Düşənbədə görüşü Azərbaycan siyasəti üçün dönüş nöqtəsidir -AÇIQLAMA

Prezident İlham Əliyevin Rusiya ilə bağlı apardığı siyasət, ölkəmizin milli maraqlarının qorunması və prinsipial mövqeyin nümayişi baxımından diqqət çəkicidir. Görüşdə sadəcə sözlər deyil, konkret şərtlərin yerinə yetirilməsi məsələsi ön planda idi. Bu da göstərir ki, diplomatiya yalnız protokol və formal addımlardan ibarət deyil, həm də prinsipial mövqedən imtina etmədən strateji məqsədləri reallaşdırmaq sənətidir. Hər detalın ciddi şəkildə nəzərə alındığı bu görüş, Azərbaycanın regionda öz mövqeyini yenidən gücləndirdiyini açıq şəkildə göstərir.
Məsələ ilə bağlı Yeni Müsavat media qrupunun rəhbəri Rauf Arifoğlu Crossmedia.az-a öz fikirlərini bölüşüb:
“ Düşənbədə baş tutan görüş sadəcə ikitərəfli diplomatik görüş deyil Azərbaycan siyasəti üçün dönüş nöqtəsidir. Prezident İlham Əliyev Rusiyaya qarşı ilkin olaraq dörd əsas şərt qoymuşdu:
1. Təyyarə insidentinə görə üzr
2. Məsuliyyətin qəbul edilməsi
3. Zərərçəkən ailələrə kompensasiya
4. Günahkar şəxslərin cəzalandırılması
Maraqlı haldır ki, Kreml bu dörd şərti adi “görməzdən gəlmə” şəraitdə deyil faktiki olaraq qəbul etmiş kimi davrandı.
Putinin 25 illik hakimiyyəti ərzində nadir hallarda istifadə etdiyi “üzr” ifadəsini işlətməsi özü bir simvolik dönüşdür. O, bildirib ki, əvvəlki telefon danışıqlarında belə üzr istəmişdi, və indi bu üzrünü bir daha təkrar edir. Bu, Rusiyanın diplomatik üslubunda qeyri-adi addımdır, çünki ənənəvi olaraq belə hallarda məsuliyyəti “texniki səhvlər” və ya “başqa faktorlar”la ört-basdır edirlər.
Ancaq burada bir detalı da unutmamalıyıq: Putin məsuliyyəti qəbul edərkən, günahı Ukrayna dronlarına, HHM sistemində texniki nasazlığa yönəltmək cəhdindən də əl çəkmir bu, Kreml diplomatlarının qabağına qoyulan “manevrlilik” strategiyasının bir hissəsidir.
Amma Azərbaycanda əsas məsələ günahı kimə yükləmək deyil əsas məsələ məsuliyyətin açıq şəkildə qəbul edilməsi və nəticələrin həyata keçirilməsidir. Bu nöqtədə, Bakı diplomatik meydanda qələbə qazandı: üzr istəndi, kompensasiya bəyan edildi, cəza vədi verildi".
Rauf Arifoğlu ölkə başçısının bu görüşü "səssiz, lakin prinsipial diplomatiya" üzrə yönəltdiyini rəqabətli çıxışlarla emosional gərginlik yaratmadan, lakin prinsipial tələb və öz mövqeyinə sadiq qaldığını bildirib:
"Təşəkkürü də rus tərəfə deyil, qoyulan şərtlərin tam yerinə yetirilməsinə münasibət kimi formalaşdı. Beləliklə, bu görüşdə açıq-aşkar diplomatik balans quruldu: Rusiya addım atmalı oldu, Azərbaycan milli maraqlarında dayandı və regionda öz mövqeyini yenidən təsdiq etdi. Gələcəkdə isə əsas sual budur: verilən sözlər konkret addımlarda necə icra olunacaq? Biz buna diqqət edəcəyik".
Elmir Heydərli
16:34 11.10.2025
Oxunuş sayı: 3407