Kopenhagen görüşü olduqca məhsuldar və yaddaqalan bir səfər kimi tarixə düşdü - Deputat
Müasir beynəlxalq münasibətlər sistemində regional əməkdaşlıq və siyasi dialoq mexanizmləri dövlətlərin qarşılıqlı etimad mühitinin möhkəmlənməsi, sülhün və sabitliyin təmin olunması baxımından mühüm rol oynayır. Bu kontekstdə Azərbaycan Respublikasının beynəlxalq platformalarda fəal iştirakı və Prezident cənab İlham Əliyevin qlobal və regional proseslərdə göstərdiyi prinsipial mövqe ölkəmizin siyasi çəkisini və diplomatik nüfuzunu daha da artırır.
Kopenhagen şəhərində keçirilən Avropa Siyasi Birliyinin Zirvə görüşü də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həmin tədbirdə iştirakı, həmçinin görüş çərçivəsində aparılan mühüm danışıqlar, o cümlədən Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirilən görüş regionda sülh gündəliyinin irəlilədilməsi istiqamətində növbəti mühüm addım kimi qiymətləndirilir.
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Naqif Həmzəyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin Zirvə görüşündə iştirakı olduqca məhsuldar və yaddaqalan bir səfər kimi tarixə düşdüyünü qeyd edib:
"Xüsusilə də bu səfər çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirilən görüş ictimaiyyətin diqqət mərkəzində idi. Çünki Vaşinqtonda əldə olunmuş razılaşmalardan sonra belə təmasların baş tutması mühüm əhəmiyyət kəsb edir. Ermənistan tərəfinin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi, eləcə də bir sıra vacib məsələlərin həlli istiqamətində atılacaq addımlar məhz bu görüşdə əsas müzakirə mövzularından biri olmuşdur.
Məlum olduğu kimi, Vaşinqton danışıqlarından sonra ATƏT-in Minsk Qrupunun fəaliyyətinin dayandırılması ilə bağlı zəruri addımlar atılmışdır. Böyük ehtimalla, ilin sonuna qədər Minsk Qrupu tamamilə fəaliyyətini dayandıracaq. Onsuz da Azərbaycan münaqişəni öz gücü və iradəsi hesabına həll etdikdən sonra bu qurumun hər hansı funksiyası qalmamışdır.
Hazırda əsas məsələ Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından tamamilə əl çəkməsi, Zəngəzur dəhlizinin istifadəyə verilməsi və dövlət sərhədlərinin delimitasiyası prosesinin başa çatdırılmasıdır. Bununla yanaşı, sərhədboyu ərazilərdə kənar hərbi qüvvələrin yerləşdirilməməsi məsələsi də böyük əhəmiyyət daşıyır və ehtimal olunur ki, Kopenhagendə keçirilən görüşdə bu məsələlər geniş müzakirə olunmuşdur.
Ən mühüm məqam ondan ibarətdir ki, artıq tərəflər heç bir vasitəçi olmadan birbaşa təmaslar qura bilirlər. Əvvəlki dövrlərdən fərqli olaraq, bu görüşlər daha çevik və səmərəli şəkildə keçirilir. Bu, diplomatik baxımdan mühüm uğurdur. Çünki məlumdur ki, vasitəçilər çox zaman öz maraqlarını ön plana çəkir, bu da danışıqların nəticələnməsinə mane olurdu.
İki tərəfli birbaşa görüşlərin nəticəsi olaraq sərhədlərin delimitasiyası sahəsində də mühüm irəliləyiş əldə olunmuş, 12 kilometrlik ərazidə proses yekunlaşdırılmış və Qazaxın bir neçə kəndi Azərbaycana qaytarılmışdır. Bu təcrübə göstərir ki, dialoqlar davam etdiyi təqdirdə proses daha da sürətlənəcək.
Əsas vəzifə hazırda Ermənistanın üzərinə düşür. Bu ölkə beynəlxalq öhdəliklərini yerinə yetirməli, ən qısa zamanda konstitusion mexanizmlər vasitəsilə Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır. Bütün bu məsələlər həll olunduqdan sonra sülh sazişinin imzalanması real və mümkün olacaqdır".
Deputat həmçinin qrtıq Ermənistan tərəfinin vaxt itirmədən öz ərazisindən keçəcək Zəngəzur dəhlizi istiqamətində inşaat işlərinə başlamalı olduğunu bildirib.
"Erməni rəsmiləri tərəfindən səsləndirilən açıqlamalara görə bu prosesin təxminən iki il çəkəcəyi bildirilir. Halbuki, cəmi 40 kilometrlik bir marşrut üçün bu qədər vaxt itirmək məqsədəuyğun deyil. İnşaat işləri sürətləndirilməli və Zəngəzur dəhlizi ən qısa zamanda istifadəyə verilməlidir"- deyə o əlavə edib.
Elmir Heydərli
14:21 04.10.2025
Oxunuş sayı: 3508