İlham Əliyevin Avropada keçirdiyi görüşlər mühüm addımlardan biridir - Vitse-spiker
Prezident İlham Əliyevin Avropaya səfəri Azərbaycanın beynəlxalq siyasətində mühüm hadisə kimi qiymətləndirilir. Bu səfər, ölkəmizin Qərb dövlətləri ilə siyasi dialoqunun, iqtisadi əməkdaşlığının və regional təhlükəsizlik məsələlərinə dair mövqelərinin daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. İlham Əliyevin apardığı görüşlər, iştirak etdiyi yüksək səviyyəli sammitlər və verdiyi strateji bəyanatlar Azərbaycanın regionda və qlobal miqyasda artan nüfuzunun bariz göstəricisidir. Səfərin əsas məqsədlərindən biri həm enerji, nəqliyyat və təhlükəsizlik sahələrində tərəfdaşlıqları gücləndirmək, həm də Avropa İttifaqı ilə münasibətlərdə yeni mərhələ açmaqdır. Prezidentin bu səfəri, eyni zamanda, Azərbaycanın balanslı və çoxşaxəli xarici siyasətinin davamı olaraq, ölkəmizin milli maraqlarını qətiyyətlə müdafiə etdiyini bir daha nümayiş etdirir.
Milli Məclisin sədr müavini Musa Qasımlı Prezident İlham Əliyevin Avropa səfəri ilə bağlı fikirlərini Crossmedia.az-la bölüşüb:
“Cənab Prezidentimiz İlham Əliyevin Avropaya səfəri, keçirdiyi görüşlər dövlətimizin xarici siyasət məqsədlərinin həyata keçirilməsində mühüm addımlardan biridir. Avropa İttifaqının bu toplantı çərçivəsində keçirilən görüşlər, müzakirələr dövlətimizin Avropa istiqamətində qarşıya qoyduğu məqsədlərin həyata keçirilməsinə xidmət edir. Bu səfər eyni zamanda dövlətimizin qitədə və dünyada mövqelərinin möhkəmləndiyini göstərir. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana təzyiq etməyə çalışan dövlətlərin rəhbərlərinin cənab Prezidentimizlə görüşləri Azərbaycanın həm müharibədə qazandığı qələbənin, həm də siyasi-diplomatik sahədə bu qələbənin tanıdılmasının qəbul edilməsidir”.
Ayhan
14:45 04.10.2025
Oxunuş sayı: 3292