Türkiyə-Azərbaycan hüquqi əməkdaşlığı yeni mərhələyə qədəm qoyur

Türkiyə və Azərbaycan münasibətləri tarixən qardaşlıq və dostluq üzərində qurulmuş, “bir millət, iki dövlət” prinsipi ilə möhkəmlənmişdir. Bu gün də siyasi, iqtisadi, mədəni və hüquqi sahələrdə əməkdaşlıq daim inkişaf edir. Türkiyənin ədliyyə naziri Yılmaz Tunçun Türkiyə Böyük Millət Məclisində (TBMM) Azərbaycan parlament nümayəndələri ilə görüşü bu əlaqələrin gücünü və perspektivlərini bir daha təsdiqləyib. Xüsusilə məhkəmə və hüquq sahəsində əməkdaşlığın dərinləşdirilməsi iki ölkənin qarşılıqlı münasibətlərində yeni imkanlar açır və strateji tərəfdaşlığın əhəmiyyətini göstərir.
Tərəflər arasında ədliyyə sahəsində əlaqələr barədə Crossmedia.az-a açıqlama verən "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti, hüquq müdafiəçisi Əliməmməd Nuriyev bildirib ki, Türkiyə ilə Azərbaycan arasında məhkəmə sahəsində əməkdaşlıq uzun illərdir davam edir. Onun sözlərinə görə, 25-ci Ali Məhkəmə Sədri İnam Kərimovun baş prokuror Kamran Əliyevlə birlikdə həyata keçirdiyi səfərlər bu əlaqələri yeni mərhələyə yüksəldib:
“Ali məhkəmə səviyyəsində Rəqəmsal Məhkəmə İdarəçiliyi və hakimlərin təcrübəsinin artırılması proqramları üzrə razılaşmalar əldə olunub. Baş prokurorluqlar arasında imzalanmış sazişlər isə transmilli cinayətkarlıq, korrupsiya və narkotiklərə qarşı mübarizə istiqamətində istintaq və məlumat mübadiləsi mexanizmini nəzərdə tutur. Ədliyyə nazirləri səviyyəsində isə Penitensiar islahatlar, Elektron Ədliyyə və vətəndaşların hüquqi xidmətlərinin keyfiyyətinin artırılması üzrə yeni razılaşmalar əldə edilib".
Ekspert hesab edir ki, bu əməkdaşlıq bir tərəfdən hakimlərin və prokurorların təcrübə mübadiləsini gücləndirəcək, digər tərəfdən isə vətəndaşların hüquqlarının qorunmasına birbaşa töhfə verəcək: “Türkiyədə yaşayan milyonlarla azərbaycanlı və Azərbaycanda fəaliyyət göstərən türkiyəli sahibkarlar üçün məhkəmə qərarlarının qarşılıqlı tanınması, icrasının sadələşdirilməsi hüquqi müdafiəni daha da operativ və əlçatan edəcək. Düşünürəm ki, bu əməkdaşlıq həm iki qardaş dövlətin ədalət məhkəmələrinin səmərəliliyini artıracaq, həm də hüquqi inteqrasiyanın güclənməsinə xidmət edən mühüm addım olacaq".
Mehriban Yariyeva
12:19 30.09.2025
Oxunuş sayı: 959