Kopenhagen səfəri həm siyasi, həm də iqtisadi baxımdan son dərəcə faydalı oldu - Komitə sədri

Bu gün Azərbaycan üçün mühüm diplomatik hadisələrdən biri – Cənab Prezidentin Avropa Siyasi Birliyinin 7-ci Zirvə Toplantısında iştirakı və Kopenhagen səfəri barədə danışacağıq. Bu səfər yalnız rəsmi xarici görüşlərdən ibarət deyil, eyni zamanda Azərbaycanın beynəlxalq arenada artan nüfuzunu, regiondakı rolunu və Avropa ilə münasibətlərinin strateji əhəmiyyətini bir daha göstərir.
Cənab Prezidentin bu səfəri ölkəmizin Avropa məkanında etibarlı tərəfdaş, güclü region dövləti kimi qəbul olunmasının göstəricisidir. Eyni zamanda, səfər zamanı aparılan görüşlər Azərbaycanın iqtisadi potensialını, investisiya imkanlarını və beynəlxalq əməkdaşlıq sahəsindəki marağını nümayiş etdirir. Bu, həm də dünya dövlətlərinə Azərbaycanın regional və qlobal məsələlərdə artan təsir imkanlarını nümayiş etdirmək baxımından əhəmiyyətlidir.
Səfər çərçivəsində əldə edilən nailiyyətlər yalnız siyasi etimadın güclənməsi ilə məhdudlaşmır. Bu, həm də Azərbaycanın diplomatik təcrübəsinin, strateji düşüncəsinin və beynəlxalq müstəvidə qazanılan uğurlarının təzahürüdür. Prezidentimizin görüşləri, həmçinin regional sülh və təhlükəsizlik, sərmayə qoyuluşu, iqtisadi əməkdaşlıq və qarşılıqlı anlaşma kimi sahələrdə yeni imkanların açılmasına zəmin yaradır.
Bu baxımdan, Cənab Prezidentin Kopenhagendə iştirakı Azərbaycanın beynəlxalq səviyyədəki rolunun artdığını, ölkəmizin Avropa və dünya siyasətində nüfuzlu oyunçu kimi qəbul olunduğunu göstərən mühüm hadisə kimi qiymətləndirilə bilər.
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev cənab Prezidentin Avropa Siyasi Birliyinin 7-ci Zirvə Toplantısında iştirak etmək məqsədilə Kopenhagendə səfərini olduqca zəngin və məhsuldar görüşlərlə müşayiət olunduğunu, həm siyasi, həm də iqtisadi baxımdan son dərəcə faydalı olmuş olduğunu qeyd edib:
"Əvvəla, dövlət başçımızın Avropa Siyasi Birliyinin zirvə toplantısına dəvət edilməsi, Azərbaycanın Avropanın mühüm və ayrılmaz tərkib hissəsi olduğunun bariz göstəricisidir. Bu, eyni zamanda Avropa məkanında ölkəmizə olan artan marağın və etimadın ifadəsidir.
Cənab Prezidentin zirvə çərçivəsində bir sıra dövlət və hökumət başçıları – İtaliya, Niderland, Fransa, Danimarka, Moldova və Ukrayna prezidentləri, eləcə də Ermənistanın baş naziri ilə keçirdiyi görüşlər Azərbaycanın beynəlxalq nüfuzunun və siyasi çəkisinin göstəricisidir. Bu görüşlər ölkəmizin regionda və artıq Avropa məkanında güclü, etibarlı tərəfdaş kimi qəbul olunduğunu bir daha təsdiqləmişdir.
Həmçinin, bu səfər zamanı aparılan müzakirələr Azərbaycanın iqtisadi və logistik imkanlarının genişliyini nümayiş etdirmiş, qarşılıqlı sərmayə qoyuluşu, biznes əlaqələrinin genişləndirilməsi kimi məsələlər də diqqət mərkəzində olmuşdur.
Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi qələbə isə ölkəmizin beynəlxalq nüfuzunu daha da artırmış, dünyada Azərbaycana olan münasibəti köklü şəkildə dəyişmişdir. Artıq bir çox dövlətlər öz ərazi bütövlüyü və suverenlik məsələlərinin həllində Azərbaycan təcrübəsini uğurlu model kimi qiymətləndirirlər.
Bu baxımdan, Ermənistanın Baş naziri Nikol Paşinyan və Fransanın Prezidenti Emmanuel Makronla keçirilən görüşlər xüsusi əhəmiyyət daşıyır. Hər iki görüş Azərbaycanın mövqeyinin daha yaxından öyrənilməsi, sülh prosesinə və regionda sabitliyin bərqərar olmasına dəstək ifadəsi kimi xarakterizə oluna bilər.
Uzun müddət Azərbaycana qarşı qeyri-obyektiv və bəzən düşməncəsinə mövqeyi ilə seçilən Makronun, son dövrlərdə – xüsusilə Vaşinqton və Nyu-Yorkda keçirilən beynəlxalq tədbirlərdən sonra – ölkəmizə münasibətdə daha loyal, hətta dostyana davranış sərgiləməsi, Cənab Prezidentin yüksək diplomatik məharətinin və beynəlxalq nüfuzunun parlaq nəticəsidir. Bu, eyni zamanda Azərbaycanın artan gücünün və Fransa rəhbərliyinin bunu etiraf etməsinin göstəricisidir.
Fransanın əvvəllər Ermənistanı müdafiə edərkən tutduğu yanlış mövqeyin nəticələri bu gün özləri üçün də aydın olur. Nikol Paşinyanla keçirilən görüş də münasibətlərin tədricən normallaşması baxımından mühüm əhəmiyyət kəsb edir. Belə təmaslar tərəflər arasında inam mühitinin formalaşmasına, mövcud problemlərin mərhələli şəkildə həllinə və yeni əməkdaşlıq imkanlarının yaranmasına zəmin yaradır".
Deputat həmçinin ümumilikdə, Cənab Prezidentin Danimarkaya səfərini Azərbaycanın beynəlxalq arenadakı mövqelərinin daha da möhkəmləndirəcək ini bildirib.
"Bu görüş Avropa ilə əlaqələrin yeni mərhələyə yüksəlməsi baxımından olduqca uğurlu və strateji əhəmiyyətli bir səfər kimi dəyərləndirilə bilər" - deyə o qeyd edib.
Elmir Heydərli
16:41 04.10.2025
Oxunuş sayı: 2978