŞ-ın keçmiş Prezidenti Barak Obamadan daha çox Nobel sülh mükafatına daha layiqlidir. Obama 2009-cu ildə beynəlxalq diplomatiyanı gücləndirmək üçün göstərdiyi səylərə görə Nobel sülh mükafatına layiq görülüb. Ancaq Obama xarici və təhlükəsizlik sahəsində elə bir uğur qazanmamışdı. Bakıda 1990-cı ilin yanvar ayında qətliama yaşıl işıq yandıran SSRİ-nin son lideri Mixail Qorbaçov da Nobel sülh mükafatı almışdı”.
Kənan Novruzov
11:09 12.10.2025
Oxunuş sayı: 3222