Azərbaycan-Ukrayna enerji əməkdaşlığında yeni mərhələ başlayır- Deputat detalları açıqladı

Ukrayna Prezidenti Volodimir
Zelenski ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında Kopenhagendə keçirilən
görüş, iki ölkə arasında enerji sahəsində əməkdaşlığın və diplomatik münasibətlərin
gücləndirilməsinə yönəlmiş mühüm addım kimi qiymətləndirilir. Görüş zamanı
Zelenski Ukraynanın suverenliyi və ərazi bütövlüyünə Azərbaycan tərəfindən göstərilən
dəstəyə görə təşəkkürünü bildirib və ədalətli sülhün əldə olunması üçün diplomatik
səyləri müzakirə etdiklərini qeyd edib. Bu görüş, həmçinin Azərbaycanın
regional enerji siyasəti və Ukrayna ilə qarşılıqlı faydalı əməkdaşlıq imkanları
baxımından xüsusi əhəmiyyət kəsb edir.
Bu barədə Crossmedia.az-a danışan
Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, enerji məsələsində bütün
dövlətlərlə müzakirələr davam edir:
“İndi Ukraynanın üzləşdiyi situasiya bir qədər fərqlidir. Orada enerji
sahəsində Azərbaycanın atdığı addımların da əngəlləndiyini görürük. Məsələn,
Odessada Rusiya tərəfindən məqsədyönlü şəkildə bizim şirkətlərə məxsus neft
obyektlərin vurulması ciddi maneəçilik yaradır. Ona görə də bu sahədə
perspektiv müzakirələrin aparılması bütün dövlətlərlə nəzərdə tutulur, o cümlədən
Ukrayna ilə də. Məncə, görüş səmərəli alınıb və onun reallaşdırılması müharibədən
sonrakı dövr üçün aktual ola bilər".
Mehriban Yariyeva
19:41 03.10.2025
Oxunuş sayı: 1559