Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında önəmli tərəfdaşdır -DEPUTAT

Azərbaycan Prezidenti İlham Əliyevin 3 Oktyabr - Alman Birliyi Günü münasibətilə Almaniya Prezidenti Frank-Valter Ştaynmayerə təbrik məktubu ünvanlayıb.
"Almaniya bizim üçün vacib tərəfdaş ölkədir və biz ikitərəfli əlaqələrimizin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk", - prezident bildirib.
Dövlət başçısı məktubda diqqətə çatdırıb ki, almaniyalı həmkarının aprel ayında Azərbaycana səfəri geniş gündəliyə malik əməkdaşlığımızın inkişafına yeni təkan verib.
Azərbaycan Prezidentinin verdiyi mesajlar əsasında Bakı- Berlin münasibətlərinin perspektivi barədə Milli Məclisin deputatı Elşad Musayev Crossmedia.az-a açıqlama verib: "Almaniya, Avropa İttifaqına (Aİ) daxil olan ölkələr arasında iqtisadi və sosial baxımdan ən inkişaf etmiş və qabaqcıl ölkələrdəndir. Əvvəllər Almaniya ilə Azərbaycan arasındakı münasibətlər o qədər də yaxşı deyildi, lakin zamanla bu əlaqələr yaxşılaşdı. Dövlət rəhbərləri səviyyəsində əməkdaşlıq nəzərdən keçirildi. Prezidentin İlham Əliyevin bu prosesdəki rolu xüsusi qeyd olunmalıdır".
O vurğulayıb ki, hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında çox önəmli bir tərəfdaşdır: "Almaniya isə Aİ çərçivəsində aparıcı ölkə olaraq iqtisadi və siyasi baxımdan strateji əhəmiyyət kəsb edir. İqtisadi baxımdan da Almaniya ilə Azərbaycan arasında əlaqələr getdikcə genişlənir".
Mehriban İbrahimli
15:47 03.10.2025
Oxunuş sayı: 3132