Zəngəzur dəhlizinin açılması ilə bağlı proseslərin sürətlənməsi fonunda regionun təhlükəsizliyi məsələsi daha da aktuallaşır- Rəy

Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin Ankarada keçirilən üçtərəfli görüşü Cənubi Qafqazda sülh və sabitlik istiqamətində mühüm addım kimi qiymətləndirilir. Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib ki, tərəflər müdafiə, təhlükəsizlik və regional əməkdaşlıq sahəsində ortaq mövqeyə malikdirlər və Qafqazın dinc gələcəyi üçün birgə səyləri davam etdirəcəklər.
Regionun üç ölkəsi arasında hərbi əməkdaşlığın intensivləşməsinin əhəmiyyəti barədə Crossmedia.az-a danışan hərbi ekspert Şair Ramaldanov bu üç ölkənin əməkdaşlığının həm regionun təhlükəsizliyi, həm də gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildirib: “Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin görüşü prinsip etibarilə ənənəvi xarakter daşıyır. Belə görüşlər hər il keçirilir və növbəti il üçün fəaliyyət planı təsdiqlənir. Bu üç ölkədən enerji və logistika marşrutlarının keçdiyini nəzərə alsaq, həmin kəmərlərin təhlükəsizliyi baxımından birgə fəaliyyət planlarının hazırlanması zəruridir. Yaranmış geosiyasi vəziyyət fonunda regionda baş verən proseslər təhlil olunur, mümkün risklər nəzərdən keçirilir və bu risklərə uyğun qərarların qəbul edilməsi istisna olunmur.
Ümumiyyətlə, Türkiyə, Azərbaycan və Gürcüstan bu regionda təhlükəsizlik baxımından böyük əhəmiyyətə malik ölkələrdir. Cənubi Qafqaz o qədər də sakit region deyil — burada müxtəlif maraqlar toqquşur. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı bəzi sənədlər və deklarasiyalar olsa da, hələlik yekun sülh sazişi imzalanmayıb. Buna görə də, bu görüşlərdə regionun təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparılması və bunun fəaliyyət planlarında əksini tapması vacibdir”.
O söyləyib ki, Azərbaycan, Türkiyə və Gürcüstan hər zaman regionda sülhün və əmin-amanlığın bərqərar olması üçün çalışıblar: “Həm beynəlxalq arenada, həm də regional səviyyədə bu istiqamətdə səylər davam etdirilir. Düşünürəm ki, bu görüşdə də mümkün risklər müzakirə olunaraq onlara qarşı birgə tədbirlər planlaşdırılıb. Ümumilikdə, bu üç ölkənin əməkdaşlığı həm regionun təhlükəsizliyi, həm də gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır”.
Ş.Ramaldanov, Azərbaycan–Türkiyə–Gürcüstan hərbi əməkdaşlığının dinamik şəkildə inkişaf etdiyini söyləyib: “Zəngəzur dəhlizinin açılması ilə bağlı proseslərin sürətlənməsi fonunda regionun təhlükəsizliyi məsələsi daha da aktuallaşır. Bu baxımdan, üç ölkənin bir araya gəlməsi və mövqelərinin uzlaşdırılması mühüm nəticələr verəcək. Hesab edirəm ki, Azərbaycan, Türkiyə və Gürcüstan regionda sülhü bərqərar edən, onu qoruyan və balanslı mövqe tutan əsas dövlətlərdir.
Eyni zamanda, bu ölkələr arasında keçirilən birgə hərbi təlimlər əməkdaşlığın praktiki tərəfini gücləndirir. Xüsusilə son dövrlərdə xüsusi təyinatlı qüvvələrin iştirakı ilə keçirilən təlimlər bunu bir daha göstərir. Bütün bunlar onu sübut edir ki, Azərbaycan–Türkiyə–Gürcüstan hərbi əməkdaşlığı dinamik şəkildə inkişaf edir və bu prosesdə birgə fəaliyyət, risklərin qiymətləndirilməsi, hədəflərin müəyyənləşdirilməsi və ordulara çatdırılması mühüm rol oynayır”.
Nicat Rüstəmzadə
19:41 10.10.2025
Oxunuş sayı: 991