Keyfiyyət istəyiriksə, artıq ödəməli oluruq - Ekspert

Əslində bütün bu problemlər qiymət artımı ilə bağlıdır. Elə təbəqə var ki, 10 qəpik onların büdcəsinə ciddi təsir göstərmir. Amma elə təbəqə də var ki, gündə bir neçə dəfə ictimai nəqliyyatdan istifadə edir və həmin 10 qəpiklər yığılanda artıq 1 manata yaxın edir. Aya vuranda bu, təxminən 30 manata çıxır. Bu məbləğ bəziləri üçün önəmli olmasa da, digərləri üçün ciddi yükdür. Amma digər tərəfdən biz də keyfiyyətli xidmət istəyirik.
Bu sözləri Crossmedia.az-a açıqlamasında nəqliyyat eksperti Yasin Mustafayev ictimai nəqliyyatda gedişhaqqının artırılması ilə bağlı danışarkən deyib.
Ekspertin sözlərinə görə, yeni avtobusların alınması, salonlarda kondisioner və isitmə-soyutma sistemlərinin işləməsi, daha komfortlu və geniş nəqliyyat vasitələrinin təmin olunması ciddi maliyyə vəsaiti tələb edir:
“Əslində bu sahə daim dövlət subsidiyası ilə işləyib. Subsidiyasız, dövlət dəstəyi olmadan bu sahənin gəlir əldə etməsi mümkün deyil. Əgər əvvəlki sistemə qayıtsaq – yəni sürücü sərnişin çoxaltmaq üçün istədiyi yerdə saxlayıb mindirsə – bəlkə gəlir əldə etmək olardı. Amma indiki kimi qaydalı, sıxlığı az olan bir sistemdə gəlir əldə etmək çətindir. Buna görə də məcbur qiymət artımına gedilir”.
Yasin Mustafayev bildirib ki, əslində komfort və keyfiyyət istəyən sərnişinlər bir qədər artıq ödəniş etməli olurlar:
“ ‘Bir saatlıq kart’, gündəlik və aylıq abunəlik sistemi kimi müxtəlif modellər var. Bunlar sərnişinlər üçün daha rahat ola bilər. Amma nəqliyyat operatoru da xərclərini qarşılamaq üçün daha çox vəsait toplamaq məcburiyyətində qalır. Nəticədə tələb və təklif arasında balans yaranmadıqda, subsidiyalar və güzəştlər tətbiq edilmədikdə, qiymət artımı qaçılmaz olur”.
Nihat Tahirov
13:52 01.10.2025
Oxunuş sayı: 2449