Azərbaycan ən çətin anlarda belə digər ölkələrə yardımını əsirgəməyib – Deputat

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına daim önəm verən dövlət kimi Yaxın Şərqdə baş verən hadisələrə də həssas yanaşır. Xüsusilə, Qəzza zolağında uzun müddətdir davam edən humanitar böhran və silahlı qarşıdurmalar beynəlxalq ictimaiyyətin diqqət mərkəzində qalmaqdadır.
Bu kontekstdə Qəzzada atəşkəsin təsis edilməsi üçün əldə olunan razılaşma regionda sülh və sabitliyin bərpası istiqamətində mühüm addım kimi qiymətləndirilir. Azərbaycanın Xarici İşlər Nazirliyi bu razılaşmanı alqışlayaraq, ölkəmizin humanitar dəyərlərə, beynəlxalq hüquqa və ədalətli sülh prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirib. Nazirliyin bəyanatında atəşkəsin, girovların və məhbusların azad edilməsinin, eləcə də humanitar yardımın maneəsiz çatdırılmasının vacibliyi vurğulanıb, ABŞ, Türkiyə, Qətər və Misirin vasitəçilik səyləri yüksək qiymətləndirilib.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Tahir Rzayev Crossmedia.az-a açıqlamasında bildirib ki, Azərbaycan dövləti nəinki Qəzzada, bütün dünyada sülhün, əmin-amanlığın və əməkdaşlığın təmin olunmasının tərəfdarıdır:
“Azərbaycan müharibənin dəhşətlərini görmüş bir dövlətdir. Otuz il torpaqlarımız erməni işğalında olub, çoxsaylı vətəndaşlarımız qətlə yetirilib, yaralanıb, şikəst edilib. Biz heç vaxt müharibə arzulamırıq. Prezident İlham Əliyev də dəfələrlə çıxışlarında bildirib ki, dünyada sülhün və sabitliyin təmin edilməsi bütün bəşəriyyət üçün faydalıdır".
Deputat qeyd edib ki, artıq iki ildən çoxdur Qəzzada müharibə davam edir və bu, minlərlə insanın həyatına son qoyub, on minlərlə insanı şikəst edib:
“Çox sevindirici haldır ki, tərəflərin, xüsusilə ABŞ Prezidenti Donald Trampın təşəbbüsü, Türkiyənin dəstəyi və region ölkələrinin səyləri nəticəsində atəşkəsə nail olunmaq üzrədir. Azərbaycan da bu səyləri dəstəkləyir, çünki dövlətimiz həmişə humanist mövqedən çıxış edib".
T.Rzayev əlavə edib ki, Azərbaycan ən çətin anlarda belə digər ölkələrə yardımını əsirgəməyib:
“Bunu həm müharibə dövründə, həm də koronavirus pandemiyası zamanı gördük. Azərbaycan özü çətin dövr keçirsə də, digər ölkələrə vaksin yardımı etdi, humanitar dəstək göstəir. Atəşkəsin təmin olunması təkcə region üçün deyil, həm də dünya iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir. Müharibələrin azalması, iqtisadi münasibətlərin genişlənməsi və dövlətlərin əməkdaşlığının güclənməsi Azərbaycan üçün də faydalıdır. Biz İsraillə sağlam münasibətlərə malikik və bu dövlət hər zaman Azərbaycanın mövqeyini dəstəkləyib. İsrail və Fələstin arasında sülhün bərqərar olması həm regionun sabitliyi, həm də iqtisadi əməkdaşlığın inkişafı baxımından bizim üçün çox önəmlidir".
Mehriban Yariyeva
19:19 11.10.2025
Oxunuş sayı: 3767