TDT-nin perspektivləri və Qəbələ Zirvə görüşünə nəzəri baxış

Oktyabr ayının 6 və 7 də regional geopolitik gündəlikdə son dərəcə mühüm bir hadisə, əslində isə müasir dünya nizamının formalaşması prosesində qlobal miqyaslı prosesin tərkib hissəsi kimi qiymətləndirilə biləcək bir mühüm Zirvə görüşünün şahidi olduq. Azərbaycanda bu Zirvə tədbirinin keçirilməsi təbii ki, hər şeydən əvvəl bizim üçün bir qürur və nikbinlik ovqatı yaratsa da, bu toplantının miqyası qlobal effektli bir hadisədir və onun nəzəri, siyasi, iqtisadi, mədəni, humanitar və s. anlamda şərhinə KİV və digər informasiya platformalarında ciddi ehtiyac olduğu duyulmaqdadır. Fakt budur ki, əksər məqamlarda TDT çərçivəsində baş tutan Zirvə toplantıları informasiya və analitik resurslarda Türk dünyasının siyasi, geopolitik birliyinin inkişafı Türk dövlətləri arasında inteqrasiyanın yeni mərhələsi kimi dəyərləndirilir. Ona görə də hər şeydən əvvəl bu fikir doğrudur ki, Azərbaycanın ev sahibliyi etdiyi Zirvə tədbiri türk dövlətlərinin strateji əməkdaşlığının daha da dərinləşərək, sistematik xarakter aldığını göstərir və onun dinamikasının əsas strateji hədəfləri həm də qlobal miqyasından xəbər verir.
Türk Dövlətləri Təşkilatının imkan və perspektivlərinidən bəhs edərək ölkə başçısı prezident İlham Əliyev Zirvə görüşündə qeyd etmişdir ki, “Daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demoqrafiya və gənc əhali, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan potensial TDT-ni qlobal arenada vacib aktora çevirir”. Bu vacib vurğu-faktor onu təsdiq edir ki, TDT -nin hazırkı inkişaf perspektivi imkan baxımından son dərəcə ümidverici bir qlobal hadisədir. Və perspektiv və real imkanlar onu təsdiq edir ki, TDT- nin qlobal güc mərkəzlərinə adekvat olması faktı uzaqda deyildir və Azərbaycanın bu yeni inkişaf dinamikasında oynadığı rol bilavasitə artıq dünyada xüsusi qeyd edilməkdədir.
Bu anlamda həmin konteksti nəzərdə tutaraq bəzən siyasi şərhçilər, geopolitika üzrə mütəxəssislər əsası 2009-cu ildə Naxçıvanda qoyulan Türk Dövlətləri Təşkilatının həm regional, həm də qlobal miqyaslı mahiyyətindən çıxış edərkən –onun geopolitik məzmununu qabardaraq Təşkilatın miqyasını yalnız Türk Dövlətlərinin maraqlarının, siyasət və strategiyalarının dinamikası kimi qiymətləndirirlər. Əsl həqiqətdə, prosesin elmi, siyasi, fəlsəfi, mədəni, iqtisadi və s. analizi göstərir ki, bu prosesin tarixi kökləri və qlobal mahiyyəti daha dərindədir və o müasir geopolitikanın, iqtisadi-logistik inkişafın, mədəniyyətlərin yeni anlamda konsolidasiya olunması və qlobal tarixi anlamda siyasi-iqtisadi-sosial yeni hadisəsi olmaqla yanaşı, həm də tarixi qanunauyğunluğun fəlsəfi mahiyyətinə tam adekvatdır. Eyni zamanda biz buraya müasir dünyada baş verən təbəddülatları, böhranlı prosesləri, iqtisadi, logistik və s. “hibrid çağrışları” da əlavə edəriksə aydın olur ki, TDT-nin nəinki ideya olaraq yaranması və hazırda həyata keçirdiyi strateji kurs yalnız regional sülh və təhlükəsizliyin, iqtisadi əməkdaşlıqların təminatı üçün bir yenilik və ya təhlükəsizlik proyeksiyası deyil, əksinə, o tarixi köklərə söykənən lakin modern dünyanın məntiqi zərurətindən əmələ gələn dünya miqyaslı bir hadisədir. Səmimi etiraf edək ki, biz burada oxucuya xoş gəlsin deyə bu kimi fikirləri qeyd etmirik. Söhbət ondan gedir ki, Qərbdə də, Şərqdə də nəzəri fikir sahibləri çox gözəl bilirlər ki, dünyada baş verən qlobal xarakterli böhranların əsl səbəbləri daha dərindədir və bir növ tarixdən bizə miras qalan qarşıdurmalar epoxasında pozitiv və rasional dəyişikliklərə ciddi ehtiyac vardır: Məsələn, hər kəsin bildiyi, ilk öncə sadə bir məsələ kimi qavranılan, əslində, zəngin və mürəkkəb tarixi, geopolotik, iqtisadi, sosial, sivilizasion və s. aktorları özündə ehtiva edən Çin və ABŞ münasibətləri və ya Yaxın Şərqdəki proseslər, o cümlədən Rusiya-Ukrayna münasibətlərindəki “həllolunmazlıqlar”! Yəni söhbət ondan gedir ki, texnogen Qərb ilə Asiyanın inkişafda olan nəhəngləri Çin və ya Hindistan “trendləri” arasında ortaq bir yeni daha kommunikativ, dialoq və əməkdaşlıqları həyata keçirə biləcək Qlobal sivilizasiyaya, – iqtisadi, siyasi, geopolitik təhlükəsizliklərə qarantiya dura biləcək yeni sülh və təhlükəsizlik “imperiyası” və s. – hər iki qütbün tarixi təkamülündə daha komparativistik mehvər yarada bilərmi? Təbii ki, bu sualın cavabını bir məqalədə nə açmaq, nə də həlli yollarını göstərmək mümkün deyildir. Lakin o tezisin aktuallığı şəksizdir ki, dünya nizamında artıq son iki əsrin reallıqları bir növ işləmir və fəlsəfi dillə desək, bir növ sivilizasiyanༀə “tükənmə” müşahidə olunmaqdadır.
Bu anlamda səmimi etiraf edək ki, qlobal miqyasda TDT-yə dəstək duran beyin mərkəzlərinə həqiqətən heyran olmamaq mümkün deyildir. Məhz onlar tarixi təcrübədən çıxış edərək gözəl bilirlər ki, Türk sivilizasiyasının yeni modern və mədəniyyət anlamda inkişafı hər iki qütbün konfrontasiyada olan ideyalarına bir yumşaqlıq gətirə bilər və bu dünyada yeni dialoq platformalarının, əməkdaşlıqların inkişafına səbəb olacaqdır. Bizim fikrimizcə, Azərbaycan Prezidenti İlham Əliyevə avqustun 8-də dünyanın bir nömrəli dövlətində – Vaşinqtonda olan etimad və sayğının da əsaslarının bir hissəsi buradan gəlirdi: İkinci Qarabağ müharibəsində qazanılan Zəfər və Antiterror əməliyyatı zamanı humanizm prinsiplərinin qorunması, ədalətin və beynəlxalq hüququn bərpasında gücün hüquqa söykənən imkanlarına dayanaraq suverenliyin bərpasını ləyaqətlə həyata keçirməsi nümunəsi çıxış edir. Ali Baş Komandan, prezident İlham Əliyev TDT-nin 12-ci Zirvə görüşündə Vaşinqton görüşünün tarixi əhəmiyyətindən çıxış edərək qeyd etmişdir: “İki ay əvvəl Vaşinqtonda, Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazı sülh məkanına çevirəcək. Vaşinqton Zirvəsi çərçivəsində, eyni zamanda, ATƏT-in Minsk qrupunun və əlaqədar strukturların bağlanması üçün edilmiş birgə müraciətə uyğun olaraq, sentyabrın 1-də ATƏT tərəfindən qəbul edilmiş qərarla keçmiş münaqişənin bu qalıqları da aradan qaldırıldı”.
Məsələnin fundamental tərəfi həm də onunla əlaqədardır ki, Prezident İlham Əliyevin Vaşinqtonda yüksək səviyyədə qarşılanması və qəbul olunması postmünaqişə epoxasında Azərbaycanın beynəlxalq nüfuzunun və geosiyasi əhəmiyyətinin artmasının təkzibedilməz göstəricisidir. Burada, həm də bu məsələ öz legitimliyini təsdiq edir ki, Ermənistan-Azərbaycan münaqişəsi uzun müddət regionu öz təsir dairəsində saxladığından onun Azərbaycan tərəfindən yüksək dəqiqliklə başa çatdırılması digər münaqişə ocaqlarındakı “məsələlərin” də həll olunmasına prisident ola bilər. Həmçinin xüsusi qeyd etmək lazımdır ki, TDT- üzvü və bu təşkilatın başlıca avanqardlarından hesab olunan bir dövlətin, Azərbaycanın ABŞ ilə münasibətlərinin yeni mərhələyə keçməsi, tərəfdaşlığın dərinləşməsi və Qarabağ münaqişəsinin ədalətli həllindən sonra bölgədə formalaşan yeni reallıqların Vaşinqton tərəfindən tanınması baxımından vacib nəticəverici hadisədir. Təbii ki, bu ideyaların təməli Heydər Əliyev siyasi irsinin və dövlətçilik məfkurəsinin əsaslarından gəlir və bu ideologiyanın əslində əsaslarını həm də TDT-nin yeni strategiyasına uyğun olaraq tətbiq etmək olar. Və faktiki olaraq Vaşinqtonda Azərbaycanın diplomatik kontekstdə yüksək şəkildə qəbul olunması bilavasitə Prezident İlham Əliyevin şəxsində Azərbaycanın etibarlı və müstəqil siyasət yürüdən dövlət kimi mövqeyini sərgiləməklə yanaşı, onun beynəlxalq nüfuzunun daha da artdığını göstərir. Şübhəsiz bu həm də TDT-nin başlıca ideya müəlliflərindən biri olan Azərbaycanın dünyada həyata keçirdiyi nüfuzlu strategiyasını əyanı olaraq təsdiqləyir – “Bakı Prosesi”i təcrübi olaraq bütün dünyada tətbiq oluna bilər. Ona görə də qeyd etməyə dəyər ki, TDT- yalnız region üçün yaranan yeni bir güc və iqtisadi, logistik geopolitik yenilik arealı kimi deyil, həm də qlobal anlamda dünya nizamında yeni bir aktor kimi dəyərləndirilməlidir.
Məhz yuxarıda qeyd edilən və digər nəzəri mülahizələr təsdiq edir ki, 12-ci Türk Dövlətləri Təşkilatı (TDT) Zirvə görüşünün beynəlxalq miqyasda geniş rezonans doğurması və ona müxtəlif reaksiyalar başa düşüləndir. Yeni Dünya nizamına unikal tarixi təcrübəsi olan tarixi bir aktor gəlir və onun əsas ideya mərkəzlərindən və hərəkətverici qüvvələrindən bir Azərbaycandır. Bu O, ölkədir ki, onun siyasi rəhbərliyi dünyada “tektonik layların” tərpətməyin mümkünlük nümunəsini yaratmışdır və həmin strategiyanın tərkibində millətçilik, irqçilik, dini tərəfdaşlıq, Şərq-Qərb bölgüləri deyil, vəhdət ideyaları və dialoq platformaları başlıca ideya kimi çıxış edir. Məsələn, bu tezis də xüsusi olaraq qeyd edilməlidir ki, Zirvə Görüşü ərəfəsində Türkiyə prezidenti R. T. Ərdoğanın və Prezident İlham Əliyevin Şimal qonşusunun dövlət rəhbəri V. Putini ad günü münasibəti ilə təbrik etmələri tarixi ənənə və dünya nizamında konfrontasiyada olan dövlətlərin kommunikasiyanın yüksək nümunəsi kimi qiymətləndirilə bilər. Halbuki bilirik ki, bir neçə müddətdir ki, Rusiya və Azərbaycan arasında “sərin sular” axmaqda idi və biz onun detallarına toxunmayaraq xüsusi qeyd edək ki, əslində bəzi beyin mərkəzləri hər üç dövlətin arasında “sərin suların” axmasında ciddi maraqlı idilər və onların bu cəhdlərinin bitməsini düşünmək mümkün də deyildir. Lakin Tacikistanda Prezident İ.Əliyev və V. Putin arasında baş tutan görüş təsdiq etdi ki, Rusiya-Azərbaycan əlaqələri gələcəkdə də inkişaf edəcəkdir və onun bir sıra məntiqi səbəbləri vardır. Ona görə də TDT çərçivəsində inkişaf edən yeni münasibətlər sistemini biz həmçinin mədəniyyətlərin, geostrategiyaların, milli maraqların yeni dialoq müstəvisi kimi də qiymətləndirə bilərik və o, nə qərb ittifaqlarına, nə də ki, Avrasiyaçılıq ideyalarına qarşı duran bir platfroma deyildir, əksinə TDT dünyada yeni bir kommunikativ-güc mərkəz kimi qiymətləndirilməlidir; Bu baxımdan nəzəri olaraq TDT Zirvə görüşləri Yeni Dünya nizamında kommunikativ əlaqələrin inkişaf dinamikasında Yeni bir axtarış ideya-axtarış paradiqması kimi də dəyərləndirilə bilər.
Məsələni bir az da dəqiqləşdirsək, əsl həqiqətdə, bu birləşmə yalnız texniki, iqtisadi, humanitar, mədəniyyət anlamında Ankara, Bakı, Almatı, Daşkənd və b. dövlətlərin (olsun ki gələcəkdə “pülyus” dovlətlərin) sinxron anlamda birləşməsi və ya güc birliyi deyildir. Bu ideyalar strateji və iqtisadi-logistik baxımdan Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) proyektinin həm də reallaşması və təhlükəsizliyinə bir təminat, Qərb və Çin arasında daha effektiv əlaqə və münasibətlərin dayaq nöqtəsi kimi dəyərləndirilə bilər. Əsl həqiqətdə isə bu, bu texnogen yorulmuş Avropa ilə və inkişafda olan və demoqrafik partlayış həddinə çatan Asiya arasında enerji və ticarət əlaqələrində yeni bir açılım, mədəniyyət anlamında yeni çağırışlar, dialoq və əməkdaşlıq platformasıdır. Məhz qeyd olunanlardan çıxış etsək, Şimal və Cənubda, Şəqr və ya Qərbdə bu qlobal yeni müstəviyə münasibətlərin birmənalı olmaması da başa düşüləndir. Dünyanın bəzi mərkəzləri köhnə qaydalarla yaşamağı daha adekvat hesab edirlər, halbuki həmin “köhnə qanunlar” dünyada heç də sülh və təhlükəsizliyi, əmin-amanlıq və birgəyaşayışı göründüyü kimi təmin edə bilmirlər. Bu isə təsdiq edir ki, dünyaya həm də yeni bir ideya lazımdır. Başqa sözlə desək, hazırda qərb nəzəri fikir sahibləri də, Şərq və Asiya fikir sahibləri də aydın şəkildə bilirlər ki, dünyanın gələcəyinə təsir edə biləcək bir regionda – Şərq ilə Qərbin əgər belə demək mümkünsə tarixi konfrontasiyasını “sakitləşdirəcək”, ortaq məxrəcə gətirəcək hər iki qütbü bir-birinə qarşı birgəyayayış, sülh və təhlükəsiz dünya naminə dialoq müstəvisində diskurs və çoxaspektli mübadilələrə gətirəcək bir yeni trendə (əsl həqiqətdə sivilizasiyaya) ehtiyac vardır. İdeya olaraq faktiki həm Qərbdə, həm də Şərqdə faransız psixoloqu və mütəfəkkiri Qustav Le Bona istinad edərək – əgər belə demək mümkünsə, “Müasir insan hələ də, gələcək quruluşa təməl olaraq xidmət edə biləcək yeni ideyalar axtarışındadır və elə bunun özündə (köhnə dünya bölgülərindən qopa bilməyən mərkəzlər üşün –Z. Ş.) onun üçün bir təhlükə gizlənir. Xalqların tarixi üçün mühüm olan və onların taleyinə dərin təsir edən nə inqilablardır, nə də müharibələr – onların viran izləri çox tezliklə hamarlanır – burada əsas ideyalarda baş verən dəyişiklərdir. Həmin ideyalar isə sivilizasiyaların bütün elementləri eyni zamanda dəyişikliklərə hazır olduqda həyata keçirə bilir”.
Nəticə olaraq qeyd edək ki, TDT nin məhz 12 -ci Zirvə görüşü və orada qəbul edilən yeni “pülyus” ideyası bir daha təsdiq edir ki, - hədəflər göstərir ki, dünyada təhlükəsizliyi təmin etmədən və daha geniş anlamda kommunikatıvliyi qlobal miqyasda təmin etmədən sülh və əməkdaşlığa, mədəniyyətlərin yüksək səmimi əlaqələrinə, təhlükəsiz dünya ideyaları və davamlı inkişafa nail olmaq mümkün deyildir. Qlobal problemlər – iqlim dəyişmələri, ekoloji təhlükəsizliyin təminatı, demoqrafik problemlərin önlənməsi, geosiyasi tarazlıqların bərpa olunması, sülh və təhlükəsizliyə təminat və s. kimi problemlər məhz qarşılıqlı anlaşma şəraitində baş tuta bilər. Bu baxımdn region ölkələrinin qlobal tendensiyanı nəzərdən keçirərək, öz təhlükəsizliklərini təbii olaraq TDT çərçivəsində görmələri tam məntiqidir. Başqa formada desək, TDT-nin 12-ci Zirvə görüşü türk dövlətlərinin yeni geosiyasi mərkəz kimi formalaşması və daha sərfəli enerji-logistika xəttində birləşmələri müasir dünyanın yeni çağırışlarına adekvatdır. Bu həm də qlobal və modern sivilizasiyalı dünyada yeni güc mərkəzi və ideya mərkəzi kimi tarixi hadisə hesab olunur. Prezident İlham Əliyevin Zirvə görüşündə qeyd etdiyi kimi fakt budur ki, “Bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatımızın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur. Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir”. Rifah və əmin-amanlıq, sülh və təhlükəsiz şəraitdə yaşamaq hər kəsin, hər sivilizasiya və cəmiyyətin təbii haqqı və suveren hüququdur.
Şölət Zeynalov,
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent. YAP Yasamal rayon
Fəlsəfə və Sosiologiya İnstitutu ərazi partiya təşkilatının sədri
23:59 11.10.2025
Oxunuş sayı: 5794