Komitə sədrindən təklif: Qələbə təqvimizi formalaşdırmalıyıq

Azərbaycan
xalqının siyasi təqvimi 3 fərqli dövrün-Cümhuriyyətin mirası, 1991-ci ildə
qazanılan müstəqilliyin qürur və kədər
günləri, nəhayət, 2020-ci ildə prezident İlham Əliyevin rəhbərliyi ilə müqəddəs
Vətən müharibəsində qazandığımız Zəfərdən doğulan bayram günləri müasir milli
tariximizin əsas sütunlardır.
Bu fikirləri
Crossmedia.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri
Zahid Oruc deyib.
O bildirib ki, beşinci
ilini yaşadığımız Vətən müharibəsində parlaq Qələbə
siyasi təqvimimizə də azadlıq qazandırıb: “İndi ən
böyük vəzifə Qələbə təqvimini formalaşdırmaqdır. Siyasi təqvim
islahatı dünyada Fransız inqilabı təqvimi,
Çində xalq respublikası və bayram dəyişiklikləri,
Britaniya və bir çox dövlətlərin tarixində həyata keçirilib. Bayramların bir tarixdə birləşdirilməsi
daha güclü simvolun yaradılması, xalqın idealları bir bütün kimi qəbul etməsi və milli ruhu bütövləşdirməsi deməkdir.
Siyasi təqvim sadəcə günlərin ardıcıllığı deyil – o, tarixi necə kütləvi yaddaşa çevirməyi, hansı dəyərləri önə çıxarmağı və
gələcəyə necə baxmağı müəyyənləşdirir.
Bəs “Zəfər Təqvimi” necə qurula bilər? Bizə görə, Müstəqillik günü Zəfərə gedən yolun başlanğıcıdır, Qurtuluş Günü daxili xaosdan xilasdır, Silahlı Qüvvələr günü Cümhuriyyətin yaratdığı orduya ehtiramdır və onların yarımçıq qalan ideallarının İlham Əliyevin ordusunun gerçəyə çevirməsidir, Zəfər günü isə ən ali mərhələyə-ümumxalq arzularına yetişməkdir, deməli, siyasi tariximizi düzgün sıralamaq və birləşdirmək gərəkdir.Prezidentin bəyan etdiyi yeni tarixi dövrdə Zəfərdən sonrakı təqvimimizdə 17 noyabr Milli Dirçəliş, 18 oktyabr Müstəqlliyin bərpası və 20 sentyabr Suverenlik gününü vahid siyasi idealda birləşdikləri üçün onları eyni bir gündə-20 senyabrda Bütövlük və Suverenlik bayramına çevirməyi təklif edirik. Nəticədə Qələbə təqvimimiz düzgün təmələ yerləşir. Əsla hər hansı tarixi günün üzərindən xətt çəkilmir, əksinə, xalqımızın meydan mübarizəsi, müstəqilliyin elanı nəhayət, 2023-cü ilin Xankəndi Zəfəri ilə öz dolğun mənasına qovuşur. Unutmayaq ki, milli azadlıq hərəkatı təkcə imperiyalardan azad olmaq deyil, milli dövlətimizə qarşı son iki əsrlik erməni məsələsinin həlli bizə görə ən böyük müstəqillik və milli azadlıq hadisəsidir”.
13:16 30.09.2025
Oxunuş sayı: 1155