Əli Əsədov: Azərbaycanın sənaye transformasiyasında əldə etdiyi nailiyyətlər dünya miqyasında tanınır

Azərbaycanın sənaye transformasiyasında əldə etdiyi
nailiyyətlər beynəlxalq miqyasda tanınır, çünki ölkədə yeni texnologiyaların
tətbiqi və sənayenin transformasiyası üzrə sistemli siyasət aparılır.
Crossmedia.az xəbər verir ki, bunu
Azərbaycanın Baş naziri Əli Əsədov Minskdə keçirilən "Yeni texnologiyalar
ittifaqı: Gələcəyin sənayesinin yaradılması" adlı iclasda deyib.
O, nümunə olaraq qeyd edib ki, SOCAR-ın Türkiyədəki
aktivləri olan "Petkim" və STAR zavodları dünyanın ən qabaqcıl
rəqəmsallaşmış sənaye obyektləri kimi Dünya İqtisadi Forumunun nüfuzlu
mükafatına layiq görülüb. "Bundan əlavə, bu il Azərbaycanda fəaliyyət
göstərən "SOCAR Karbamid" zavodu mükafata layiq görülüb. Bu
nailiyyətlər Azərbaycanın sənaye transformasiyasına iddialı və mütərəqqi
yanaşmasının parlaq nümunəsidir", - Ə.Əsədov bildirib.
Baş nazir vurğulayıb ki, son on ildə Azərbaycan
sənayeləşməni təkcə iqtisadi siyasətin tərkib hissəsi kimi deyil, həm də
uzunmüddətli dayanıqlı inkişafın təməli kimi müəyyənləşdirib:
"Azərbaycanda sənayeləşmə yeni mərhələyə qədəm qoyub. Burada əsas diqqət təkcə
istehsalın artırılmasına deyil, həm də onun səmərəliliyinin və rəqabət
qabiliyyətinin artırılmasına yönəlib. Sənaye zonalarının inkişafı və
investisiya təşviqləri texnologiya, insanlar və infrastruktur innovasiyalara və
ixraca əsaslanan böyüməyə töhfə verdiyi ekosistemlər yaradır".
O, həmçinin əlavə edib ki, dövlət dəstəyi çərçivəsində
sənaye "4.0 Sənayesinə Hazırlıq Proqramı" həyata keçirilir və bu,
qabaqcıl texnologiyaların mənimsənilməsini asanlaşdırır və nəticədə sənaye
müəssisələrinin səmərəliliyini və rəqabət qabiliyyətini artırır.
"Azərbaycan uğurlu sənaye transformasiyasının
əsas amili olan, qabaqcıl texnologiyalar və təcrübə mübadiləsinə imkan verən
beynəlxalq əməkdaşlığın gücləndirilməsinə sadiqdir", - hökumət başçısı
fikrini yekunlaşdırıb.
20:19 29.09.2025
Oxunuş sayı: 880