Bu layihələr nəticəsində ölkəmiz geostrateji mövqeyini daha yüksək mövqeyə qaldırmağa nail olub - Deputat

Prezident İlham Əliyevin Avropaya səfəri Azərbaycanın xarici siyasət kursunda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Bu səfər təkcə diplomatik protokolun bir hissəsi deyil, həm də ölkəmizin qlobal siyasətdə artan rolunun, strateji tərəfdaşlıq əlaqələrinin və milli maraqlara əsaslanan müstəqil mövqeyinin bariz təzahürüdür. Dövlət başçısının Avropada keçirdiyi görüşlər, apardığı müzakirələr və imzalanan sənədlər Azərbaycanın regionda sabitlik və əməkdaşlıq mərkəzinə çevrildiyini bir daha sübut edir. İlham Əliyevin səfəri zamanı enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri, müdafiə və iqlim siyasəti kimi qlobal əhəmiyyətli məsələlər gündəmdə olub. Bu səfər, həmçinin Azərbaycanın Avropa ilə siyasi dialoqunun dərinləşməsinə, iqtisadi əlaqələrin genişlənməsinə və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir. Prezident İlham Əliyevin Avropadakı çıxışları və görüşləri Azərbaycanın qətiyyətli, balanslı və uzaqgörən diplomatiyasının növbəti təzahürü kimi tarixi əhəmiyyət daşıyır.
Milli Məclisin deputatı Hikmət Babaoğlu Prezident İlham Əliyevin Avropaya səfəri ilə bağlı Crossmedia.az-a açıqlama verib:
“Bu gün Azərbaycan Respublikasının Prezidenti Qərbdə ən çox arzu edilən və hörmət bəslənilən liderlərdən biri kimi qəbul olunur. Xüsusilə də Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin Zirvə toplantısında Azərbaycan Prezidentinə göstərilən yüksək diqqət və maraq bu reallığın bariz göstəricilərindən biri kimi dəyərləndirilməlidir. Bu marağın yaranmasına və möhkəmlənməsinə səbəb olan bir sıra mühüm amillər mövcuddur. Heç şübhəsiz ki, bunların başında Azərbaycanın etibarlı tərəfdaş olması, sülhpərvər siyasət yürütməsi, beynəlxalq hüquqa hörmətlə yanaşması, güclü dövlətçilik ənənələrinə və iqtisadi potensiala malik olması dayanır. Azərbaycan həm də təbii ehtiyatları, əlverişli coğrafi mövqeyi və açıq əməkdaşlıq siyasəti ilə etibarlı tərəfdaş imicini möhkəmləndirib”.
Deputat həmçinin qeyd edib:
“Son illər ərzində Azərbaycan bir çoxlarının diqqətindən yayınan, lakin qlobal miqyasda mühüm əhəmiyyət kəsb edən layihələr həyata keçirmişdir. Bu layihələr nəticəsində ölkəmiz öz geostrateji mövqeyini mövcud vəziyyətdən daha yüksək səviyyəyə qaldırmağa nail olmuşdur. Dənizə çıxışı olmayan Azərbaycan bu gün dünyanın əsas logistika mərkəzlərindən birinə, nəqliyyat və enerji xəritəsinin kəsişmə nöqtəsinə çevrilmişdir. Eyni zamanda, Azərbaycan həm klassik enerji daşıyıcılarının, həm də yaşıl enerji mənbələrinin ixracçısı kimi beynəlxalq arenada mühüm rol oynayır. Bütün bu amillər ölkəmizi cəlbedici tərəfdaş və etibarlı müttəfiq kimi tanıdır. Azərbaycanın əldə etdiyi tarixi Zəfərdən sonra ölkəmizin beynəlxalq siyasətdə rolu, nüfuzu və təsir imkanları daha da artmışdır. Təkcə Fransa Prezidentinin son illərdə Azərbaycan Prezidentinə münasibətindəki dəyişikliklər belə, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinin və rolunun nə dərəcədə yüksəldiyini aydın şəkildə göstərir. Bir vaxtlar ölkəmizə qarşı sərt və qərəzli mövqe sərgiləyən dövlət başçılarının bu gün Azərbaycanla əməkdaşlığa can atması, şübhəsiz ki, dövlətimizin artan gücünün, diplomatik çevikliyinin və Prezident İlham Əliyevin qətiyyətli, uzaqgörən siyasətinin nəticəsidir”.
Ayhan
16:43 04.10.2025
Oxunuş sayı: 3150