Azərbaycan–Rusiya münasibətləri etimad və strateji tərəfdaşlıq ruhunda inkişaf edir - Deputat

Azərbaycan ilə Rusiya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir.Son hadisələr göstərir ki, iki ölkə liderləri arasında sıx əlaqə və operativ informasiya mübadiləsi regional sabitliyin qorunmasına mühüm töhfə verir.
Azərbaycan Prezidenti İlham Əliyevin Düşənbədə Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşündə AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı vəziyyəti şəxsən nəzarətdə saxladığı üçün rusiyalı həmkarına təşəkkür etməsi də bu etimad və əməkdaşlıq ruhunun bariz nümunəsidir. Bu hadisə dövlətlərarası münasibətlərin yalnız siyasi və iqtisadi sahələrdə deyil, humanitar və təhlükəsizlik istiqamətlərində də yüksək səviyyədə olduğunu bir daha sübut edir.
Mövzu barədə Crossmedia.az-a danışan Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib ki,
AZAL təyyarəsinin Rusiya səmasında kənar müdaxilə nəticəsində qəzaya uğraması həm Azərbaycan cəmiyyətini, həm xalqımızı, həm də dövlət rəhbərliyini ciddi şəkildə narahat edən məsələ olub. Deputatın sözlərinə görə, Azərbaycan dövləti Prezident İlham Əliyevin timsalında bu hadisəyə sərt və prinsipial mövqe nümayiş etdirib:
“Azərbaycan hər zaman beynəlxalq hüquq normalarına, eləcə də beynəlxalq hüququn tələb etdiyi bütün müddəalara riayət olunması istiqamətində qəti fikrini və qəti mövqeyini ortaya qoyub".
Deputat, həmçinin vurğulayıb ki, Rusiyanın bəzi dairələri tərəfindən səsləndirilən açıqlamalar və ictimai rəyin yönləndirilməsinə hesablanmış bəyanatlar fonunda Tacikistanda iki dövlət başçısı arasında baş tutan görüş vəziyyətə aydınlıq gətirib: “Biz bu görüşdə Rusiya dövlətinin ali rəhbərliyinin mövqeyini aydın şəkildə gördük. Bu da onu göstərir ki, Azərbaycan–Rusiya münasibətləri qarşılıqlı hörmət, real əməkdaşlıq və etimad əsasında inkişaf etməkdə davam edir".
Mehriban Yariyeva
11:45 11.10.2025
Oxunuş sayı: 3919